İyunun 26-sı Azərbaycan memarlıq tarixində respublikanın ilk qadın Əməkdar memarı Şəfiqə Zeynalovanın anadan olması ilə əlamətdardır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Memarlarımızı tanıyaq” rubrikası altında görkəmli incəsənət xadiminin həyat və fəaliyyətindən bəhs edən geniş məqaləni təqdim edir.
XX əsr Azərbaycan memarlığının parlaq simalarından olan Şəfiqə Zeynalova təkcə maraqlı layihələrin müəllifi kimi yox, həm də yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi yadda qalıb.
1922-ci il iyunun 26-da ziyalı ailəsində dünyaya göz açan Şəfiqə sovet hakimiyyətinin qəti əleyhdarı olan Mikayıl Zeynalovun üç qız övladından biri idi. M.Zeynalov 1937-ci ildə repressiya siyasəti nəticəsində həbs edilsə də, doğmaları ilə əlaqəsini heç bir halda kəsməmiş, övladlarının gələcək taleyində önəmli rol oynamışdır. Gənc Şəfiqə də atasının mütərəqqi ictimai-siyasi baxışlarından güc almış, cəmiyyətdə milli ruhlu və bəşəri düşüncəli sənətkar kimi özünü təsdiq edə bilmişdir.
1942-1943-cü illərdə orta məktəbdə riyaziyyat müəllimi işləyən Ş.Zeynalova memarlıq sənətini də elə atasının məsləhəti ilə seçmişdir. O, ilk ali təhsilini Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsində almış, oranı bitirəndən sonra “Azərdövlətlayihə” İnstitutunda memar kimi fəaliyyətə başlamışdır. Şəfiqə xanımın yaradıcılıq epoxasının ən sanballı nümunələri də məhz ömrünün sonuna qədər çalışdığı “Azərdövlətlayihə”də ərsəyə gətirilmişdir.
İstedadlı azərbaycanlı qadın memar kimi 24 yaşında ikən SSRİ Memarlar İttifaqı üzvlüyünə qəbul edilən Ş.Zeynalova 1949-cu ildə Moskva Memarlıq İnstitutuna daxil olmaqla Azərbaycan tarixində bir ilkə imza atmışdır.
İncə zövqə və geniş dünyagörüşünə malik memar kimi Şəfiqə Zeynalova layihələri hazırlayarkən ətraflı araşdırma aparır, yaradıcılığında milli koloritləri daha çox canlandırırdı. Bununla yanaşı, o, yalnız zahiri elementlərlə, məsələn, daş üzərində oyulmuş milli naxışlar və freskalarla kifayətlənmirdi. Şəfiqə xanım qədim Azərbaycan memarlıq tikililərinə dair əsərləri dərindən öyrənir, abidələrin forma və quruluşunu, məkan kompozisiyasını dərk etməyə çalışırdı. Və zaman keçdikcə milli özünəməxsusluğu qabartmaq istəyi onun memarlıq layihələrində geniş nəzərə çarpırdı.
Ş.Zeynalovanın həyata keçirilmiş ilk layihəsi uşaqlara həsr olunmuşdur. 1946-1948-ci illərdə tikilmiş Uşaq dəmir yolu memarın ən uğurlu layihələrindən biri idi və o bu işindən xüsusi zövq alırdı. Qəlbi Vətəninə və xalqına qarşı hər zaman böyük sevgi ilə çırpınan müəllifin uşaqlara hədsiz sevinc bəxş edən həmin estakadanın yanından keçəndə sonsuz fərəh hissi keçirdiyi deyilirdi.
Görkəmli memar Şəfiqə Zeynalova qısa ömründə paytaxtımızın estetik görünüşünü formalaşdıran bir çox binaların layihəsini işləyib-hazırlamış və tikintisinə rəhbərlik etmişdir. “Bakı Soveti” (“İçərişəhər”) metrostansiyasının, Azadlıq prospektində Sov.İKP-nin Arxivinin və Sənaye Tikintisi Nazirliyinin binaları onun zəngin irsinin seçilən nümunələridir.
Bundan başqa, Bakı, Sumqayıt, Mingəçevir, Lənkəranda bir sıra yaşayış binalarının, eyni zamanda Sevil Qazıyeva, Mikayıl Müşfiq, Həzi Aslanovun heykəllərinin layihəsi də onun məsuldar fəaliyyətinin nəticəsidir.
Ş.Zeynalovanın müasirliyi ilə diqqətçəkən ən uğurlu işlərindən biri də paytaxtın mərkəzində ucaldılan 17 mərtəbəli göydələndir (“Nizami” metrostansiyasının yaxınlığındakı “Azad qadın” heykəlinin arxa tərəfində yerləşir). Dövrünün nadir memarlıq nümunəsi olan bu bina Bakının mərkəzində ucaldılmaqla vaxtilə paytaxtın müasir simasının zənginləşdirilməsində öz unikallığı ilə seçilmişdir. Dəmir konstruksiyalardan və şüşəli elementlərdən ibarət olan bu göydələn görkəmli alman memar və konstruktor Lüdviq Mis Van Der Roenin yaradıcılığından ilhamlanan Şəfiqə Zeynalova tərəfindən son dərəcə peşəkarlıqla düşünülmüşdür.
Memar Şəfiqə Zeynalovanın son əsərləri indiki Xarici İşlər Nazirliyinin və Bakı Dəmir Yolu Vağzalı binalarının layihəsidir. 28 Aprel (indiki 28 May) küçəsi onun peşəkar karyerasının zirvəsi olmalı idi. Memar həmin küçədə çoxmərtəbəli binaların tikilməsi üçün layihələr hazırlamaq barədə düşünürdü.
Təəssüf ki, ömrünün ən məhsuldar çağında tutulduğu ağır xəstəlik ona ideyalarını sonadək həyata keçirməyə imkan vermir. Şəfiqə Zeynalova 1979-cu il may ayının 1-də 57 yaşında dünyasını dəyişdiyi üçün bir çox layihələri kağız üzərində qalır. (Mənbə: konkret.az)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:34 / 27.06.2024
Bakının məşhur göydələnlərində qadın əl izi - Əməkdar memarın yarımçıq ömrü hansı arzularına SON QOYDU?
Hazırda oxunan: Bakının məşhur göydələnlərində qadın əl izi - Əməkdar memarın yarımçıq ömrü hansı arzularına SON QOYDU?
Hazırda oxunan: Bakının məşhur göydələnlərində qadın əl izi - Əməkdar memarın yarımçıq ömrü hansı arzularına SON QOYDU?
199270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.