Heydər Əliyevin “dayı” dediyi seyidlə məşhur DİALOQU - 40 il əvvəlki görüşün DETALLARI - VİDEO

Heydər Əliyevin “dayı” dediyi seyidlə məşhur DİALOQU - 40 il əvvəlki görüşün DETALLARI - VİDEO

Hazırda oxunan: Heydər Əliyevin “dayı” dediyi seyidlə məşhur DİALOQU - 40 il əvvəlki görüşün DETALLARI - VİDEO

50323

40 il öncə Ağdamın İlxıçı kəndində Ulu öndərin Qarabağın ünlü seyidlərindən biri ilə baş tutan görüşü xatirələrdə dərin iz buraxıb.

Bizim.Media-nın məlumatına görə, həmin unudulmaz görüş 1981-ci ilin iyul ayında Güllücə ilə İlxıçı kəndləri arasında - keçmiş Hüsü Hacıyev adına üzümçülük sovxozunun İlxıçı kəndinə yaxın ərazidə baş tutub.

Öhdəliklərini uğurla yetirdiyinə görə dəfələrlə lider mövqelərdə yer alan bu təsərrüfatın zəhmətkeşləri ilə görüşüb yaxından təmas etmək istəyi ümummilli lider Heydər Əliyevi bu kəndə gətirir.

Dini dəyərlərə və hörmətli el ağsaqqallarına xüsusi diqqət göstərən dahi şəxsiyyətin ziyarətinin bir səbəbi də Qarabağın tanınmış seyidlərindən olan Kərbəlayi Seyid İbrahim oğlu Seyid Zeynalabdin Ağa ilə görüşmək niyyəti olub.

Əvvəlcə, xüsusi quraşdırılmış səhnədə rəsmi çıxışlar baş tutub. O cümlədən, dəyərli el ağsaqqalı Seyid Zeynalabdin Ağa ürək sözlərini bölüşüb. Seyidin həmin anların şahidi olan oğulları hadisəni ailələrinin ən unudulmaz xoş xatirəsi adlandırırlar.

Mirməmməd Əyyubov həmin görüşü belə xatırlayır:

"Atam öz çıxışında Heydər Əliyevə kənddəki, mahaldakı real vəziyyəti anlatdı. Dedi ki, insanların güzəranı və həyat şəraiti sayənizdə çox yaxşılaşıb. Hətta o qədər firəvanlıq yaranıb ki, artıq qadın və qızların ata himayəsinə ehtiyacı qalmayıb. İndi onlar özləri çalışıb, özləri qazanıb ehtiyaclarını rahatlıqla təmin edə bilirlər. Hər kəs sizə Allah qarşısında duaçıdır".

Əyyub Əyyubov isə atasının Ulu Öndərə dediyi sözləri sitat gətirib:

"Biz din adamları, daima Allahdan böyük lider oğlumuzu qorumağı diləyirik. Siz hər dəfə respublikadan kənara çıxdığınız andan ölkəyə dönənə qədər əllərimiz göydn qalır ki, “ya rəbbim, oğlumuz sağ-salamat gedib-qayıtsın”, - atamın bu sözü alqışla qarşılandı.

Heydər Əliyev onu qucaqlayıb öpdü və eynən belə dedi:

“Dayı , yurdumuzda uzunömürlü görkəmli adamlar çoxdur. Sizin kimi şəxsiyyətlər dünyaya yüz ildə, min ildə bir gəlir. Arzu edirəm ki, sən uzunömürlülərin ən uzun ömürlüsü olasan”. Beləcə ümummilli liderlə atam arasında hər kəsin gözü önündə maraqlı dialoq yarandı. Heydər Əliyev atama sonadək “dayı” deyə xitab etdi. Atam da öz növbəsində “böyüyəsən, xeyirli səsin Moskvadan gəlsin” arzusunu ifadə etdi".

Qeyd edək ki, tarixi görüş zamanı ulu öndər seyiddən hansısa köməyə ehtiyacı olub-olmadığını soruşur.

O isə cavabında təşəkkür edərək, “şükür, övladlarım ali təhsillidir. Sizin sağlığınızdan başqa heç nəyə ehtiyacımız yoxdur” deyir. Həmin dialoq sonradan respublikanın televiziya məkanında və mətbuatında geniş əks səda tapır.

Ən maraqlısı da odur ki, görüş sonrası Heydər Əliyev Ağdam rayon Partiya Komitəsinin birinci katibi Sadıq Murtuzayevə tapşırıq verir və bu tapşırıq əsasında Seyid Zeynalabdin Ağaya dəbdə olan VAZ 2106 markalı yeni maşın hədiyyə edilir.

Qeyd edək ki, 1981-ci ildə baş tutan görüş tarixən “seyid ocağı” kimi tanınan bir yerdə keçirilib. O yerki vaxtilə məlum inqilabdan öncə, Kərbəlayi İbrahim Ağanın şəxsi mülkünə aid torpaq yerləri olub. İlxıçı kəndi də əvvəl orda salınıb. Daha sonra təxminən bir kilometr başqa səmtə köçürülüb.

Bir maraqlı məqam da ondan ibarətdir ki, həmin görüş zamanı mətbuat 91 yaşlı seyid haqqında danışırmış. Əslində isə, Seyid Zeynalabdin Ağa 1900-cü il təvəllüdlüdür və həmin görüş zamanı 81 yaşında olub.

Oğlu Əyyubun sözlərinə görə, atası xəstə və üzgün düşdüyü zaman akademik Zərifə Əliyeva dünyasını dəyişir və arzulamağına rəğmən xəstəliyi ona həmin dəfnə qatılmaq imkanı vermir. Övladlarının təbirincə desək, Seyid, ulu öndər Moskvada olanda hər kəsə deyirmiş ki, “inanın, o böyük kişi yenə qayıdıb padşahımız olacaq”.

Ehtiram Muradov, Bizim.Media

 






 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO