"Sputnik V” də gətirildi – Vətəndaşın peyvənd seçmək hüququ varmı?

Hazırda oxunan: "Sputnik V” də gətirildi – Vətəndaşın peyvənd seçmək hüququ varmı?

21520

Bu gün Azərbaycanda “COVID-19” xəstəliyi əleyhinə Rusiya istehsalı olan "Sputnik V” peyvəndinin tətbiqinə başlanılıb. Məlumdur ki, bu ölkəmizdə tətbiq olunan üçüncü peyvənddir.

Bundan əvvəl Çin istehsalı olan “CoronaVac”, İngiltərənin Oksford Universitetinin hazırladığı əvvəl “AstraZeneca”, sonra isə “Vaxzevria” adlanan peyvəndlər tətbiq olunmağa başlanıb.

Qeyd edək ki, hələ də, ölkəmizdə koronavirusa qarşı vaksinasiya prosesinə yanaşma birmənalı deyil. Peyvənd olunmağı vacib hesab edənlərlə yanaşı, vaksinlərin effektivliyinə şübhə ilə yanaşanlar, hətta zərərli olmasını düşünərək, vaksinasiyadan imtina edənlər də var.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu gündən "Sputnik V” vaksininin tətbiqinə başlanılır


Bu cür yanaşmanın mövcud olması isə heç də əsassız deyil. Çünki təqdim olunan peyvəndlərin tərkibləri, hazırlanma metodikası, effektlivliyi ilə bağlı məlumatlar demək olar ki, yoxdur. 

Bundan başqa vaksinasiyasının yan təsirləri, ağırlaşmalar, hətta konkret olaraq “AstraZeneca” peyvəndinin ölümlə nəticələndiyi barədə dünya mətbuatında bir sıra məlumatlar yer alıb. Adıçəkilən vaksindən Avropa ölkələrinin imtina etməsi də Azərbaycanda ehtiyatlı yanaşmanı daha da möhkəmləndirdi.

Tətbiqinə başlanan “Sputnik V”-ə gəlincə, demək olar ki, ölkədə Rusiyanın dərman istehsalı təcrübəsinə şübhə ilə yanaşanların sayı da az deyil. 

Beləliklə, insanların seçim qarşısında – “hansı peyvənd daha effektivdir?” sualı ilə üz-üzə qalması realdır. Bu sual qarşısında vətəndaşlara peyvənd seçimi azadlığı verilirmi? 

Azərbaycan Tibb Universitetinin müəllimi, farmakoloq alim Aydın Əliyev Bizim,Media-ya açıqlamasında bildirib ki, Çin istehsalı olan “CoronaVac” peyvəndi Azərbaycandan qabaq Türkiyədə istifadə olunduğu üçün ona daha çox etibar edilir: 
 

“Mən də bu peyvənddən istifadə etmişəm. Hər üç peyvəndin alınma üsullu müxtəlifdir, burada DNT məsələsi var. Məsələn “CoronaVak” peyvəndi ölmüş virusdan alınır, digərlərində metodoloji üsullardan istifadə olunur. Təbii ki, onlar bir-birindən fərqlənir. Hazırlanma metodikası fərqli olduğu üçün onların effektivliyi də müxtəlif ola bilər.


​​​​​​​Sizin vasitənizlə TƏBİB-ə müraciət edirəm – Azərbaycanda istifadə olunan peyvəndlərin üçünün də xüsusiyyətlərini açıqlasınlar ki, vətəndaşlar da onlarla tanış olsunlar. Bu axı ayrı-ayrı xəstəlikləri olan insanlar üçün yox, bütün kütlə üçündür”.

Aydın Əliyev qeyd edib ki, hələlik yalnız “CoronaVac”-ın efektivliyindən danışmaq olar: 

“Demək olar ki, bizim xalqımızda bu peyvənddən istifadənin hansısa əlavə təsirləri, qorxulu effektlər barədə məlumatlar yoxdur. “AstraZeneca”, “Sputnik V” peyvəndlərinin hansı effekt verəcəyini isə zaman göstərəcək”.

Formokoloq alim hesab edir ki, peyvənd olunmamaqdansa, istənilən peyvənddən istifadə edərək, vaksinasiya olunmaq daha yaxşıdır: 
 

“Çünki az da olsa antitel, müqavimət yaradır. Ancaq yaxşı olardı ki, əvvəlcə peyvənd istehsalçıları özləri bundan istifadə edərdilər və effektivliyi ilə bağlı məlumat hazırlayıb, ÜST-yə, dünya ölkələrinə təqdim edərdilər. Amma artıq bu mərhələ geridə qalıb”.


“AstraZeneca” ətrafında gedən müzakirələrə gəlincə, Aydın Əliyev bunu siyasiləşdilirilmiş təbliğatın tərkib hissəsi hesab etdiyini bildirib. 

Seçim azadlığının verilib-verilməməsinə gəlincə, formokoloq alim hesab edir ki, əgər hansısa müəssisə vaksinlərin üçü də varsa, vətəndaşa seçim hüququ verilməlidir. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO