Bu gün danışacağımız qəhrəman ABŞ-ın Azərbaycandakı keçmiş səlahiyyətli səfiri Metyu Brayzanın dostu şəhid Allahverdi Babayevdir.
Qısa müddət ərzində Amerika Səfirliyinin Diplomatik əməkdaşları ilə əsl dostluq əlaqələri yaradan Allahverdini Metyu Brayza qeyri adiliyinə görə çox bəyənirdi.
O, hətta amerikalı rəsmilələrlə beysbol idman növündə dostluq mübarizəsinə də qatılıb. Allahverdinin şəhid düşməsi xəbərini alan kimi cənab Brayza həm sosial şəbəkədə onun haqqında xoş xatirələrini və kədərlərini paylaşır. Daha sonra isə şəhid qəhrəmanın ailəsi ilə əlaqə yaradaraq onlara şəxsən baş sağlığı verir.
Allahverdi ürəkləri bu cür fəth etmişdi... Onda olan vətən sevgisi isə onun bütün varlığını fəth etmişdi...
Şəhid qəhrəmanı daha yaxından tanımaq üçün Bizim.Media bu gün onun yaşadığı evin qapısı döyüb, atası Ələt Babayev ilə həmsöhbət olub.
Söhbət zamanı öyrənirik ki, o, Vətən müharibəsində xidmətdən artıq hərbi qulluqçu olaraq kiçik çavuş rütbəsində döyüşlərin ən ağır anlarında qəhrəmanlıq göstərib. Atası danışdıqca Allahverdinin necə mənalı və unudulmaz bir ömrə sahib olduğunun şahidi oluruq.
Allahverdi Mingəçevir İslam Unversitetini bitirsə də öz peşəsinin arxasınca gedib ixtisası üzrə işləməkdən birmənalı şəkildə imtina edir.
Atası onunla bağlı xatirələrini yada salır:
"Ailəm dini dəyərlərə çox bağlıdır. Bu mənada Allahverdi də özünə dini təhsili seçmişdi. İslam Universitetinin məzunu olsa da ixtisası üzrə çalışmaqdan imtina etdi, hətta mənim israrlma da məhəl qoymadı. Bir gün mənə dedi ki, “ata, bağışla, bu ixtisas mənlik deyil. Süni-şiə məsələsi mənim ruhuma heç yatmır, bu bölücülükdən ürəyim bulanır”.
Allahverdi Babayev yeniyetmə və gənclik dövründə ictimai fəallığı ilə seçilib. Gənclər təşkilatlarının fəallarından və fərqli müasir xidmət könüllülərindən olub Qardaşı Süheyil Babayev danışır ki, Allahverdi çox istiqanlı, fəal və ünsiyyətcil bir oğlan idi.
Onun döyüş yolu...
Allahverdi Babayevin döyüş yoluna nəzər saldıqda isə əsl qəhrəmanlıq dastanını xatırlamaq olar.
O, ilk dəfə aprel döyüşlərinin iştirakçısı olub və orada düşmənin mənfur gülləsinə tuş da gəlib. Vətən müharibəsi zamanı Talış, Suqovuşan istiqamətində gedən ən ağır döyüşlərin iştirakçısı olan Allahverdi piyadaların döyüş maşınında tuşlayıcı qismində düşmən səddinin yarılmasında böyük hünər göstərib.
Döyüş yoldaşlarının xatirələri...
“Allahverdi o dərəcə cəsarətli və peşəkar oğul idi ki, ağır düşmən atəşi altında zirehli maşından düşüb minaxtaran vəzifəsini də yerinə yetirirdi. O, dəfələrlə döyüş maşınının yolundakı minaları şübhələndiyi anlarda şəxsən özü onu təmizləyərək zərərsizləşdirib. Elə şəhidlik məqamına da bu cür qəhrəmanlıq göstərdiyi anların birində çatıb.
Allahverdi manevr edib ərazini dəyişdiyi zaman yaxın səngərdə yaralı və köməksiz əsgərimizin olduğu xəbərini alır. Yaxınlıqdaki döyüşçü yoldaşlarına israrla “Sizin ailəniz övladlarınız var, siz dayanın. Mən subayam və bu işi özüm görəcəyəm deyərək üzü səngərə tərəf gedir. Allahverdi ora çatıb yaralı əsgəri xilas etsə də özü düşmənin mənfur atəşinə tuş gəlir.
Həmin gün Allahverdi həyatdan xatirələrimizə, qəlblərimizə həmişəlik köç etdi. O, ən uca məqama, şəhidlik zirvəsinı ucaldı, məgər ki, bu illər ərzində Allahverdi elə o zirvəyə yol alıbmış”.
Allahverdi Babayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda ", " Cəsur döyüşçü" və "Suqovuşanın azadlığı uğrunda " medalları ilə təltif olunub.
Ehtiram Muradov, Bizim.Media