Şuşada yaradıcı insanların iştirakı ilə mətbuat konfransı keçirildi

Şuşada yaradıcı insanların iştirakı ilə mətbuat konfransı keçirildi

Hazırda oxunan: Şuşada yaradıcı insanların iştirakı ilə mətbuat konfransı keçirildi

90810

Avqustun 28-də Mədəniyyət Nazirliyinin “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi)” adlı layihəsi çərçivəsində mədəniyyət paytaxtımız Şuşa şəhərində bir sıra yaradıcı insanların iştirakı ilə mətbuat konfransı keçirilib.

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil olunub.

UNESCO-nun xoşməramlı səfiri xanım Hedva Serin himayəsi ilə baş tutan bu beynəlxalq layihənin əsas məqsədi xarici rəssamların yaratdığı sənət əsərlərinin nümayiş olunması ilə yanaşı, UNESCO-nun fundamental dəyərlərini, o cümlədən davamlı sülhü, mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqini təbliğ etməkdir.

Azərbaycanın UNESCO üzrə milli komitəsinin ikinci katibi Emil Əhmədov layihəyə qatıldıqları üçün iştirakçılara təşəkkürünü bildirib.

Qeyd edib ki, “ArtCamp” UNESCO-nun bir layihəsi olaraq xalqların öz mədəniyyətini, tarixi abidələrini dünyada təbliğ etmək məqsədilə yaradılıb. Layihə zamanı iştirakçılara ölkə daxilində bütün tarixi abidələri ziyarət etmək imkanı yaradılır.

Bildirib ki, Azərbaycan işğalda qalan torpaqlarını azad edib. 30 illik erməni işğalı dövründə yüzlərlə tarixi abidələrimiz dağıdılıb.

Əməkdar rəssam Əsmər Nərimanbəyova ötən il Andorrada keçirilən eyniadlı layihədə iştirak etdiyini söyləyib. Bildirib ki, “ArtCamp” mədəniyyətlərin mübadiləsi üçün gözəl fürsətdir. Bu layihə Azərbaycanı dünyada tanıtmaq üçün çox vacibdir.

Diqqətə çatdırıb ki, iştirakçılar artıq Ağdamı ziyarət edib və oradakı dağıntıları öz gözləri ilə görüblər. Onlara Qarabağın mədəni abidələri barədə məlumat verilib, işğaldan əvvəlki və sonraki vəziyyətlərini şəkillərdə görüblər. İnanıram ki, onlarda artıq müəyyən təəssüratlar yaranıb və bunu rəsmlərində əks etdirəcəklər.

Qeyd edək ki, xarici ölkələrin UNESCO üzrə Milli Komissiyalarının təqdim etdiyi namizədlərin arasından münsiflər heyəti tərəfindən 16 gənc rəssam seçilərək “Youth ArtCamp Shusha and Baku” layihəsinə cəlb edilib.

Layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşa qalasında, Üzeyir bəyin dağıdılmış evində, Bülbülün ev-muzeyində, Vaqifin məqbərəsində, Cıdır düzündə olublar. Şuşa ilə yanaşı, Ağdam, Füzuli və Cəbrayıl rayonlarına da səfər planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO