Tramp Yaxın Şərqdən böyük sərvətlə QAYIDIR – Ağ Ev İranın nüvə planına GÖZ YUMACAQ?

Tramp Yaxın Şərqdən böyük sərvətlə QAYIDIR – Ağ Ev İranın nüvə planına GÖZ YUMACAQ?

Hazırda oxunan: Tramp Yaxın Şərqdən böyük sərvətlə QAYIDIR – Ağ Ev İranın nüvə planına GÖZ YUMACAQ?

249725

ABŞ prezidenti Donald Trampın Qətərdə səsləndirdiyi fikirlər dünyada geniş müzakirələrə səbəb olub. Amerika lideri qeyd edib ki, Qətər əmiri Şeyx Təmim bin Həməd Al-Sani ABŞ-la İran arasında nüvə fəaliyyəti ilə əlaqədar yaranmış gərginliyi hərbi müdaxilə ilə həll etməsinin qarşısını almaqda mühüm rol oynayıb.

"Əmir İrana, əslində, böyük köməklik göstərir. O, dəfələrlə mənə deyib ki, onlarla danışıqlar mümkündür. İranla razılaşma əldə edilə bilər. Şeyx Təmin İrana ciddi zərbə vurmağımızı istəmir. Hesab edirəm ki, İran Qətər əmirinə təşəkkür etməlidir. Çünki ətrafımdakı bir çox adamlar İrana birbaşa zərbə endirməyi tövsiyə edir", – deyə Tramp Dohada ABŞ və Qətər biznes liderləri ilə keçirilən görüş zamanı bildirib.

Səfər zamanı digər diqqətçəkən məqam isə ABŞ və Qətər arasında 1,2 trilyon dollarlıq əməkdaşlıqla bağlı sazişin imzalanması olub.

Bu vəziyyət isə Yaxın Şərqdə istədiyini alan ABŞ-ın İranın nüvə silahı əldə etmək planına göz yumacağı ehtimallarını gündəmə gətirib.

Tramp İranla bağlı siyasətini dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, Tramp heç bir halda İranın nüvə proqramına göz yummayacaq:

“Əksinə, o çalışır ki, bu problemi dinc yolla həll etsin. Hətta bu alınmasa, Trampın İranı cəzalandıracağı da istisna deyil. Hazırda tərəflər arasında bu istiqamətdə danışıqlar gedir. Bu günə qədər tərəflər 4 dəfə görüşüblər. MAQATE də bu istiqamətdə iş aparır ki, İran uranın zənginləşdirilməsindən imtina etsin. Nüvə silahı məsələsində danışıqlar davam edəcək.

Düzdür, Qətərin milyardları Trampı İran problemini hərbi müdaxilə ilə həll etməkdən əl çəkməyə sövq edib. Trampın Yaxın Şərq ölkələrinə səfəri 1 trilyon dollarlıq müqavilələrin imzalanmasına gətirib çıxarıb. Tramp bu fonda Amerikada öyünəcək ki, ərəb ölkələrindən 1 trilyon dollarlıq qazanc gətirib. Bu da Amerika xəzinəsini hədsiz dərəcədə zənginləşdirəcək”.

Politoloq Tofiq Abbasov isə qeyd edir ki, Tramp İranla müharibənin ölkəsinə böyük çətinliklər yaşadacağını anlayır:

“Bölgədə müharibə başlasa, heç kəs heç nəyin ağına bozuna baxmayacaq. Kimin nəyə gücü çatırsa, onu da edəcək. Qətər İranın müttəfiqidir, aralarında tolerant münasibətlər var. Tramp başa düşür ki, İrana müharibə elan etsə, böyük çətinliklərlə üzləşəcək. Çünki İran sıradan bir ölkə deyil. ABŞ-ın bölgədəki bütün hərbi bazaları onun hədəfindədir.

Vaşinqton ancaq bir mövzuda bağlı İranla razılaşmaq istəyir, bu da nüvə razılaşması məsələsidir.

2015-ci il Vyana razılaşmasına bəzi əlavələr etməklə tərəflər nəticəyə qane ola bilərlər. Burada Amerikanın əsas baş ağrısı İsrail hökumətinin müdaxiləsidir. Amerika özünün aqressiv ritorikasını dayandırmalı, İsrailin baş naziri Netanyahunun siyasətinə uymamalıdır. Amerika hər yerdə şər qüvvəsi kimi qarşılanır. Bu da Trampa lazım deyil. Ona görə də Tramp müharibələrin əleyhinədir. Amma bütün hallarda Tramp İranın nüvə proqramına göz yummayacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO