Vaksinasiya ilə bağlı yeni müəmma ortaya çıxıb. İcbari Tibbi Sığorta Agentliyi tərəfindən birinci doz qəbul edən vətəndaşların telefonuna ikinci dozun vaxtı ilə bağlı gələn məlumat çaşqınlığa səbəb olub.
Məlumatda qeyd olunub ki, bundan əvvəl qəbul etdiyiniz doz gücləndirici (buster) olmuşdursa, növbəti dozu qəbul etmək üçün yaxınlaşmağınız mütləq deyil. Bu isə buster barədə məlumatsız olan vətəndaşlarda anlaşılmazlıq yaradıb.
Bizim.Media-ya məsələ ilə bağlı müraciət edən vətəndaşın sözlərinə görə İTS tərəfindən aldığı mesajı anlamaqda çətinlik çəkib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda koronavirus əleyhinə 4-cü doza vaksin vurdurmağa İCAZƏ VERİLDİ
“İkinci dozu hələ qəbul etməmişəm. Mesajı oxuyanda elə zənn etdim ki, ikinci doza getməməyim tövsiyə olunur. Amma vaksinin iki dozdan ibarət olduğunu bildiyim üçün, hansısa yenilikdən söhbət getdiyini anladım. Fikrimcə, vətəndaşlara göndərilən mesajların anlamı tam olaraq açılmalıdır. Çünki bu məsələdə vətəndaş tərəfindən yalnışlıq və məsuliyyətsizlik edilə bilər”.
Bizim.Media-ya bu barədə danışan İcbari Tibbi Sığorta Agentliyi məsələyə aydınlıq gətirilib.
Qurumdan bildirilib ki, buster (qüvvətləndirici) doz deməkdir. 2-ci dozdan 6 ay keçdikdən sonra bütün tibb işçilərinin, yaşı 50-dən yuxarı olan əhalinin və immunsistemi zəif şəxslərin 3-cü doz (“buster” doza) ilə peyvəndlənmələri məqsədəuyğun hesab olunur:
“Vətəndaş 2 doz peyvənddən 6 ay sonra üçüncü dozu qəbul etmək istəyirsə, qeydiyyatdan keçir və 3-cü doz üçün növbə götürür. Bu zaman vətəndaşa həm üçüncü dozun, həm də dördüncü dozun tarixi haqda məlumat göndərilir. Şəxs əgər 3-cü dozu, yəni busteri vurdurursa, 4-cü doz üçün məntəqəyə yaxınlaşmağa ehtiyac yoxdur”.
İkinci dozu qəbul etməyən vətəndaşlara buster barədə SMS məlumatın göndərilməsinə gəlincə, qurum bunun xatırlatma xarakteri daşıdığını qeyd edib:
“Göründüyü kimi məlumatda mütləq “buster olunubsa” məsələsi qeyd olunur. Vətəndaşlar da busterin nə olduğunu bilir. Əgər üçüncü doz qəbul ediblərsə, avtomatik olaraq 4-cü doz üçün məntəqəyə yaxınlaşmayacaqlar”.
Məlumat üçün qeyd edək ki, buster peyvəndin gücləndirici dozasıdır. O, müxtəlif infeksiyalara qarşı vaksinasiyada tətbiq olunur. Bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər.
Alçina Amilqızı, Bizim.Media