İyunun 10-da 2021-ci ilin ilk günəş tutulması baş verəcək. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, tutulma həlqəvari Günəş tutulmasıdır.
Tutulma hadisəsi 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Tutulmanın maksimumu 14:43:06-da olacaq. Tutulma hadisəsi 4 saat 59 dəqiqə davam edəcək.
Bu günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali, Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okeanı və Arktikada müşahidə olunacaq. Azərbaycan ərazisində isə bu hadisə müşahidə olunmayacaq.
Bəzi mütəxəssislərin fikrincə, bu cür təbiət hadisələrinin insan orqanizminə, işlərinə, ümumiyyətlə psixologiyasına xüsusi təsirləri olur. Lakin bunu təkzib edən elm adamları da var.
MÖVZU İLƏ BAĞLI :
Sabah ilin ilk Günəş tutulması baş verəcək
Bəs, əslində vəziyyət necədir və günəş tutlması insana necə təsir edir?
Astroloq Səbuhi Rəhimli Bizim.Media-ya açıqlamasında bildirib ki, Əkizlər bürcünün 20-ci dərəcəsində baş verən bu kosmik hadisə planetin demək olar ki, bütün şimal yarım kürəsində özünü göstərəcək.
“Qeyd etdiyim kimi tutulma zamanı ay əkizlər bürcündə olacaq, bu zaman insanların düşünmə qabiliyyətləri, dünyagörüşləri xeyli aktivləşəcək. Bu zaman kəsiyində hamı dəyişiklikləri sakit qəbul edir. Yüngül xasiyyətli, öz sözlərinə, hərəkətlərinə cavabdeh olmayan insanlar xeyli fəallaşır”.
Astroloq bu zaman insanlara uğur gətirən və başlanmasına məsləhət görülməyən işlərdən də danışıb.
“Bu dövrdə ünsiyyət yaratmaq, əlaqədə olmaq, qısa müddətli işlərə başlamaq, xəbər və informasiya mübadiləsi aparmaq, reklam vermək, radio və televiziya verilişlərində iştirak etmək çox uğurludur. Eləcə də ticarət müqavilələrinin bağlanması, yeni peşə növlərinin öyrənilməsi üçün çox münasib məqamdır.
Ay əkizlər bürcündə olanda uzunmüddətli işlərə başlamaq, məhəbbət, nigah və partnyorluq məsələlər keçirmək məsləhət görülmür. Eləcə də daşınmaz əmlakların alqı-satqısı, işə yeni əməkdaşların qəbul edilməsi üçün o qədər də münasib vaxt deyil. Uzaq səfərə də çıxanda ehtiyatlı olmaq lazılmdır”.
S.Rəhimli gün tutulmasının insan orqanizminə fiziki təsiredici amillərindən də söz açıb. Onun fikrincə bəzi xroniki xəstəliklərdən əziyyət çəkən insanlar daha diqqətli olmalıdır.
“Sağlamlıq baxımından isə deyə bilərəm ki, bu zaman kəsiyində ağciyərlərin, tənəffüs yollarının həssaslığı artır, əllər, çiyinlər zəif olurlar. Bu ərəfələrdə osteoxondroz və revmatizm xəstəlikləri kəskinləşir. Təngənəfəslik yaranır, orqanizm bürküyə, tütün qoxusuna, işlənmiş qazlara daha həssas olur. Ona görə təmiz havada çox gəzmək lazımdır.
Otaqların havası tez-tez dəyişilməlidir. Kondisionerdən uzaq olmaq vacibdir. Bundan başqa əldə ağır yük daşımaq olmaz. Çalışın bu günlərdə uşaqlara peyvənd etməyin. Ümumiyyətlə, uşaqlara iynə vurdurmaqdan çəkinin”.
Psixoloq Fərqanə Mehmanqızı isə düşünür ki, bu cür hadisələrin insan psixoloqiyasına təsiri onun özündən asılıdır.
“Əgər bir insan bu haqda ciddi maraqlanırsa və bütün günü o bu haqda düşünürsə sözsüz ki, bu ona təsir edəcək. Yox əgər adi, təbii hadisə kimi qəbul edəcəksə, bu ona təsirsiz ötüşəcək, heç bir psixoloji narahatlıq keçirməyəcək. Necə ki, ildırım, külək, yağış təbiət hadisəsidirsə, eynən də günəş tutulması da bu qəbilədəndir.
Ümimiyyətlə hər bir təbiət hadisəsi insan psixologiyasında xüsusi təsir buraxır. Hər hadisəyə yanaşma insan baxışından, xarakterindən asılıdır. Məsələn gözəl hava olanda insan əhval- rühiyyəsinə təsir edir, enerjiləri qalxır, pis, tutqun hava olanda isə qəmgin olurlar. Bəzən isə yağışlı hava onlara daha gözəl gün bəxş edir. Düşünürəm ki, gün tutulmasında da eyni vəziyyət yaşayırlar”.
Psixoloqun fikrincə hətta fiziki xəstəliklərə də psixoloji aspektdən yanaşmaq lazımdır. Çünki əgər insan hansısa xəstəlikdən sağalmasına içdən inanırsa, o mütləq şəfa tapır.
“Psixoloji amillərin insanlara çox böyük təsiri var. Hər bir hadisədə və ya xəstəlikdə də bu özünü biruzə verir. Əgər insan bir işin uğuruna inanırsa o iş mütləq şəkildə müvəffəqiyyətlə başa çata bilir. Ona görə psixoloji aspektlər baxışa və xarakterə bağlıdır”.
Vüsalə Balayeva, Bizim.Media