4 boksçumuz Avropa birinciliyinin FİNALINDA - FOTO

4 boksçumuz Avropa birinciliyinin FİNALINDA - FOTO

Hazırda oxunan: 4 boksçumuz Avropa birinciliyinin FİNALINDA - FOTO

97063

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinə yekun vurulub.

Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan millisinin 4 üzvü qələbə qazanaraq finalda iştirak hüququ qazanıb.

Məhəmmədəli Aşurəliyev Armandas Kreqzden (Litva) və Artur Avetikyanın (Ermənistan) ardınca gürcüstanlı Levan Demurovi ilə qarşılaşıb. 54 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz bu dueldən də qalib ayrılıb.

O, gərgin keçən döyüşdə 4:1 (29:28, 30:27, 30:26, 29:28, 28:29) hesabı ilə qələbə qazanaraq finala vəsiqə əldə edib. Aşurəliyev həlledici döyüşdə ingiltərəli Adam Maca ilə üz-üzə gələcək.

Yığma üzvü Məhəmmədəli Qasımzadə (57 kq) də finala yüksəlib. Nik Smirnov (Almaniya) və Kallum Karrageri (İrlandiya) mübarizədən kənarlaşdıran boksçumuz yarımfinalda latviyalı Nikolayes Zamyatinsi də məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, finalda bolqarıstanlı Viktorio İliyevlə döyüşəcək.

Oğlanlardan ibarət yığmamız kimi, qızlardan ibarət millimiz də həlledici görüşlərdə 2 idmançı ilə təmsil olunacaq. 48 kq çəki dərəcəsində mübarizə aparan Nərmin Əlizadə çempionluq görüşünə vəsiqə əldə edib. Mahur Marikyana (Ermənistan) qalib gələn idmançı yarımfinalda polşalı Silva Formeladan da güclü olub.
O, 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. Əlizadə finalda ingiltərəli Rubi Vaytla qüvvəsini sınayacaq.

Emili Rzayeva (70 kq) Olqa Filipçuk (Ukrayna) səddini keçdikdən sonra Gül Yılmazla (Türkiyə) üz-üzə gəlib. Boksçumuz yarımfinal görüşünü 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə aktivinə yazıb. O, finalda polşalı Yoanna Araszevskanı sınağa çəkəcək.

Digər boksçumuz Aynur Mikayılova (50 kq) isə bürünc medalla kifayətlənib. Byanka Balintin (Almaniya) və Lamprini Giannakopoulounu (Yunanıstan) məğlub edən idmançı finala gedən yolda ingiltərəli Katerin Pumfri ilə qüvvəsini sınayıb. Rəqib mərhələ adladığından təmsilçimiz 3-cü yeri tutub.

Bu, oğlan və qız boksçuların çempionatının birgə keçirilməyə başladığı 2018-ci ildən sonra yığmamızın rekordudur. Bu müddətdə heç vaxt 4 idmançımız finala yüksəlməyib.

Millinin Avropa birinciliyini 5 medalla bitirəcəyinin rəsmiləşməsi də bu müddət üçün rekord göstəricidir. Həmçinin 2 qız boksçumuzun finala yüksəlməsi tariximizdə ilk dəfə qeydə alınıb.

Qeyd edək ki, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının mübarizə apardığı yarışda final döyüşləri oktyabrın 4-də olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO