Sabirabad şəhəri, Heydər Əliyev prospekti 254 ünvanında yerləşən və Behbudov Orxan Fazil oğluna məxsus “Gəncə Təndiri” çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsi tərəfindən növbədənkənar yoxlama aparılıb.
Bizim.Media xəbər verir ki, yoxlama zamanı müəssisədə bir sıra ciddi gigiyenik və sanitariya pozuntuları aşkarlanıb. Un məhsullarının düzgün saxlanılmaması, işçilərin tibbi müayinədən keçməməsi, soyunub-geyinmə otaqlarının olmaması və əlyuma çanaqlarının quraşdırılmaması əsas nöqsanlar sırasındadır.
Bundan əlavə, müəssisədə tullantıların düzgün toplanmaması, təmizlik jurnallarının olmaması, temperatur rejiminə nəzarət vasitələrinin təmin edilməməsi və işçilərin gigiyenik təlimlərə cəlb edilməməsi də müəyyən olunub.
Aşkar edilmiş pozuntularla əlaqədar müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib və “Gəncə Təndiri”nin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Sabutay Nağıyev, Bizim.Media, Cənub Bürosu