Seçkilərdən sonra öz siyasi arenasında əvvəldən cızılmış oyunlarını bir-bir həyata keçirən Ermənistanın baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan edib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan: “Azərbaycanla sülh danışıqlarına başlamağa hazıram”
Politoloq İlqar Vəlizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, əslində Paşinyanın sülh çağırışı böyük bir cəfəngiyatdır.
“Erməni tərəfi son vaxtlar təhdidlə Qarabağın statusu ilə bağlı əsassız tələblər irəli sürürlər. Onların sülh istəklərinin arxasında ən birinci bu şərt dayanır. Digər məsələlərə isə ondan sonra nail olmaq istəyəcəklər. Bu da onu göstərir ki, erməni tərəfinin sülh danışıqlarına hazır olması haqqında bəyanatları özü bir cəfəngiyatdır. Çünki bu tələblə Ermənistanın Azərbaycanla sülh danışıqları aparması qeyri-mümkündür”.
Politoloq həmçinin qeyd edib ki, Azərbaycan tərəfinin sülh sazişinə dair şərtləri hamıya bəllidir.
“Bunun üçün Ermənistan birinci növbədə Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanımalıdır. Əks təqdirdə, Ermənistan bir müddətdən sonra yenidən revanşist addım ataraq Azərbaycanın bir hissəsini zəbt etməyə çalışa bilər. Ona görə bu şərtlərlə sülh müqaviləsi haqqında danışmaq boş vədlərdir”.
Poitoloq Tofiq Abbasovun fikrincə isə hazırda Ermənistanın yeganə çıxış yolu Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, iddialarından vaz keçməsidir.
O, qeyd edib ki, Azərbaycanın qalibiyyəti Ermənistanın dağıdıcı potensialını sıfıra endirib.
“Əgər Ermənistan hazırda normal dövlət olmaq istəyirsə, mütləq şəkildə Azərbaycan üzr istəyib, barışığa gəlməlidir. Bundan başqa o Türkiyə Respubikası qarşısında da üzr istəməlidir. Çünki, Ermənistan dəfələrlə onlara qarşı soyqırımı ifadələri ilə çıxış ediblər. Ancaq bu situasiyada itirən erməni xalqının özü olub. Çünki o zamanında öz ixtiyarını peşəkar terroristlərə verdi. Robert Köçəryan və Serj Sarkisyanın da adı bu siyahıdadır. Onlar demək olar ki, hakimiyyətdə olduqları müddətdə ancaq özləri qazanıb ətrafında olanları dolandıraraq, xalqı kasıblıq və yoxsulluqla üz-üzə qoydular. Hazırda Ermənistanın yeganə çıxış yolu Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, iddialarından vaz keçməsidir. Bundan başqa onlar bundan sonra Azərbaycana qarşı heç bir təxribata getməyəcəyini bəyan etməlidir. Ermənistan artıq bu mərhələyə gəlib çıxmalıdır”.
Vüsalə Balayeva, Bizim.Media