Ötən həftə oyuncaq şirkəti olan “Entertainer Baku” şirkətinin mağazalarında satılan qlobusun üzərində ölkəmizlə bağlı ciddi yanlışlığa yol verildiyini xəbər vermişdik.
Bununla bağlı Bizim.Media-ya müraciət edən vətəndaş öz şikayətində bildirmişdi ki, “Entertainer” şirkətinin “Port Baku”da yerləşən mağazasında satılan oyuncaq qlobusda ölkəmizin ərazisi Azərbaycan yox, Georgia (Gürcüstan) kimi qeyd olunub.
MÖVZU İLƏ BAĞLI:
“Entertainer”dən ŞİKAYƏT – “Azərbaycanın Gürcüstan ərazisi kimi göstərildiyi qlobus satırlar” – FOTOFAKT
Şirkətin “Qış Parkı” yaxınlığında yerləşən mağazasına getdiyimiz zaman sözügedən məhsulda eyni kobud səhvə yol verildiyini görmüşdük. Məsələ ilə bağlı mağazanın satıcısı bizimlə söhbətində, bundan xəbəri olmadığını bildirərək və yanlışlığı çap səhvi ilə əlaqələndirmişdi.
Mağazanın supervayzeri Əli bəy isə həmin topun Azərbaycanda deyil, xarici ölkələrin birində istehsal olduğunu söyləmişdi.
Bəs, problem aradan qaldırılıb?
Mövzunu davam etdirərək, bu gün yenidən adıçəkilən mağazada olduq və sözügedən oyuncağın satılıb-satılmaması ilə maraqlandıq. Həmin qlobusların artıq piştaxtalarda olmadığını gördükdə isə satıcıdan bunun səbəbini öyrəndik.
Mağazanın əməkdaşı qlobusda Azərbaycan ərazisi ilə bağlı yanlışlığa yol verildiyi üçün bütün filiallarda satışının dayandırıldığını və məhsulun piştaxtalardan yığışdırıldığını bildirib.
Məsələ ilə bağlı “Entertainer Baku” şirkətinə sorğu ünvanladıq. Şirkətin rəsmi mövqeyini də dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Rövşən Ziya, Bizim.Media