ABŞ və İsrailin son hava zərbələrindən sonra İran zərər görmüş hərbi tunellərə çıxışı yenidən təmin edib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN yazıb.
Nəşr qeyd edir ki, Tehran qismən dağılmış yeraltı raket obyektlərinə girişin bərpası üçün aktiv addımlar atır.
Məlumata əsasən, tunellərin girişlərinin yaxınlığında ərazinin təmizlənməsi işləri aparılır. Peyk şəkillərində buldozerlər, yük maşınları və digər ağır texnikalar qeydə alınıb.
Bu da İranın tamamilə məhv edilməmiş hərbi infrastrukturunu bərpa etməyə çalışdığı barədə ehtimalları gücləndirir.
"CNN"in mənbələri bildirir ki, ABŞ kəşfiyyatı İranın raket və pilotsuz uçuş aparatları (PUA) potensialının bir hissəsini gözləniləndən daha sürətlə bərpa etdiyini düşünür. Qeyd olunur ki, dərində yerləşən yeraltı obyektləri yalnız hava zərbələri ilə tamamilə sıradan çıxarmaq olduqca çətindir.
Hazırda ABŞ rəsmiləri İranın hərbi potensialının hansı hissəsinin istifadəyə yararlı qaldığını və zərər görmüş sistemlərin hansı sürətlə bərpa oluna biləcəyini qiymətləndirirlər.
Baş verən bu proseslər regiondakı onsuz da kövrək olan atəşkəs rejimi və təhlükəsizlik balansı ilə bağlı yeni suallar doğurur.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp tərəflər arasında razılıq əldə olunmayacağı təqdirdə, Vaşinqtonun İrana qarşı yenidən hərbi ssenariyə qayıtmağa hazır olduğunu bəyan etmişdi.
Bizim.Media
































































































