2021-ci il dövlət və icmal büdcənin layihələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub.
Azərbaycan Maliyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, 2021-ci il dövlət və icmal büdcənin layihələri “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi ölkənin qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı, habelə dövlətin iqtisadi siyasətinin prioritet istiqamətləri üzrə qarşıda duran vəzifələr əsas götürülməklə tərtib edilib.
Növbəti ilin dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən biri 2020-ci ildə erməni işğalçılarına qarşı zəfər qazandığımız Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasıdır.
İcmal büdcənin göstəriciləri
Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2020-ci illə müqayisədə 1465,1 milyon manat və ya 6,6 faiz çoxdur.
İcmal büdcənin xərcləri 31163,4 milyon manat olacaqdır ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və ya 2,8 faiz çoxdur.
2021-ci ilin icmal büdcəsinin kəsiri 7335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və ya 7,7 faiz azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 faizinə bərabər olacaqdır ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz-bənd azdır.
Dövlət büdcəsinin göstəriciləri
2021-ci il dövlət büdcəsinin gəlirləri 25427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1303,0 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1208,9 milyon manat və yaxud 5,0 faiz çoxdur.
2021-ci il dövlət büdcəsinin xərcləri 28543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və ya 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4117,1 milyon manat və ya 16,9 faiz çoxdur.
Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1 faizi həcmində və ya 18014,0 milyon manat , əsaslı xərclərə 29,2 faizi həcmində və ya 8330,3 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7 faizi həcmində və ya 2198,8 milyon manat vəsait yönəldiləcəkdir.
2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11111,9 milyon manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur.
2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3116,0 milyon manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır.
Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, 2021-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcəkdir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:24 / 21.12.2020
2021-ci ilin dövlət büdcəsi layihəsi parlamentə təqdim edildi
Hazırda oxunan: 2021-ci ilin dövlət büdcəsi layihəsi parlamentə təqdim edildi
Hazırda oxunan: 2021-ci ilin dövlət büdcəsi layihəsi parlamentə təqdim edildi
5853
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.