Şahsuvarın qara damı - 3 GÜN LAÇINDA

Şahsuvarın qara damı - 3 GÜN LAÇINDA

Hazırda oxunan: Şahsuvarın qara damı - 3 GÜN LAÇINDA

93140

İyələr qorudu, yiyələr döndü

Bu dağların, bu dağlardan axan çayların, döşlərdəki pöhrələrin, yamaclardakı ormanların, qoyun-quzunun, mal-qaranın xımır-xımır otladığı örüşlərin, örüşləri qarış-qarış gəzən çobanların qurduğu alaçıqların, hər daxmanın, hər evin, hər qapının öz İyəsi var.

Adətdir, adətdən də çox şaman vaxtlarımızdan qalma inancdır, gərək sahibi evdə olmayan qapılara girəndə, boş kahalara addım basanda, üstü kimsəsiz bulaqlardan su götürəndə salam verəsən, iyələrlə hal-əhval tutasan.

Ulu dədəmin qara damının iyələri verilən salamı bir andaca yeddi arxadönənimə çatdırdılar. İyələrdən illərlə eşitmədikləri dildə xatirlərini sordum, qulaqlarının pası açıldı, 50 il, 100 il, 150 il qabağın adamlarını xəbər aldım, xatirələri təzələndi, yaxşı-yaxşı dağların başında qalalar qurmuş noyonlara xəbər göndərdim, çiçəkləri çırtladı.


Bir cüt akasiya bitmişdi dədəmin qara dam yerində, üçü də aralıdaydı. budaqlarından sallanan yarpaqların yaşılı sarısından çoxuydu. Yapıxmış sarı-sarı otların arasındakı qəmbərlərin ağı da vardı, qarası da. Torpaq gözünün ağı-qarası daşları canına çəkmiş, hava daşların yanaqlarını qızartmışdı. Qənşərdəki Hacılar yalı yalındı.

Ulu Çinar qayası zəhmli və tutqundu. Pəh, Ağoğlan çayının qıjıltısı Ağ qayadan qayıdırdı. Çəmənləri saralmış, yolları daralmış, damlarının nişanası qalmış, el köçkün düşəndən fikrə dalmış, qüssəyə düşmüş, xiffət çəkmiş DƏDƏ YURDun şenliyi olmasa da, mənliyi, ecazkarlığı, ovsunu yerində qalmışdı.

Yiyələr pərən-pərən düşüb buz bulaqlardan bir ovuc su içə bilmək üçün inləyəndə, işğaldan sonra doğulan nəvələr bu yerlərin hekayəsini nağıl kimi dinləyəndə iyələr dağların pənahdarlığını qorumuşdu.

İyələrin varlıq səbəbi də elə buydu ki, yiyələr evdə, yurdda olmayanda, dağa çıxanda, arana enəndə eldən-obadan muğayat olsunlar. Di gəl, son köç uzun çəkmişdi, balam, yaman uzun çəkmişdi. Ermənilər gəlmişdilər, salamsız-kəlamsız, çığıra-çığıra, bağıra-bağıra, üzüm ayağınızın altına, anqıra-anqıra doluşmuşdular kəndə.

Çapıb-talamış, qarət eləmiş, maşın-maşın daşımışdılar obanı. Özlərinə elə bu qara dam yerinin qaşında bir xosma tikmişdilər, qırmızı çardaqlı iri evlərdən bir-ikisini saxlayıb içinə yığışmışdılar, zira məskunlaşa, məskunlaşdıra bilməmişdilər.

İylərindən iyələr də başını götürüb qaçmaq istəmişdilər. Ancaq çıxıb getməzdilər, gedə bilməzdilər heç yana bizim iyələr. Getsəydilər, heylərini, güclərini, təpərlərini itirərdilər. Ermənilər 30 yox, lap 300 il də bu torpaqları işğal altında saxlasaydılar, iyələrimiz yolumuzu gözləyəcək, yolumuzu gözləyə-gözləyə məbədgah dağlarımıza göz-qulaq olacaqdılar.

Nəsillər dəyişə, mühit yenilənə, ümid hətta Allahdan da kəsilə bilərdi, amma yiyələrin qan yaddaşından nə qarı düşməni, nə də qarı qışlağı çıxarmaq olardı.


İyələr bunu bilirdi, lap yaxşı bilirdi, eh, gör nə vaxtdı burdaydılar. Nə-az, nə çox, düz 800 il! İyələr 8 əsr qabaq Yekə Ulusdan bu yerlərə, köhnə əyyamlarda ağ hun tayfalarından birinin adıyla “Süni” deyilən bu yörələrə gələndə də erməniyə rast gəlməmişdilər.

Ağoğlan çayının zümzüməsi macal verməsə də, iyələr dinşəmişdilər ki, lap qabaqlar burada saklar, albanlar, bir-iki dərədə Əhəməni, Sasani hökmdarlarının əmriylə gələn tayfalar yaşayırmış. Qəbilələr vardı ki, İskəndər Zülqərneyndən qalma idilər.

Süni məliki Vasaqın qızını alandan sonra “Babəkin Azərbaycan”ı olmuşdu diyar. Ərəblər tam müsəlmanlaşdıra, səlcuqlar tam oğuzlaşdıra bilməmişdilər. Süninin ağ oğlanları huncanı unuda-unuda ərəblərlə, soydaşları səlcuqlarla dil tapmağa çalışmışdılar.

Boz qurdun ulartısı bu dağlarda hər zaman sasanilərin, xilafətin, Bizansın qara qarğalarının səsini batırmışdı. Çormağan qorçu Ulu Xaqandan- Çingiz xandan buyruq alıb Bağdada yürüyəndə ordu buradan da keçmişdi. Daha doğrusu, keçən keçmiş, qalan qalmışdı. Qalan tümən- “xojora”- keçilməz qalalar tikmişdi. Moğollar xristian ağ hunlara “arxayunlar”, ağ oğlanlar da moğollara “oxçu xalqı” demişdilər. Oxçu xalqı gələndən sonra mahalın adı dəyişib “Zəngəzur”, Zəngəzurun bir nahiyəsinin ismi də “Kıştağ” olmuşdu.

Qalaların başından mahalı xaqan kimi idarə edən Baycu noyonun yurduydu Qışlaq. Çar Rusiyası dövründə və sovetlərin zamanında bu Qarı Qışlaqda Baycunun törəmələri- Eyvazlı, Allahverdi uşağı, İsfənlər, Əjelər, Qəllütlü, Pıtıxlı, Şailər və sonralar kəndlə birləşmiş Şeyx Əhmədli obası yaşayırdı. Mişni, Sadınlar, Qılınclı, Quşçu və digər kəndlər də Gəloxçu idilər.


Zəngəzurda, Qarıqışlaqda, Eyvazlı məhəlləsində, ulu dədəm Şahsuvarın qara damının yerindən bir metr, metr yarım aralıda daşlardan manqal düzəldib kabab çəkiblər. Bir küncə atılmış siqaret qutusundan və su qabından başa düşürəm ki, çoxdanın işi deyil, 44 günlük savaşla Laçın azad olunanda kəndə girən ilk əsgərlərimiz edib.

Əsgərlərimizin bu boyda kənddə hərlənib-fırlanıb gəlib bizim qara damın yerində ocaq qalamaları, kabab çəkmələri daha bir sakrallıqdır. Hə, dədə-babadan qonaq-qaralıyıq, son tikəmizi bölən, çörəyi yeyilən insanlarıq.

“İnsan bu, qıvrım-qıvrım axar ya...” Qıvrılıb dədə yurdumda bir daşın üstündə oturmuşam. Ayağa qalxmaq, ovcuma aldığım üzümü Ağ qayaya- Xojorabərkə tutub qışqırmaq istəyirəm:


“Baycu noyooon, Gəloxçular döndüüüü....”.

Amma hayqırmıram. Hayqırsam, səsim Uluxanlını, Göy düzü, Şivliyi, Cüllərin bağını, Xırman yerini, Körpüqulağını, Tək armudu keçib dağlarda əks-səda verəcək, deyirlər “Sağmal ot” tərəfdə əliklər görsənib, əlikləri ürkütməkdən çəkinirəm.

Şəcərimi yad edirəm: mən Novruzun oğluyam, Novruz Müzəffərin, Müzəffər Abışın, Abış Şahsuvarın, Şahsuvar Nəcəfalının... Ayağa durub Eyvazlı obasının xarabaya çevrilmiş binələrini seyr edirəm. Telefonumda ozan İrfan Gürdel oxuyur:

“Xan Eyvazım gedər oldu...” Hava nisgilli, hava çiskinlidir. Nisgili çiskinindən, çiskini nisgilindən gözəl olan bir havayla sovetlər dönəmində dədələrimin əlindən alınaraq ictimailəşdirilmiş, bir qırağında xəstəxana tikilmiş bağa boylanıram. “Nəcəfalıların bağı” kimi məşhur olan gülüstanın əvəzinə nehrə yağı kimi sap-sarı tala görürəm.

Ulu babam Nəcəfalı ingilis tarixçisi Arnold Toynbidən əvvəlki qərinələrin adamıdır. Dədəm Şahsuvar və onun oğlu Abış “Tarixi şüur” əsərinin müəllifi qədər uzun yaşamayıblar. Barmağımı qatlaya-qatlaya təxminən hesablamağa çalışıram:

Toynbi dünyaya gələndə Şahsuvar dədəmin bığ yeri təzəcə tərləmişdi, o ölənə qədər Şahsuvarın oğlu, nəvəsi, nəticəsi dünyaya gəldi. İkicə il çox yaşasaydı, mən kötücəsi də o zalımoğlunun hava udduğu dünyaya göz açacaqdım. Nə isə, sözüm onda deyil. Sözüm ondadır ki, Toynbi monofizit Qriqoryan kilsəsini “ölü doğulmuş” hesab edirdi.

Roma kimi, Xilafət kimi, Osmanlılar kimi, Səfəvilər kimi, Əfşarlar, Qacarlar kimi imperiyaların küncündə eşələnən bir yığnaq,- bəli, məhz yığnaq- 30 il ərzində nə qurdu Laçında? Qurmaqları gözlərinə girsin, xərabətə çevirdilər.

Laçın şəhərində və Zabuxda iki sarsaq kilsə tikiblər, Ağoğlan məbədinin arxitekturasını dəyişdiriblər, əvəzində daş üstdə daş qoymayıblar. Lənət olsun, son dəfə hansı bayquş ulamışdı buralarda? Bayquş da quşdur, bayquş da totemdir, Laçın da! Ermənilər bayquş kimi ulayır, xaraba qoyur, biz Laçın kimi zirivələrdə qanad çalırıq.

Dinamik toplumuq. Allah sənə qəni-qəni rəhmət eləsin Toynbi, mən həmişə həm də sənin sözünə inanaraq Zəngəzura, Laçına, Qarıqışlağa qayıdacağımıza, bax, dədəmin bu qara dam yerindəki qara daşın üstündə oturacağıma inanmışam.

Bilirdim, səni oxuyandan yəqin etmişdim ki, “ölü doğulmuş” bir yığnaq dinamik gələcək uğrunda lider arayışında olan və prezident İlham Əliyevin timsalında onu tapan bir xalqa əsla qalib gələ bilməzlər. Üstəlik, bu dinamik gələcək arayışı qan yaddaşının çağırışı ilə çuğlaşırsa. Bax, mister, mən də, atam da Bərdədə anadan olmuşuq, amma 30 ildir ki, qan yadaşımız, genetik kodlarımız bizi məhz bura- Şahsuvarın qara damına çağırır.

İndi başa düşürəm, türk-şaman inancındakı “iyələr” elə genetik kodlar, çağırışlar imiş. Göydə Tanrı, yerin altında o iyələr gördü, bildi, duydu ki, biz 30 il sonra yenidən GƏLənOXÇUlar olduq. Amma 30 il boyunca yaldan aşan bir erməni dığası “bura mənim dədəmin yurdudur” deyə bircə qarış yer göstərə bilmədi!


Mərmər başdaşıları daşınmış, künbəzləri uçurulmuş, köhnə qəbirlərdən bir neçəsi salamat qalmış məzarlıqda ayaq saxlayıb mədfunlara dua oxuyuram. Quranı əzbərləyəndə cəmi 5 yaşım vardı. Dədəm Bakıdan kirilcə gizlicə çıxarılmış bir “Quran” nüsxəsi alıb gətirmişdi, dönə-dönə oxumuşdu, mən də dinləyə-dinləyə əzbərləmişdim.

Bir gün yayda Qarıqışlağa gəldim, süfrə yığışılandan sonra böyüklərin istəyi ilə dua oxudum. Ertəsi gün hər kəs bir-birinə duy vurdu: “Kəndə xırdəjə molla gəlib...”. Qarıqışlaqda hər kəsin bir ayaması vardı, o gündən mənim də ayamam “xırdəjə molla” oldu.

Bunu qayıdıb dədəmə deyəndə xeyli güldü- dədəm tünd adamdı, hər saat gülməzdi- dedi ki, nə olar, böyüyüb axund olarsan. Mən nəinki molla, heç dindar da olmadım, amma “xırdəjə molla” olaraq oxuduğum duada çalışdım ki, qələt qırmayım, bu məzarlıqda yatan adamlar Məşədi Molla Mehdinin qiraətini, Şuşa kimi yerdə axundluq eləmiş Molla Kazımın təlavətini eşitmişdi, aralarında Molla Cəfər kimi bilginlər vardı. Hamısına rəhmət dilədim, gəloxçuların son sufisi, qan qohumum Molla Temirin adını isə xüsusi zikr elədim.


Nəcəfalıların bağının girəcəyindəki itburnu utandığından qızarmışdı. Onu utandıran əsrlər boyu dillə deyilən bir bağın indiki halıydı. Çay enişə söyüdlük və keçilməz kolluqdur. Ağacları kəsib aparıblar. Kəsilmiş ağaclardan birinin kötüyü böyrü üstdədir.

Üç gilas, iki qoz, barı kəsilmiş madar armud ağacından və yabanı cır alçadan başqa bir şey qalmayıb. Cır alçalardan birini dərib yeyirəm. O cır və turş, tumturş alça damaqlarıma dədələrimin ağız tamını qaytarır.

Bu yerlərdə bitibsə, onlar da yeyiblər bu alçalardan, mütləq yeyiblər. Elə bağın girəcəyində əmələ gələn itburnunun toxumu da bu torpaqlardadır, gilələrini dərib dəmləyiblər. Bir ovuc alça, bir ovuc da itburnu yığıram Ulu Dədəmin bağından.

Uşaqlarım, cır da olsa, tum-turş da olsa, ömürlərində ilk dəfə ulu babalarının yurdunda bitən alçadan yeyəcək, o bağdan dərilən itburnunun çayını içəcəklər. Onların da ağızları dədələrinin dadına gələcək. Demək ki, işğaldan azad olununan təkcə torpaqlarımız deyil, həm də ömrümüz-günümüzdür.

Taleh ŞAHSUVARLI

06-09.2022- 08-09.2022-

Bakı- Laçın-Bakı

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO