Dekabrın 3-də Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, evdə partlayış baş verməsi səbəbilə xəsarət alan 1949-cu il təvəllüdlü şəxsin (kişi cinsli) müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.
Qeyd olunub ki, onun vəziyyəti hazırda ağır-stabildir: ”Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir”.
Bundan başqa, Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü şəxsin isə (qadın cinsli) müalicəsi Reanimasiya şöbəsində aparılıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub.
Qeyd edək ki, dekabrın 3-də Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib. Evdə olan 2 nəfər xilasedicilər tərəfindən çıxarılaraq xəstəxanaya göndərilib.
Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Aidə Həşimova və Qasım Həşimov olduğu açıqlanıb.
Bizim.Media