EVLİLİKDƏ YAŞ FƏRQİ: - Yaşlı qadın yaxşıdır, yoxsa cavan oğlan? – SORĞU

EVLİLİKDƏ YAŞ FƏRQİ: - Yaşlı qadın yaxşıdır, yoxsa cavan oğlan? – SORĞU

Hazırda oxunan: EVLİLİKDƏ YAŞ FƏRQİ: - Yaşlı qadın yaxşıdır, yoxsa cavan oğlan? – SORĞU

93385

Günümüzdə ailə həyatı və ya ciddi münasibət qurmaq istəyənlər öncəliklə partnyorunun yaşına diqqət etməyə çalışırlar. Kimisi “Yaşın nə fərqi var ki?” deyib, qarşı tərəfin ondan böyük və ya kiçik olmasına əhəmiyyətli hesab etmir. Kimi də, xüsusən qadınlar həyatında olacaq bəyin ondan böyük olmasını arzulayırlar. Buna səbəb kimi yaşı çox olan kişilərin anlayışlı və qadına qarşı sevgi dolu olmasını əsas gətirirlər.

Bu doğrudanmı belədir? 

Bizim.Media mövzu ilə bağlı sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu aparıb. Sorğunun nəticəsinə əsasən, artıq bəylər də münasibətlərində yaş fərqinə, qadının ondan böyük olmasını problem predmentinə çevirmirlər:

Əhməd Muradov: İnsanların fiziki yaşından daha çox, əqli yaşının önəmli olduğunu düşünürəm. Bu evlilik üçün də keçərlidir. Adətən, ölkəmizdə kişilərin qadınlardan daha böyük olması ailə həyatı qurarkən məqbul hesab olunur, əksi isə o qədər də xoş qarşılanmır.

Zənnimcə, qadının kişidən müəyyən qədər, ən çoxu 6-7 yaş böyük olması evlilik üçün ciddi maneə törətməz. Təbii ki, kişinin əqli yetkinlik səviyyəsinə baxmaq lazımdır.

Digər tərəfdən, Azərbaycanda qadınların orta ömür müddətinin kişilərdən daha çox olduğunu, günümüzdə xarici görüntü olaraq qadınların yaşının əvvəlki qədər özünü büruzə verməməsi kimi faktorları nəzərə alsaq, cütlüklər arasında (hansı tərəfin böyük olmasından asılı olmayaraq) 5 yaşadək fərq məqbul sayıla bilər”.

Lalə Manafova: “Mənə görə yaş fərqi əhəmiyyətlidir. Həyat yoldaşım yaşca kiçik olsaydı, onun yanında özümü müdafiədə hiss etməzdim. Aramızda gün fərqi belə olsa, özümü ana kimi hiss edərdim”.

Elvin Qulusoy: “Özümdən 3 yaş böyük sevgilim olub, bütün qohumlar, yaxınlar vətən xaini edirdilər az qala məni. Amma burada mən qəbahət görmürəm əgər xarakter uyğundursa və həmin adamla xoşbəxt olacağına əminsənsə, yaş fərqi elə də rol oyanmır”.

Səmra Rəsulova: “Həyat yoldaşım məndən 14 yaş böyükdür. 16 ildir ki, evliyik heç bir problemimiz yoxdur, çox şükür. O vaxtlar hamı mənə deyirdi ki, yaş keçdikdən sonra fikirlərin dəyişəcək və peşman olacaqsan amma belə olmadı”.

Xarici mənbələrə baxsaq, İngiltərədə aparılan araşdırmalara görə, kişinin qadından 52 ay (4 il 4 ay) böyük olması ideal hesab olunur. Türkiyəli mütəxəssislər isə kişi və qadın münasibətləri üçün ideal yaş fərqini 5-10 yaş aralığını verirlər.

Bəs bizdə bu məsələyə münasibət necədir? 

Psixoloq Gülnar Orucova isə mövzu ilə bağlı açıqlamasında bildirib ki, cütlüklər arasındakı yaş fərqi onların intellektinə uyğun şəkildə dəyərləndirilməlidir:
“Elə cütlüklər var ki, yaş fərqi onların daha da xoşbəxt həyat qurmalarına səbəb olur. Amma elə cütlüklər də var ki, yaş fərqi onları bir növ uğrusuzluğa aparır. Buna səbəb kimi psixoloji, fizioloji məsələləri nümunə göstərmək olar. Bəzən görürük ki, kişilər özlərindən 10-15 yaş kiçik xanımla ailə həyatı qururlar amma zaman keçdikcə münasibətdə problemlər yaranmağa başlayır.

Çünki düşüncə tərzi burada öz sözünü deyir, yaş fərqi nə qədər çoxdursa, fikir ayrılıqları, mübahisələr bir o qədər də çox olur. Baxın, evliliklərdə baş verən xəyanətlərin kökündə də yaş fərqi dayanır. Və kişilər özlərindən yaşca böyük qadınlarla həyat yoldaşlarına xəyanət edirlər.
Səbəb kimi yaşca böyük qadının onu anlamasını, daha olqun davranmasını göstərirlər.

Həmçinin azyaşlı qadınlar kişiləri daha çox bezdirir, olaylara isterik davranır və səbəbsiz qısqanırlar”, - deyə qeyd edən G.Orucova yaş fərqinin artıq ciddi əhəmiyyət kəsb etmədiyini diqqətə çatdırıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO