Xətai rayonunda yeni salınmış yaşıllıq zolağı laqeydlik ucbatından quruyur.
Məsələ ilə bağlı yerli sakinlər Bizim.Media-ya müraciət ediblər.
Sakinlər bildirirlər ki, bir neçə ay əvvəl 8 Noyabr prospektində yol boyu əkilən ağaclar sürətlə qurumağa başlayıb. Sakinlərin fikrincə, ağacların qurumasına səbəb onların daşlı-betonlu yerdə əkilməsidir. Həmin ağacların hər birinin 250-300 manata alınıb gətirildiyi bildirilir.
Sakinlər onu da qeyd ediblər ki, ağaclar divarlara çox yaxın əkildiyi üçün gələcəkdə onların böyümə imkanları da yoxdur. Çünki ağacların üzərində qoruyucu divarlar var.
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək istədik. İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov Bizim.Media-ya açıqlamasında bildirib ki, məsələdən xəbərdardırlar:
“Prospektdə əkilən ağacların bəziləri quruyub. Ona görə də bu gündən başlayaraq quruyan ağaclar yenisi ilə əvəzlənir”.
Şöbə müdiri ağacların divara çox yaxın əkilməsinin ziyanlı olması fikirləri ilə razılaşmayıb:
“Ekzotik cəhətdən gözəl görünsün deyə belə əkilib. Onların böyüməsində heç bir problem yoxdur”.
Surxay Atakişiyev, Bizim.Media