Ölkə üzrə uşaq bağçalarında təhsilin səviyyəsi ilə bağlı dəyişikliklərin edilməsi planlaşdırılır. Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev deyib.
Bəs hansı yeni tələblər irəli sürüləcək? Sertifikatlaşdırma prosesi necə həyata keçiriləcək?
Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya danışıb.
Onun sözlərinə görə məktəbəqədər təhsil müəssisələrinin ilkin sertifikasiya prosesində bir çox qeyri-ixtisas müəllimləri kənarda qalacaqlar.
“Məlum olduğu kimi, 2022-ci ilədək məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətlərinin tabeliyində idilər. Burada fəaliyyət göstərən tərbiyəçilərin və rəhbərlərin əksəriyyəti qeyri-ixtisas sahibi olublar. 2022-ci ildə ölkə başçısının sərəncamından sonra təhsilin bütün pillələrinin vahidləşdirilməsi məqsədilə bütün məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirildi. Bundan sonra artıq kadr, qidalanma rasionu, müəsssiələrə ciddi nəzarətlə bağlı məsələlərlə əlaqədar olaraq fəaliyyət planı hazırlandı.
Şübhə etmirəm ki, ilkin sertifikasiya prosesində kifayət qədər qeyri-ixtisas sahibləri olan müəllimlər keçə bilməyəcək və kənarda qalacaqlar. Elm və təhsil nazirinin tərbiyəçilərdən başqa yeni işə götürülənlərlə bağlı da çağırışı olmuşdu. O bildirmişdi ki, bundan sonrakı dövr üçün yalnız ali təhsilli ixtisaslı mütəxisslərlə davam ediləcək. Bu fikir kollec təhsilli kadrlarla bağlı müəyyən gərginliklərə səbəb olmuşdu”, - o vurğulayıb.
Ekspert qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində hazırda kollec təhsilli müəllimlərə məhdudiyyət qoyulmur.
“Artıq onlar da bu imtahanlarda iştirak edib tərbiyəçi kimi fəaliyyət göstərə biləcəklər. Bu baxımdan belə bir dəyişikliyin gərginliyin aradan qalxmasında da rol oynayacağını düşünürəm”,- deyə M.Məmmədli fikrini yekunlaşdırıb.
Ayşən Rəhim, Bizim.Media