Bakıda sərxoş müəllim maşınla polis şöbəsinə gəldi, insident yarandı

Bakıda sərxoş müəllim maşınla polis şöbəsinə gəldi, insident yarandı

Hazırda oxunan: Bakıda sərxoş müəllim maşınla polis şöbəsinə gəldi, insident yarandı

85747

Bakıda polis bölməsinə sərxoş halda gələn qadın müəllim barəsində inzibati protokol tərtib edilib. 

Bizim.Media xəbər verir ki, hadisə bir neçə gün əvvəl Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində baş verib.

Orta məktəblərdən birinin müəllimi, 1985-ci il təvəllüdlü Arzu Ağayeva (ad və soyad şərtidir) 102 xidmətinə etdiyi müraciətlə bağlı şöbəyə dəvət edilib. O, idarə etdiyi “Mazda” markalı avtomobillə sərxoş halda şöbəyə gedib və burada polislə arasında narazılıq baş verib.
Nəticədə şöbəni tərk etməyə qərar verən A.Ağayeva içkili halda həyətdəki maşını idarə edərək uzaqlaşmağa çalışıb. Bu zaman o, maşını şöbənin pilləkəninə vuraraq oranı dağıdıb. İdarənin həyətindən maşınla çıxan A.Ağayevanı Binəqədi DYP-nin əməkdaşları saxlayaraq geri qaytarıblar və o, alkotestdən keçirilərək sərxoşluğu rəsmiləşdirilib. Daha sonra polis əməkdaşları 37 yaşlı müəllim barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə tabe olmama) və 511-ci (Xırda quliqanlıq) maddələri ilə protokol tərtib edərək onu məhkəməyə göndəriblər. 

Qafqazinfo.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində protokola baxılarkən A.Ağayeva hadisəni belə təsvir edib:

Baş vermiş bu hadisədən əvvəl yaşadığım evin qarşısında tanımadığım qadın tərəfindən döyülməyimlə bağlı 102-yə məlumat vermişdim.

Məlumat verdikdən sonra baş vermiş hadisənin təsirində olduğum üçün iki badə şərab içmişdim. Təxminən bir-iki saat keçdikdən sonra 4-cü Polis Şöbəsindən zəng gəldi və izahat vermək üçün şöbəyə dəvət edildim. Əvvəlcə saatın gec olduğunu bildirərək etiraz etdim, lakin polis əməkdaşı izahat vərmək üçün elə indi şöbəyə yaxınlaşmalı olduğumu bildirdi.

Oğlumla birlikdə idarə etdiyim “Mazda” markalı avtomobillə 4-cü Polis Şöbəsinə getdim.

Polisə izahat verərkən məndən spirtli içki qəbul edib-etmədiyimi soruşdu və bu zaman aramızda mübahisə yarandı. Polis zabiti içkidən istifadə edərək polis şöbəsinə gəlməyimi nöqsan tutdu və Yol Patrul Xidmətinin əməkdaşlarını çağırdı. Həmin polis zabiti və YPX-nin əməkdaşı olan Nicat adlı şəxs məni videoçəkiliş aparacaqları ilə qorxutdular, şöbəyə kanallardan birini dəvət edib çəkiliş aparacaqlarını dedilər.

Özümü itirib otaqdan çıxdım və avtomobilə mindim. Həmin an avtomobili arxaya verərkən ehtiyatsızlıqdan şöbənin giriş pilləkənlərinə dəyərək bir neçə pilləkəni sındırdım. Bu zaman YPX əməkdaşı mənə “dayan” əmri verdi. Sərxoşluq dərəcəsini yoxlamaq üçün tibbi müayinəyə, avtomobili isə cərimə meydançasına apardılar”. 

Barəsində protokol tərtib edilmiş A.Ağayeva əlavə edib ki, şöbədə ondan döyülməsi ilə bağlı izahat alınmayıb, tibbi ekspertizaya göndərilməyib:

“Polislər oraya telekanalı dəvət etməklə bağlı məni qorxutduqları üçün dərhal polis şöbəsini tərk edərək avtomobilə mindim, həyəcanlı vəziyyətdə avtomobili idarə etdiyindən avtomobili arxaya tərəf hərəkət etdirmək istəyən zaman ehtiyatsızlıqdan şöbənin giriş pilləkənlərinə dəydi və əmlaka zərər vurdu. İctimai qaydanı pozmaq, şöbənin əmlakına ziyan vurmaq fikrim olmayıb”. 
Binəqədi Rayon Məhkəməsi A.Ağayevanın əməlində İXM-nin 535-ci maddəsinin tərkibi olmadığından həmin maddəyə xitam verib. A.Ağayeva 510-cu maddə üzrə təqsirli bilinərək ona 50 manat inzibati cərimə təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO