Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - VI HİSSƏ

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - VI HİSSƏ

Hazırda oxunan: Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - VI HİSSƏ

249040

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.

Generalın “Son nəfəsə qədər: Bir döyüşün hekayəsi” sərlövhəli oçerkinin VI hissəsini təqdim edirik:

Səssizcə irəli – Geri dönüş bilinməsin

PDM – dəmir və zirehdən ibarət bir qutu idi. Işlək vəziyyətdə olmadığı zaman onun içərisində dayanmaq, sanki soyuducunun dondurucusunda nəfəs almağa çalışmaq kimi idi. Qışın amansız soyuğu zirehli divarları buz kimi dondurur, içəridəki hava isə sanki ağciyərləri donduracaq qədər sərt olurdu. Hər nəfəs aldıqda elə bil ağciyərlərinə buz xəncər sancılırdı.
 

MÖVZU İLƏ BAĞLI:

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - II HİSSƏ

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - III HİSSƏ

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - IV HİSSƏ

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - V HİSSƏ


Ən kiçik bir səhlənkarlıq, ən adi ehtiyatsızlıq bizi həyati təhlükə ilə üz-üzə qoya bilərdi. Texnikanın içində bu vəziyyətdə uzun müddət qalmaq ölümə bərabər idi. Həm də texnika uzun müddət işləmədikdə akkumulyatorlar sıradan çıxır, PDM isə sadəcə bir metal tabuta çevrilirdi.

Buna görə də onu mütəmadi olaraq işə salmağa məcbur idik — batareya “ölməsin”, texnika hər an döyüşə hazır vəziyyətdə qalsın deyə.

Ərazidə olan bir neçə texnikalar eyni qaydada — növbə ilə mühərriklərini işə salaraq, şaxtaya qarşı inadkar bir müqavimət göstərirdilər. Hər dəfə ərazidə olan texnikalardan birinin mühərrikinin səsi gəlirdi. Hamı bir biri ilə əlaqə saxlayaraq növbə ilə texnikaları işə salırdılar.  Yanacaq qıtlığıda var idi. Ona görə yanacağada ciddi qənaət etməyə məcbur idik.

Mən bu vəziyyətdən istifadə edərək texnikanı işə salan zaman mühərriklərinin səsinin fonunda yoldaşlarımızın yanına getməyi planlaşdırdım. Texnikanı işə saldığımızda, yavaş-yavaş irəliləyərək yoldaşlarımıza doğru gedəcəkdik. Yolumuz eniş aşağı olduğu üçün texnikanın çox səs salmayacağını düşünürdüm. Əsas məsələ dönüş zamanı idi – geri qayıdanda yoxuş qalxmalı olacaqdıq. Qarın içində sürüşən texnikanı hərəkətə gətirmək üçün məcburən güclü qaz verməli olacaqdıq. Bu isə səsin ətrafı bürüməsi, irəlidən gəldiyimizin bilinməsi demək idi.

Biz isə diqqət çəkməməli, səssiz-səmirsiz hərəkət etməliydik. Geri dönüş üçün nə isə düşünməliydik...

Həsən PDM-i işə saldı. Texnika aramla, sanki planımızdan xəbərdar imiş kimi, çox da səs salmadan işləyirdi. Daxili rabitə ilə komanda verdim:

– Yavaş-yavaş muftanı burax, qoy öz axarı ilə getsin. Amma enişdə ehtiyatlı ol – axıb harasa girməyək. Sonra hər şey məhv olar.

Həsən "oldu" deyib texnikanı irəli sürməyə başladı. PDM, cilovunu gəmirən və hər an irəli atılmağa hazır olan köhlən at kimi sağa-sola vurnuxaraq sanki əldən çıxıb qaçmaq istəyirdi. Amma cilovu peşəkar birisinin əlində idi. Biz yavaş-yavaş aşağı enirdik.



Dərəyə düşdükdən sonra yolu itirmədən fermanı tapmalıydıq. Oradan sağa burularaq Zərdəxaç kəndini keçib İmarənt Qərvəndə çatacaqdıq. Qarın çoxluğu işimizi çətinləşdirirdi, lakin digər tərəfdən üstünlük də verirdi: heç kimin bizə fikir vermədiyi bir vəziyyət yaranmışdı. Çünki hamı gecənin şaxtasından qorunmaq üçün başını hara gəldi, ora soxmuşdu.

İmarənt Qərvəndə çatanda gecə yarını keçmişdi. 1993-cü ilin 16 fevralı – bu tarixin ilk dəqiqələri həyatımıza səssizcə daxil olur və elə həmin an tarixə çevrilirdi.

Hərəkətə başlamazdan əvvəl bölük komandirinə məruzə etmişdim – qarşımıza yoldaşlarımızdan bir neçəsini göndərəcəkdi.

Yaxınlıqda gözümə kiçik bir tikili sataşdı. Yanında bir neçə nəfər dayanmışdı. Həsənə həmin istiqamətə sürməsini tapşırdım. Çatanda PDM-i saxladıq, amma mühərriki söndürməməyi, texnikanı ehtiyac olan an dərhal hərəkətə hazır vəziyyətdə saxlamağı əmr etdim.

Gətirdiyimiz hər şeyi həmin tikiliyə – köhnə bir tövləyə – boşaltdıq. Buranı anbar kimi istifadə etmək olardı. Gələcəkdə də gətirdiklərimizi buraya boşaldardıq və oradan mövqelərə daşıyardılar.



PDM-i boşaltdıqdan sonra onu bir təpənin arxasında, düşmən istiqamətinə doğru yerləşdirdik.

Həsəni texnikada saxladım və digər yoldaşlarımla birlikdə ərzaq və əmlakın bir hissəsini götürərək bölüyün yerləşdiyi istiqamətə doğru yola düşdük. Qar o qədər dərin idi ki, hər addımımızın qara batıb-çıxması bir əzab idi. 200-300 metrlik məsafəni sanki saatlarla qət etdik. Nəhayət, bölüyün bir hissəsinin yerləşdiyi, kənd mərkəzindəki evə yaxınlaşırdıq ki, qaranlığın içindən qəfil bir səs eşidildi:

— Parol? “Yexlax”

— “Xocalı”, — bizi qarşılamağa gələnlərdən biri cavab verdi.

— Davam edin, — Bu, evin ətrafında keşik çəkən heyət idi, bizi tanıyıb keçməyə icazə verdilər.

Bu ev kəndin şimal kənarında, düşmən tərəfindən görünməyən bir ərazidə , bölüyün mövqedə olmayan heyətinin dincəlməsi və yeməyin hazırlanması üçün seçilmişdi.

İmarənt Qərvənd kəndi Tərtər çayının qolu olan Ağdaban çayının sol sahilində, dağ ətəyində yerləşirdi. Əsasən azərbaycanlıların yaşamış olduğu bu kənddə həyat tərzi çox sadə və ağır olduğu görünürdü.

Çünki ermənilərin yaşadığı Həsənrizdə (o vaxtkı Aterk) evlər mişar daşından tikilmiş, iki mərtəbəli və kürslü idisə, buradakı evlər çay daşından hörülmüş, bir mərtəbəli və alçaq idi. Bəzi evlərin yalnız damı görünürdü – sanki yerə qazılıb içəri yerləşdirilmişdi. Kəndin bu mənzərəsi bizə acı bir reallığı göstərirdi: ermənilər bizim torpaqlarda rahatlıqla, bəy kefində yaşamışdı, biz isə öz torpağımızda əzab-əziyyətlə həyatda qalmaq uğrunda mübarizə aparmışdıq.

Qapıdan əyilərək içəri girdiyim bu “ev” mənə təlimlər zamanı qazıb yerləşdiyimiz blindajları xatırlatdı. Dörd metrənin beş metrə olan bu balaca daxmanın ortasında tonqal yanırdı. Tüstü göz-gözü görməyəcək qədər içəriyə yayılmışdı. Pəncərələr çölə işıq düşməsin deyə müxtəlif vasitələrlə bağlanmışdı. Qapıyada qapını açan kimi içığn qarşısını almaq üçün ədyal tutulmuşdu. Kursant yoldaşlarım tonqalın ətrafında bəziləri uzanmış, bəziləri oturmuş vəziyyətdə idi. Hamısının üz-gözü tonqalın tüstüsündən qapqara idi.  Kimin kim olduğunu ayırd etmək mümkün deyildi. Burada olanlar əsasən ya ayaqları donduğu üçün mövqeyə gedə bilməyənlər, ya da mövqədən gəlib bir saatlıq dincəlmək üçün gəlmiş heyət idi.

Əvvəldə qeyd etdiyim kimi, bölüyə iki mövqedə dayanmaq əmr edilmişdi. Bölük komandiri şəxsi heyəti dörd qrupa bölmüşdü:

1-ci mövqe üzrə: özü və kursantlardan ibarət 1-ci heyət, leytenant Kəşanlı Rizvan və heyəti;

2-ci mövqe üzrə: baş leytenant Babyev Emil və onun heyəti, leytenant Şərifzadə Fuad və heyəti.

Hər heyət bir saatdan bir növbə ilə bir-birini əvəz etməli idi. Belə şaxtalı havada, açıq səma altında, isinmədən bir saatdan artıq mövqedə qalmaq mümkün deyildi. Qayıdan heyət bu evdə az da olsa qızına bilirdi. Mövqedə isə ocaq qalamaq qadağan idi – düşmən istiqamətində bir işıq, bir tüstü həyatla ölüm arasındakı sərhədi müəyyən edə bilərdi. Polkovnik-leytenant Kərimov Zakir ümumi rəhbər olduğuna görə evdə qalırdı. O, ümumi nəzarəti edəcəkdi.

Əlləri və ayaqları donmuş kursantlar arasında Abdullayev Bakir, Əliyev Elşən, Həsənov Elçin, Allahyarov Sabir, Əliyev Rəşad, Səfərov Etibar, Rzayev Dima və Hüseynov Feyzulla vardı. Onların ayaqları o qədər şişmişdi ki, artıq botinkaya sığmırdı. Əllərinə keçən nə vardısa – parçadan tutmuş, kisəyə qədər – ayaqlarına dolamışdılar.

Bölük komandir məni qucaqlayıb,  əlləri ilə kürəyimə vuraraq dedi:

— Çox əla etmisən. Uşaqlar çox əziyyət çəkirlər. Gedəndə ayaqları donmuşların vəziyyəti ağır olanlarını götür, yuxarıdakı evə yerləşdir. Orada yəqin bir həkim tapılar, bəlkə baxarlar. Gec olsa pis olar.

— Oldu, cənab kapitan. Kimi deyirsinizsə, apararam.

— Hələlik Əliyev Elşəni, Allahyarov Sabiri və Həsənov Elçini apar.

— Oldu. İcazə verin, səhərə qədər burada qalım, hava işıqlananda yuxarı qalxaram.

— Amma elə et ki, sonra Nəciməddinlə problem yaşanmasın.

— Narahat olmayın, gündüz yuxarıdakı postda olacağıq.

Tonqala yaxınlaşaraq isinməyə çalışdım. Əliyev Rəşad sağ tərəfini tonqala dirəmişdi. İki ayağının arasına bir vedrə qoymuşdu. Vedrənin içində pulemyot lentləri vardı. O, patronları lentə keçirərək, 100 və 200 patronlu lentləri vedrəyə yığırdı. O, pulemyotçu olan, çüssəli olduğuna görə “Mauqili” cizgi filmindəki “Balu” adlı ayının adını ləqəb olaraq verdiyimiz Abdullayev Bakirin köməkçisi idi. Ehtiyat patronları daşımalıydı. Avtomobillər vurulanda patronların qutularını itirdiyinə görə indi vedrəyə yığırdı. Yanında isə iki ədəd konserva bankası vardı – bulanıq su ilə dolu idi və tonqalın üstündə qaynayırdı.


— Bu nədi, Rəşad? – deyə soruşdum.

— Neynəyim, yolda çoxlu konserva bankası tapdım. Yarısını yeyib atıblar, amma içində azacıq qalıb. Qar doldurub qaynatmışam, bulyon edib içəcəm...

Hamının üzündə bir təbəssüm yarandı. Bu yumor, buz tutmuş ruha az da olsa istilik gətirdi.

— Doğrudan da “dahiyanə” fikirdi, – Həsənov Faiq gülərək dedi.

— Sən də bayaq qarın altındakı otları yeyirdin, yemlik yerinə. Nə olsun ki? – Rəşad zarafatla cavab verdi.

— Neynim, Bakir dedi bu otlar yemlikdi, mən də elə bildim yemək üçündü. Sumqayıtda yemlik görmüşük bəyəm?!

Hamı bu soyuq, çətin və dözülməz vəziyyətdə zarafatlaşmaqla bəlkə də həm ağrılarını, həm də qarşıda onları gözləyən naməlum taleyi unutmağa çalışırdı. Bu zarafatlar yalnız bir gülüş deyil – bir ümid, bir dirəniş idi. Ölümə tən gələn soyuqda, həyatın içində qalmaq cəhdiydi...

Mən bir az qızınıb səhərəyaxın mənimlə Həsənrizə gedəcək heyətə onlara xəbər göndərən kimi PDM olan yerə gəlmələrini bildirərək PDM-ə geri qayıtdım. Mexanik-sürücüm Həsəni qızınması üçün yoldaşlarımın yanına göndərdim. Gecə görüş cihazını işə salaraq düşmən istiqamətini müşahidə etməyə başladım. Heyvalı (xəritədə Drnbon), yuxarı Orataq (Verin Orataq), Qızılqaya (Arutanoqamer), Qozlu (Vaqaus) və Kunqtala (Kətəvan) kəndlərinin ətrafındakı yüksəkliklərdə düşmən mövqelərindən işıqlar gəlirdi. Rahat şəkildə ocaq qalayıb qızınırdılar. Onlara bu arxayınçılığı şaxtalı qış, rus himayədarları və ölkəmizdəki xaosun yaratdığı ordumuzun mənəvi sarsıntısı verirdi.

PDM-in içi dəhşətli dərəcədə soyuq idi. Texnikanı fasiləsiz işlətmək mümkün deyildi. Onsuz da işləsə belə, PDM-in içini qızdıracaq heç nə yox idi. Sovet İttifaqının texnikasında ekipajın rahatlığı heç vaxt nəzərə alınmamışdı. Nə qədər dözümlü və effektiv silahları olsa da, insan amilinə dəyər verilmədiyi açıq-aydın hiss olunurdu. İndi də bölgədəki ən güclü texnikanın içində donurdum. Birazdan Həsən geri qayıtdı. Onun PDM-in mexanik-sürücü üçün olan hissəsinə girməsilə burnuma siqaret qoxusu gəldi. Heç vaxt siqaret çəkməmişdim və çəkənlərə qarşı simpatiyam yox idi. Ona görə dərhal soruşdum:



– Siqaret çəkirsən?

– Bəli. Yemək olmasa da, hər yer siqaretlə doludur. Deyirəm, bəlkə çəkim bir az isinam.

Doğrudan da diqqət etmişdim – hər yerdə filteri olmayan "Prima" siqaretləri vardı. Yemək axtararkən də ən çox rast gəldiyimiz şey siqaret olmuşdu. Deməli, Həsən onlardan özünə  “dar gün” üçün götürübmüş.

– Bəlkə birini də siz çəkəsiniz. Kömək edir, – deyə Həsən oturduğu yerdən geriyə dönərək siqaretin birini mənə uzatdı.

– Kömək edirsə, prob edək də, – deyərək birini damağıma qoyub yandırdım. Bir qullab vurmağımla öskürməyim bir oldu. Boğulurdum. Qüllənin lyukunu açaraq siqareti çölə tullasam da, boğazımdakı acını nə tüpürə, nə uda bilirdim. Əlimi atıb PDM-in üstündən bir ovuc qar götürüb ağzıma qoydum. Qar suya çevrildikdən sonra udub azca sakitləşdim.

– Birdə o siqareti burada görməyim. Kənarda çəkirsənsə, çək! – deyə Həsənə acıqlandım.

Hava işıqlanmağa yaxın ayaqları donmuş üç nəfəri götürüb asta-asta Həsənrizə doğru yola çıxdıq. Hər tərəf sükut içində idi. Bu sükutu yalnız oğrun səslə yuxarı qalxan PDM-in motorunun uğultusu pozurdu. Missiyamızı yerinə yetirmişdik. Sabah gecə üçün isə yenidən hazırlıq görməli idik….

***

Donmuş torpaqda PDM-lə daşınan ümid

1993-cü ilin 20 fevralına qədər gündüzlər Həsənrizənin viran qalmış evlərini qarış-qarış axtarırdıq. Nə tapırdıqsa – bir ovuc ərzaq, bir cüt yun corab, köhnə palaz, taxta, mismar – hamısını toplayıb, hər gecə İmarət Qərvənddəki mövqeyimizə enirdik. Məqsədimiz bir idi: səngərlərdə donmaq üzrə olan yoldaşlarımızı, heç olmasa bir az, bu cəhənnəm soyuğundan qorumaq. Gecələr onlarla birlikdə döyüş mövqelərində növbə çəkir, səhərə yaxın yenidən Həsənrizəyə dönürdük.

Həsənriz (Aterk) və ətrafındakı bütün bölmələrin vəziyyəti hər gün daha da pisləşirdi. Ərzaq, yanacaq, sursat – hər şey tükənmək üzrəydi. Arxadan heç nə gətirilə bilmirdi. Deyilənə görə, ermənilər rusların dəstəyi ilə Umudlu istiqamətində kəşfiyyat-diversiya qrupları çıxararaq yolu bağlamağa çalışırdılar. Bu, artıq mühasirəyə düşə biləcəyimizin işarəsi idi. Arxadan, Umudlu kəndi istiqamətindən bəzən atışma səsləri gəlirdi, amma uzun sürmürdü. O istiqamətdə Sürət Hüseynovun tabeliyində olan 123 saylı hərbi hissənin bölmələri müdafiə mövqelərində idi.

Biz isə nə bahasına olursa-olsun, nəsə tapıb səngərlərə çatdırmalıydıq. Bir dəfə tərk edilmiş bir evdən çoxlu yun corab tapıb gətirmişdim. Yoldaşlarımın gözlərindəki sevinc sözlə ifadə olunacaq qədər deyildi. O an anladım ki, burada hər xırda əşya – bir cüt corab, bir tikə çörək – həyat qədər qiymətli idi.

Şəxsi heyəti qorumaq üçün əlimizdən nə gəlirdisə, edirdik. Çünki şaxta artıq sümüyə qədər işləyirdi. Qarı əritmək üçün saatlarla ocağın üstündə gözləməli olurduq. Dodaqlarımız çatlamış, barmaqlarımızın ucu keyimişdi. Heç kim artıq tonqala yaxın durmağa cürət etmirdi – qorxurdu ki, isinəndən sonra daha dözə bilməsin bu soyuğa. Mövqedən qayıdanlar əllərini qarla ovxalayıb, otağın içində gəzərək bədənlərini tədricən istiyə alışdırırdılar.

Ən təhlükəli anlar isə səngərlərdə, birbaşa qarın üstündə dayanarkən olurdu. Ayağın altında izolyasiya yoxdursa, bilmirdin ilk hansını itirəcəksən – hissini, yoxsa taqətini. Buna görə evlərdən tapdığım hər şeyi – faner, taxta, palaz, köhnə pəncərə-qapı – PDM-lə daşıyır, səngərlərə döşəyirdim. Əsas odur ki, ayaqlar qarla təmasda olmasın.

PDM artıq döyüş maşını deyil, yük maşını idi. Güllə yerinə corab, mərmi yerinə ərzaq daşıyırdı. Amma bu heç kimin vecinə deyildi. Burada yaşamaq – özü bir döyüş idi. Səssiz, görünməyən, lakin ən amansız döyüş...

Don vuran yoldaşlarımızın siyahısı hər keçən gecə uzanırdı. Abdullayev Bakır, Əliyev Rəşad, Səfərov Etibar, Rzayev Dima – son üç gündə hər gecə bir-ikisini dözülməz vəziyyətdə Həsənrizə gətirirdim. Leytenant Şərifzadə Fuadın da vəziyyəti ağır idi – ayaqları donmuşdu, əlində qəlpə yarası vardı. Bölük komandirinin təkidi ilə nəhayət, o da Həsənrizə getməyə razı oldu. Oradakı heyətə rəhbərlik etməliydi. Çox çətinliklə batalyonlardan birindən həkim tapdıq. Əlindən nə gəlirdisə, etdi. Ayaqları, əlləri şişmiş, qaralmış yoldaşlarımız bir az da olsa özlərinə gəlmişdilər.

Hələlik gecələr ön xəttə gedib-gəlməyimizdən kimsənin xəbəri yox idi.

Bu gün düşmənin hərəkətlərini daha diqqətlə izləməyə qərar verdim. Polkovnik Kərimov mənə demişdi ki, birinci mövqedən binoklla baxarkən Çapar kəndindəki düşmən mövqeyində Don kazaklarını görmüşdü. Sovet ordusunda uzun illər xidmət etmiş biri kimi onları dərhal tanımışdı – duruşları, hərəkətləri, baxışları, papaqlar və ən əsası şalvarlarının yan hissəsində qırmızı zolaqlar... Onların orada olduğunu təsdiqləmək üçün PDM-in müşahidə cihazları ilə baxacaqdım. Amma əvvəl bu barədə kəşfiyyat bölüyünə məlumatı çatdıracaqdım ki, onlar da bu barədə öz briqada komandanlığına məlumat versinlər. Bəlkə hansısa bir qərar qəbul edilərdi bu barədə və ya daha yuxarıya çatdırardılar. Çünki bu, başqa ölkənin döyüşçülərinin ermənilər tərəfində vuruşduğunu sübut edən ciddi bir fakt idi. Amma bunun bizim düşdüyümüz vəziyyətə nə qədər kömək edəcəyini isə bilmirdim.

Lakin deyilənə görə, 703 saylı briqadanın komandiri və qərargah zabitlərinin əksəriyyəti artıq Həsənrizi tərk edərək Ağdərəyə getmişdilər. Hazırda bu ərazidəki bölmələrə Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsindən göndərilən polkovnik-leytenant Elbrus Orucov rəhbərlik edirdi.

Həsənrizə qayıdan kimi ilk işim yoldaşlara baş çəkmək oldu. Hər kəs ağrı-acısıyla baş-başa qalmışdı. Amma bir məsələ hamının əsəblərini tarıma çəkmişdi: Rzayev Dima. Dima bizim bölüyün əşya-əmlak üzrə cavabdeh əsgəri idi. Sovet dövründə belə əsgərlərə "kaptyorşik" deyirdilər. Qaldığımız evdən bir dəftər və qələm tapıb, hər kəsin üzərində olan və olmayan əşyaları siyahıya almağa başlamışdı. Yoldaşlar isə buna acıqla yanaşırdı:

– Biz burada ölüm-qalım savaşı veririk, sən əşya sayırsan?!

Amma mən onu qınaya bilmirdim. Cəmi 18 yaşı vardı. Bəlkə də bu xaosun içində nəyəsə nəzarət etməyə çalışır, özünü toparlamaq üçün bu üsula sığınırdı.

Mən olmayanda Əliyev Rəşad buşlatının cibindən üç ədəd "taxta" peçeniye tapmışdı. Saymışdılar – doqquz nəfər idik. O üç peçeniyeni doqquz yerə bölmüşdülər. Və hər kəs öz payından bir tikə kəsib leytenant Şərifzadəyə vermişdi. Mənim və Aydınov Həsənin payını isə peçeniyenin kağızına büküb qoruyaraq saxlamışdılar.

Bu, acı içində insanlıq və yoldaşlıq adına əvəzsiz bir jest idi. Hələ də xatırlayıram – neçə gündür dilimə heç nə dəyməmişdi... O peçeniyenin dadını, o paylaşımın verdiyi istiliyi heç zaman unuda bilmərəm.

Həsənin də payını götürüb kəşfiyyat bölüyünün yerləşdiyi evə yollandım. Artıq neçə gündür kəndi qarış-qarış gəzdiyimiz üçün kəşfiyyatçılarla tanış olmuşduq. Onlar bizə dayaq dururdu. Vəziyyətləri bizimkindən betər idi – nə düzgün ərzaqları, nə də yetərincə sursatları vardı. Üzləri şaxtadan qaralmışdı. Amma o qaralığın altında yorğunluq, ümidsizlik, dərinə gizlədilmiş bir boşluq var idi. Onu gizlətməyə çalışırdılar – gözlərini yayındırır, üzlərini yana çevirirdilər.

Özüm də Ali Hərbi Məktəbdə Desant-Hücumçu tağımında olduğum üçün onlara ayrı bir rəğbət bəsləyirdim. Həm heyranlıq, həm hörmət...

Məlumatı bölük komandirinə çatdıranda, sakitcə dedi:

– Bilirik, qardaş. Bu məlumat bizdə də var. Hətta sənə dah artığını deyim – rus desantları da gəlib. Harada yerləşdiklərini hələ bilmirik.

Kəşfiyyatçıların düşmən arxasına keçməsi mənim üçün həmişə fövqəladə igidlik nümunəsi olub. Onlara qeyri-adi gözlə baxırdım. Soruşdum:

– Nə vaxt gedəcəksiniz?

Məni süzərək:

– Neynirsən ki?

– Mən də getmək istəyirəm. Düşmənin nəyi var, haradadır, görmək istəyirəm. Komanda veriləndə, biləm hara və necə vurmaq lazımdır.

Gülümsədi, bir az da istehzalı:

– Baxarıq... Hələ vəziyyət qeyri-müəyyəndir. Komandanlıq Ağdərədədi. Onlarla da əlaqəmiz yoxdu. Bizim rabitənin də batareyası bitib. Elektrik də yoxduki, dolduraq.  Nəsə olsa, sənə deyərəm.
 

Bu düşüncələrlə PDM-ə qayıtdım. Hazırlıqlara başladım. Həsənə dedim ki, bu gecə bəlkə aşağı enməyəcəyik. Abdullayev Bakır ilə növbə çəkərlər. Silahımı təmizlədim, daraqlarımı, qumbaraları döşlüyümə yerləşdirdim. Tapdığım yun corablardan birini də ayırdım – ehtiyat üçün. Anamın göndərdiyi qazana yığdığım tapdığım armudları isə ciblərimə qoydum – acanda, atardım ağzıma.


Amma bədənim yorğun idi. Yuxusuzluq məni tükətmişdi. Bir az yatmalıydım, yoxsa taqətim qalmazdı. Desant bölməsində sağ böyrüm üstə uzandım, ayaqlarımı qarnıma tərəf yığaraq desant bölməsinə yerləşməyə çalışdım. Gözümü yumduğum kimi yuxuya getdim...

Yuxumda ilk gəldiyimiz günün dəhşəti canlandı. Hər yandan üstümə qan və ət parçaları yağırdı. Əllərim və ayaqlarım donub yerə yapışmışdı. Qışqırıqlar, iniltilər... Göz qapaqlarım qanla yapışmış, açıla bilmirdi. Düşmən tankı yaxınlaşırdı, amma nə gözümü aça bilir, nə də hərəkət edə bilirdim. Son gücümlə əllərimi yerə basıb qalxmağa çalışdım...



Elə bu an ayıldım. Həsən məni silkələyirdi. Üzündə narahatlıq vardı:

– Bayaqdan çırpınırsız. Elə qışqırırdız ki…nəsə olub?

 – Heç nə... Yaman pis yuxu idi…

Ətrafa baxdım. Hava qaralırdı.

– Kəşfiyyatçılar keçməyiblər ki?

– Yox. Keçsəydilər, bilərdim.

Bizim PDM-in mövqeyi elə bir yerdə yerləşirdi ki, ön xəttə gedən hər kəs mütləq yanımızdan keçməliydi. Bu isə o demək idi ki, hələlik heç kim keçməyibsə, demək, hər şey qaydasındaydı.. Daxilimdə bir az da olsa rahatlıq tapdım.

Bölük komandiri ilə əlaqə saxladım, bu gecə enə bilməyəcəyimi bildirdim. Amma kəşfiyyatçılarla ön xəttə gedə biləcəyim barədə heç nə demədim. Bilirdim ki, desəydim, icazə verməyəcəkdi. Çünki bu bir neçə gündə onun tabeliyində olanların qayğısına necə qaldığını, onları necə qoruduğunu öz gözlərimlə görmüşdüm. Təkcə bir komandir kimi yox, əslində bir ata kimi davranırdı – sərt, tələbkar, amma həmişə arxamızda.

ARDI VAR...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO