Səbail Rayon icra Hakimiyyəti sakinləri TƏHLÜKƏDƏ qoyub – Dövlət qurumu niyə qanuna ZİDD GEDİR?

Səbail Rayon icra Hakimiyyəti sakinləri TƏHLÜKƏDƏ qoyub – Dövlət qurumu niyə qanuna ZİDD GEDİR?

Hazırda oxunan: Səbail Rayon icra Hakimiyyəti sakinləri TƏHLÜKƏDƏ qoyub – Dövlət qurumu niyə qanuna ZİDD GEDİR?

74158

Hər yağış yağandan sonra Səbail rayonunun Batamdar qəsəbəsində sürüşmə aktivləşir. Ümumiyyətlə bu ərazi paytaxtın sürüşməyə meyilli ərazisi hesab edilir və uzun illərdir ki, orada yaşayan sakinlərin köçürülməsi problem olaraq qalır. Bu günlərdə qəsəbənin 6 metr eni olan bir küçəsində 15-20 metr məsafədə yol sürüşüb. Vəziyyət belə davam edərsə, yol tamamilə dağılacaq. Hər keçən gün ərazidə çökmə aktivləşir və sürüşmə böyüyür. Sakinlərin aidiyyəti qurumlara müraciətlərinə isə məhəl qoyulmur. 

Sürüşmə təkcə Batamdara aid deyil, Bayıl qəsəbəsində də ekzogen durum bərbaddır.

Maraqlıdır ki, əraziyə cavabdeh olan Səbail Rayon icra Hakimiyyəti təhlükə altında yaşayan sakinləri nəinki köçürür, üstəlik onların aqibəti ilə belə maraqlanmır. İllərdir sakinlərə ayaqlarının altından qaçan torpaqdan köçürüləcəkləri barədə sadəcə quru vədlər verilir. Əməli iş isə Allahın ümidinə qalıb.

Acınacaqlısı isə odur ki, sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi əvəzinə yeni tikililər, fərdi evlər inşa edilir. Əlbəttə ki, yerli icra strikturu və ya bələdiyyənin icazəsi olmadan ərazidə ev tikmək, daş qaldırmaq mümkün deyil. Hələ aktivləşən sürüşməyə görə sənədsiz evlərini satışa çıxara bilməyənlərin üzləşdikləri problemləri dilə gətirmirik. 

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mətbuat katibi Elmar Yaqubov Bizim.Media-ya açıqlamasında tikintiyə icazənin ilk növbədə yerli icra hakimiyyəti tərəfindən verildiyini xatırladıb:
 

MÖVZU İLƏ BAĞLI:

Badamdarda yenə sürüşmə oldu – Şose bağlandı - FOTO


“Qurum olaraq vətəndaş artıq əlində sənədlərlə bizə müraciət edəndə ona çıxarış veririk. Nə tikintiyə, nə də söküntüyə cavabdehik. Sadəcə son mərhələdə mülkiyyət hüququnu dövlət reyestrinə qeydiyyata alan qurumuq. Maraqlansanız görəcəksiz ki, sözügedən sürüşmə zonasındakı evlərin sənədləri belə yoxdur. Ev sürüşmə zonasına düşürsə ona çıxarış da vermirik. Qanun buna icazə verilmir. Hansısa şəkildə sürüşmə zonasında vətəndaşa ev tikilməsi üçün icazə verilir, sonradan çıxarış da ala bilmir. Çünki əlində qanuni sənədi olmur. Ümumiyyətlə sürüşmə zonasında yeni tikintinin aparılmasına yerli icra strukturu, Fövqəladə Hallar Nazirliyi, hətta Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mövqe bilidirə bilər”. 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə isə  Bakının relyefinin müxtəlifliyini nəzərə alsaq, tikinti gedəcək ərazilərin yeraltı xəritələri hazırlanmalıdır:

“Azərbaycanın, xüsusilə paytaxtın bəzi ərazilərində zamanla daimi olaraq sürüşmələr baş verir. Sürüşən zonalar təhlükəli ərazilərdir. Tək sürüşmə yox, çox ərazilər var ki, yeraltı çaylar və qurunt suları üzərindən hündürmərtəbəli yaşayış evləri və qeyri-yaşayış obyektləri tikilir ki, bunlar da birbaşa təhlükə mənbəyidir. Torpaq boşluqları, sürüşməyə və zəlzələyə meyillilik, qurunt sularının olması nəzərə alınmalıdır. Yeraltı xəritə olduqdan sonra həmin təhlükəli ərazilərdə birmənalı olaraq tikintilərə icazə verilməməlidir. Çünki bu gün icazə verilən bir tikinti sabah təhlükə mənbəyinə çevrilə bilər.

Tikinti gedən zaman ən azı 3-4 aidiyyəti dövlət qurumlarının nümayəndələrinin məlumatları olur. Ola bilsin ki, vətəndaş bilmir. Bilsə belə, onun üzərində məsuliyyət birdirsə, ona icazə verən qurumların məsuliyyəti daha artıqdır. Müəyyən müddətdən sonra orada fəlakət baş verərsə, dövlət məcburən həmin vətəndaşa təzminat ödəyib başqa bir əraziyə köçürməlidir. Üstəlik həmin vətəndaşın ailəsində də hər hansı faciə baş yaşana bilər. Ona görə də bu ərazilərdə tikintilərə icazə verilməməlidir”.

Ekspert qeyd edib ki, Bakı palçıq vulkanları ilə zəngin bir ərazidir:

“İstənilən zaman palçıq vulkanının püskürməsi baş verə bilər. Həmin vulkanik dağların ətəkləri fərdi yaşayış evləri ilə sıx örtülüb. Bir vulkan püskürməsi nəticəsində yenə faciələr yaşana bilər. Belə ərazilərdə nəinki tikmək, fərdi evləri sökmək lazımdır ki, zamanla baş verə biləcək fəalkətlərin qarşısı alınsın. Təxminən 20-30 il əvvəlki illərə baxsaq, həmin sürüşmə zonası olan ərazilər şam meşəsi ilə əhatə olunmuşdu.

Şam ağaclarının kökü torpağın altında elə bir kök salır ki, sürüşmənin qarşısı alınır. Bu gün həmin yaşıllıqların məhv olması nəticəsində də təbii proseslər baş verir. Bu baxımdan bu cür ərazilərdə aparılan tikintilərə birbaşa nəzarət edən qurumlar məsuliyyət daşıyırlar. Həmin ərazilər qapalı qoruq sahəsinə çevrilməlidir ki, gələcəkdə belə hər hansı bir vətəndaş orada tikinti işləri aparmasın”.
 

Xatırladaq ki, Nazirlər Kabineti 2016-cı ildə “Azərbaycan Respublikasının ərazisində coğrafi koordinatları müəyyən edilmiş torpaq sürüşməsi təhlükəsi olan sahələrin xəritələrinin təsdiq edilməsi və bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında” qərar imzalayıb.


Qərara əsasən, torpaq sahəsinin mənsubiyyətindən asılı olmayaraq, torpaq sürüşməsi təhlükəsi olan sahələrdə sürüşməyə qarşı tədbirlər istisna olmaqla, tikinti işlərinin aparılması qadağan edilib. Qərarın icrasına nəzarət Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmayıb. Qurumun mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO