Bir kənddə doğulub boya-başa çatdılar. Eyni sinifdə təhsil alıb, ömürlərinin 11 ilini ayrılmaz dost oldular. Bənzər taleləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalaraq, əbədiyyətə də bir qovuşdular.
Bizim.Media bildirir ki, İmişli rayonu Məzrəli kəndinin ayrılmaz dostları Elçin Quliyev və Əhliman Mehdiyev Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksəliblər. Hər iki dost tərbiyəsi və qorxmazlığı ilə kənddə böyükdən-kiçiyə hər kəsin sevimlisi olub. Elçin və Əhliman orta məktəbi də bir sinifdə oxuyub, elə kiçik yaşlarından da dost olublar. Nümunəvi şagird olmaları ilə yanaşı, həmyaşıdlarından da seçiliblər.
Mehdiyev Əhliman Rəhman oğlu 2002-ci il may ayının 17-də İmişlinin Mərzəli kəndində dünyaya göz açıb. Şəhid anası Mənsurə Mehdiyeva qəhrəman şəhidlərin xatirəsindən qürurla danışaraq söyləyir ki, Əhliman və Elçinin ömür yolu sanki eyni olub.
Onlar çox sadiq dost olmaları ilə yanaşı, həm də vətənpərvərliyi, qorxmazlığı ilə seçiliblər. Əhliman həqiqi hərbi xidmətə xüsusi təyinatlı hərbi hissədə başlayıb. Sevinirdi ki, hərb sirlərinə dərindən yiyələnəcək. Vətən müharibəsində düşmənə qarşı qəhrəmanlıqla vuruşub.
Onun döyüş yolu Murov dağı istiqamətindən başlayıb. Əhliman həmin ərazidə yerləşən Koroğlu yüksəkliyinin azad edilməsində böyük şücaət göstərib. Növbəti tapşırıq zamanı döyüşçü yoldaşları ilə birgə Ömər Aşırımı adlanan mövqeyi ələ keçirmək üçün hücuma keçib. İki güllə yarası alsa da, döyüşə davam edib. Lakin düşmən tərəfindən atılan artilleriya mərmisi onun yaxınlığına düşüb və Əhliman sentyabrın 28-də şəhidlik zirvəsinə ucalıb.
Əhlimanın şərəfli ömür yolundan fəxrlə danışan atası Rəhman Mehdiyev deyir ki, onun bir çox arzuları var idi. Onlar Elçinlə ayrılmaz dost idilər. Tanrı sanki onları bir yaratmışdı. Bir dəfə olsun səhv etməzdilər, yalan danışmazdılar. "Birinci Elçin hərbi xidmətə yollanmışdı. Bir müddət sonra Əhliman getdi. Əhlimanın bir çox arzuları olsa da, Vətənə olan bağlılığı onun arzularını ikinci plana saldı. Öz təkidi ilə hərbi xidmətə yollandı".
"Onun döyüşlərə yollandığından xəbərimiz yox idi, bizə bu barədə bir kəlmə də olsun deməmişdi. Düşünürdük ki, Bakıda xidmət etdiyi hərbi hissədədir. Hətta istəyirdik ki, hərbi hissəyə gedib onunla görüşək, amma özü şəhid olaraq bizim görüşümüzə gəldi... Şərəfli qısa ömür yolu ilə köçdü bu dünyadan", - deyə atası söyləyir.
Bənzər taleyi Əhlimanın ən yaxın dostu olan Elçin Quliyev də yaşayıb. O, 2001-ci ildə Məzrəli kəndində dünyaya gəlib. Əhliman kimi vətənpərvərliyi ilə seçilib. Elçinin atası Etibar Quliyev deyir ki, o, müharibə başlamamışdan öncə, hələ hərbi xidmətdə olarkən torpaqlarımızı azad edəcəyini bildirirdi. Sanki gələcəyi görürdü, hiss etmişdi. Həqiqi hərbi xidmətə də böyük ruh yüksəkliyi ilə yollandı. Döyüşlər başlayan zaman imkan olduqca əlaqə saxlayırdı. Onun döyüş yolu Suqovuşan istiqamətində olub.
Elçin atası ilə sonuncu dəfə danışanda ondan hər vəziyyətə hazır olmağı söyləyib. Bu danışıqdan bir həftə sonra isə şəhidlik zirvəsinə ucalıb.
Qardaşı Ələmdar bildirir ki, Elçin torpaqlarımızı azad etmək arzusu ilə yaşayırdı və bu arzusuna çatdı. "2020-ci ilin yanvar ayında o xidmətdə olarkən yanına getmişdim. Mənə işğalda olan torpaqlarımızın istiqamətini göstərdi və dedi ki, o yerlərin hər qarışı bizim vətənimizdir. Döyüş əmrinin verilməsini gözləyirdi".
"Onun dostu Əhliman Elçindən qabaq şəhidlik zirvəsinə ucaldı. Oktyabrın 2-də dəfn mərasiminə getmişdim. Sanki Elçin bunu hiss etmişdi. Həmin zaman zəng etsə də, dostunun şəhid olduğunu söyləmədim".
"Mənə dedi ki, ata-anam sənə əmanətdir, evdən muğayat ol. Dostunun dəfnindən bir həftə sonra isə qardaşım Elçin də şəhidlik zirvəsinə ucaldı. Hər iki dost öz şərəfli şəhadəti ilə tarix yazdılar. Əvvəllər şəhid deyəndə Mübariz İbrahimov, Polad Həşimov və digər qəhrəmanlarımızı düşünürdüm. İndi Elçin də onlara qardaş oldu. Bütün şəhidlər mənim qardaşımdır, hər biri ilə fəxr edirəm", - deyə Ələmdar söyləyir.
Ömür yolları və şəhadətləri bənzər olan Elçin və Əhliman ölümündən sonra "Vətən uğrunda" medalı təltif ediliblər. (Azərtac)
Bizim.Media