İranda öldürülən azərbaycanlı qızla bağlı filmin PREMYERASI - FOTO

Hazırda oxunan: İranda öldürülən azərbaycanlı qızla bağlı filmin PREMYERASI - FOTO

139598

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar YARAT Müasir İncəsənət Mərkəzində “Hədis” qısametrajlı animasiya filminin milli premyerası keçirilib.

Azərbaycan Animasiya Assosiasiyasından Bizim.Media-ya bildiriblər ki, rejissoru Nəzrin Ağamalıyeva olan “Hədis” filmi simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır.

“Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib. Ekran əsəri İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.

Tədbirin əvvəlində muğam musiqisi səslənib. Tarzən Əfqan İsgəndərov, xanəndə Mirəli Sarızadə, kamança ifaçısı Fərid Babayev tamaşaçılar üçün “Ayrılıq” və “Qaragilə” mahnılarını ifa ediblər.

Filmin nümayişindən sonra yaradıcı kollektivlə sual-cavab sessiyası olub.

Xatırladaq ki, bu il “Hədis” filmi dünyanın ən böyük və aparıcı animasiya festivalı kimi tanınan Annesi Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə daxil edilib. Film müsabiqədə 112 ölkədən 3250 film arasından seçilib. Qeyd edək ki, qısametrajlı kateqoriyada yarışa cəmi 71 film layiq görülüb. Annesi müsabiqəsinə daxil edilmək Azərbaycan kino sənayesi üçün mühüm nailiyyətdir.

Filmin prodüseri Rəşid Ağamalıyev, məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesovadır, montajçı Jorge Sánchez Calderon, bəstəkar Ondrej Zavadildir. Filmi səsləndirən Zöhrə Kərimi, redaktor Rafiq Məmmədlidir.

Filmin partiturasında Azərbaycanın məşhur musiqiçisi Sevda Ələkbərzadənin mahnısı səslənir.

“ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyi ilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO