“Son illər daha çox Azərbaycan vətəndaşları xarici ölkələrin daşınmaz əmlaklarına yatırım edirlər. Əcnəbilərin Azərbaycanda əmlak almalarına isə çox az hallarda təsadüf olunur”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev əcnəbilərin Azərbaycanda yatırım etməsi məsələsindən danışarkən qeyd edib.
Onun sözlərinə görə hər ay vətəndaşlarımız tərəfindən Türkiyədə və Rusiyada çox sayda, bir hissə isə Avropada, eləcə də digər ölkələrdə əmlaklar alırlar:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda ötən ay neçə daşınmaz əmlakın qeydiyyatı aparılıb?
“Amma bunların statistikası bizə gəlib çatmır. Ölkəmizdə əmlak almaq istəyən xaricilərin böyük hissəsi Azərbaycanda oturum almaq istəyənlərdir. Miqrasiya qanununda qeyd olunur ki, Azərbaycanda yaşamaq istəyən əcnəbi banklarımızdan birinə 100 min manatdan yuxarı yatırım etməlidir, yaxud həmin məbləğdən yuxarı əmlak almalıdır. 5 il ərzində həmin əmlak qiymətləndirilir və daha sonra ona daimi oturum verilir.
Bu gün Bakı şəhərində çıxarışı olmayan 500 mindən çox fərdi həyət evi var ki, heç bir xarici vətəndaş sənədi olmayan əmlak ala bilməz. Yeni tikili binalarda isə 2019-cu ilə qədər daha çox çıxarışlı evlər var idi. Xarici vətəndaşların Azərbaycanın əmlak sektoruna cəlb olunması üçün birmənalı olaraq çıxarışların verilməsi vacibdir. Məhz bu məqam əcnəbilərdə maraq yaradır”.
Ekspert hesab edir ki, ölkənin əmlak sektorunun inkişafı üçün xarici təcrübədən istifadə edilməlidir:
“İnkişaf etmiş ölkələrdəki tikinti sektoru, binalararası məsafə, yüksək komfort, həyət və yaşıllıq nisbətən daha üstün qatdadır. O baxımdan bu gün əcnəbilərin Azərbaycana yatırım etməsi arzuolunan səviyyədə deyil.
Fikrimcə, əcnəbiləri cəlb edə bilməsək də, öz vətəndaşlarımızı yerli əmlaklara yatırım etməsinə cəlb etməliyik. Çünki kənardan əmlak alanda böyük pul kütləsi başqa ölkələrin əmlak sektoruna gedir”.
Qeyd edək ki, xarici vətəndaşlar və hüquqi şəxslər Azərbaycanda torpaq sahəsinin mülkiyyətçisi ola bilməz. Yalnız icarəçisi ola bilər. Bu barədə Torpaq Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndində bildirilir. Həmçinin “Torpaq haqqında" Qanuna görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mənzil əldə etdikdə Azərbaycan Respublikası vətəndaşlarına nisbətdə bir qədər artıq rüsum edirlər.
Alçina Amilqızı, Bizim.Media