Son zamanlar Ermənistan baş naziri Nikol Paşinyan yenidən üzünü Moskvaya çevirməyə məcbur olub. Belə ki, Ermənistana Qərbdən gələn yardımlar kəsilib.
Bu istiqamətdə Ermənistana qarşı əsas addımı Tramp adminstrasiyası atıb. Ağ Evin bu ilin fevralında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün xarici yardımlarını 90 gün müddətinə dondurmaq qərarı İrəvan üçün şok effekti yaratdı. 2024-cü ildə rəsmi İrəvan ilə ABŞ və Avropa İttifaqı (Aİ) ölkələri arasında dostluğun möhkəmlənməsi fonunda USAID-in maliyyələşdirilməsi 250 milyon dollara çatsa da, artıq Ermənistan bu yardımdan məhrum olub. Avropa İttifaqı da, Fransa istisna olmaqla Ermənistanla o qədər də maraqlanmırlar.
Belədə, görünən odur ki, Qərbə yaxınlaşmaq kursu götürən Paşinyan artıq bu istqamətdən üz döndərmək ərəfəsindədir. Bu mənada Qərbdən yardımların kəsilməsi fonunda Paşinyanın 9 mayda Moskvaya səfəri də diqqət çəkib. Üstəlik, yaxın vaxtlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun da İrəvana səfər etməsi gözlənilir.
Qərbdən əli üzülən Ermənistan yenidən Rusiyanın çətiri altına sığınır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, İrəvanın yürütdüyü siyasət nə Qərbdə etibar doğurur, nə də Rusiyada səmimi qarşılanır:
“Ermənistanın Qərblə münasibətləri formal müstəvidə davam edir. Lakin bu münasibətlər real əməkdaşlıqdan çox Qərbə yarınmaq cəhdlərini xatırladır. Paşinyan hökuməti demokratik dəyərlərə sadiqliyini nümayiş etdirməyə çalışsa da, praktiki addımlar bu ritorikanın gerçək olmadığını göstərir. Ermənistan bir tərəfdən Brüssel və Vaşinqtonda “islahatçı” obrazını qoruyur, digər tərəfdən isə Moskvaya yönəlik təmkinli və hətta məddahlıq səviyyəsində yumşaq ritorika saxlayır. Bu siyasət nə Qərbdə etibar doğurur, nə də Rusiyada səmimi qarşılanır”.
Ekspert qeyd edib ki, İrəvan Rusiyanın iqtisadi və hərbi çətirinə möhtac qalmaqda davam edir:
“Rusiya ilə münasibətləri tənqid edən Ermənistan eyni zamanda Moskvanın iqtisadi və hərbi çətirinə möhtacdır. KTMT-dən narazılıq bildirən İrəvan bu qurumdan çıxmaq əvəzinə onun imkanlarından faydalanmağa davam edir. Bu, beynəlxalq münasibətlərdə qeyri-sabitlik və tərəfdaşlıq mədəniyyətindən uzaq mövqe kimi qəbul olunur. Qərb siyasi dairələri Ermənistanın açıq mövqe sərgiləməməsindən narahatdır”.
“İrəvan hər iki yardımdan məhrum olacaq”
Həmsöhbətimiz vurğulayıb ki, Paşinyanın xarici siyasəti siyasi alveri xatırladır, burada prinsipiallıq yox, ancaq fürsətçilik mövcuddur:
“İrəvanın Qərbə yönəlik jestləri real iqtisadi layihələr və ya təhlükəsizlik razılaşmaları ilə müşayiət olunmur. Əvəzində Ermənistan zaman-zaman Rusiya ilə yaxınlaşma nümayiş etdirərək, balans saxladığını göstərmək istəyir. Bu isə strateji deyil, taktiki və bəzən də çaşqın addımlar kimi görünür. Belə siyasət fonunda Ermənistan regionda etibarlı tərəfdaş deyil, tərəddüd içində olan zəif həlqə obrazı qazanır.
İrəvan bu ikiüzlü xətlə getməkdə davam edərsə, həm Qərbin, həm də Rusiyanın siyasi kapitalından tədricən məhrum olacaq. Qlobal güclər konkret mövqe və davamlı tərəfdaşlıq tələb edir. Ermənistan isə hələ də bu konkretliyi göstərməkdə acizdir. Türkiyə və Azərbaycanın strateji təşəbbüslərlə regionda mövqelərini möhkəmləndirdiyi dövrdə Ermənistanın bu qeyri-müəyyənliyi onu geosiyasi cəhətdən təcrid riskinə aparır. Məddahlıq diplomatiya deyil, o, siyasi zəifliyin və prinsipsizliyin təzahürüdür”.
Rüfət Sultan, Bizim.Media