“Şamaxı” niyə sponsor tapa bilmir? – Klub rəhbərindən açıqlama

“Şamaxı” niyə sponsor tapa bilmir? – Klub rəhbərindən açıqlama

Hazırda oxunan: “Şamaxı” niyə sponsor tapa bilmir? – Klub rəhbərindən açıqlama

260928

Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən bir çox klubların sponsoru olduğu halda “Şamaxı”da vəziyyət bir qədər fərqlidir. Bölgə təmsilçisi yarandığı gündən hələ ki, ciddi bir himayədar tapa bilməyib. Hazırda klub kimi yalnız dövlətdən ayrılan vəsaitin ümidinə qalan komandanın sponsor tapmaq üçün axtarışları da hələ ki, bir nəticə vermir. 

Bununla bağlı Bizim.Media-ya açıqlama verən klubun idarə heyətinin sədri Elçin Usub sponsor üçün axtarışları həmişə apardıqlarını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Vəli Qasımov bu klubun idarə heyətinə GƏTİRİLDİ


“Biz klub rəhbərliyi olaraq daima komandanın inkişafı üçün yeni tərəfdaşlar tapmağa çalışmışıq və bu sahədə işlər gedir.

Ancaq təəssüflər olsun ki, ciddi bir irəliləyiş yoxdur. Səmimi desək, Azərbaycanda futbola sərmayə qoymaq üçün şirkət tapmaq da çətindir. Bu sahədə hətta biz qonşu Gürcüstandan da geri qalırıq.

Çünki ölkəmizdə futbola biznes yanaşmaları hələ tam formalaşmayıb, futbol daha çox sosialyönümlü bir fenomen kimi qəbul edilir və yerli biznesin ona münasibəti də bu prizmadan irəli gəlir.

Peşəkar futbola məhz biznes yanaşmalarının təşəkkül tapması və beləliklə də, bizim kimi futbol klublarının da daha asan şəkildə biznes tərəfdaşlarına, o cümlədən, sponsorlara qovuşmasına rəvac verən mühitin formalaşması üçün illər lazımdır. Hələ əsas sponsor tapa bilməsək də, bu o demək deyil ki, tərəfdaşlarımız yoxdur.
 

Hazırda 4 şirkətlə əməkdaşlıq edirik, keçən ildən ölkənin idman marketinqi sahəsində ixtisaslaşmış agentliklərindən biri ilə iş birliyimiz var, Futbolun İnkişafı Fondu ilə də paralel işləyirik. Açığı onlardan ciddi umacağımız bir şey yoxdur, çünki başa düşürük ki, regional komanda tək biz deyilik, 30-dan çox belə komanda var, FİF isə təkdir, yəni hamını “xoşbəxt edə bilmək” iqtidarında deyillər. Hər halda bizə yardımçı olmağa çalışırlar”.


Klub rəsmisi həmçinin rayon rəhbərliyinin də onlara dəstək göstərdiyini dedi:

“Şamaxı rayon rəhbərliyi də klub yaranandan bəri komandaya tam qayğı göstərir. Xüsusilə, təşkilati işlərə bizə çox kömək edirlər”.

Elçin Usub eyni zamanda kluba sponsor tapılmasının çətinliyini Şamaxının ənənəvi futbol bölgəsi olmadığı ilə əlaqələndirir:

“Açığı desək, Şamaxı Azərbaycanın ənənəvi futbol bölgələrindən olmayıb.  Burada futbola maraq indi-indi yaranır. Yəqin ki, bu səbəbdən yerli sahibkarlar kluba o qədər də ciddi maraq göstərmir. İndiyə qədər rayonda fəaliyyət göstərən yalnız bir şirkət komandaya kömək göstərməyə çalışıb. Həmin şirkətdən başqa kluba ciddi maraq göstərən olmayıb”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO