Həsrətin, nisgilin, iztirabın ölüm anında çəkilən ŞƏKİL...

Həsrətin, nisgilin, iztirabın ölüm anında çəkilən ŞƏKİL...

Hazırda oxunan: Həsrətin, nisgilin, iztirabın ölüm anında çəkilən ŞƏKİL...

160293

Bu fotonu bir neçə gün əvvəl Dərnəgüldə, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalardan birinin ətrafında çəkmişəm. Burada işıq da, kölgə də, rəng və rəng çalarları da qarışıb ortaya mübhəm bir görüntü çıxarır: köçkünlük həyatının süqutu! 

Ətrafdakı mağazalaradan, köşklərdən və ya eyvanlardan hansındansa radio səsi eşidilir. Ali Baş Komandanın Xankəndinin mərkəzi meydanındakı çıxışı yayımlanır.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: İlham Əliyev Xankəndi şəhərində bayrağımızı ucaltdı


Sadəcə foto olsa da, son 30 ildə bu divarlar arasında yaşanan həsrətin, iztirabın, məhrumiyyətlərin əriyib əbədiyyətə qarışması bu çıxışın fonunda sanki kino kimi gözümüzün önündən anbaan axıb gedir... 

Burada divarlarda, binaların müəyyən hissələrində köçkünlüyün əlamətini bildirən göy çadırlara, insanların çöhrəsinə, hətta məhəllədəki ağacların görkəminə hopmuş iztirabın, niskilin, töhmətin çöküşü, bir az da obrazlı desək, lap elə can üstə olması bu fotoetüdə bir az da can verir, onu daha da məna çalarına bürüyür... 

Bir zamanlar səliqəli görünüşü, qaynar həyat çalarları ilə göz oxşayan şəhərcik, müharibədə Qarabağdan köçkün düşən qarabəxtlilərinin sığınacağına, evinə çevrildi. 

Necə deyərlər, "qara geyib, göy bəzəndi".  

İşıqlı otaqlardan əlamət saxlamadı özündə. Günəş zenitdə də, üfüqdə də olanda divarları alaqaranlığı qoynuna alıb, ev-eşiklərini, isti yuvalarını tərk edənlərin ağıları, bayatıları ilə inlədi. Ağ daşdan hörülmüş meydan kimi evi olan kişilər cəmi bir otağa yığışıb, "qəbir əzabını" bu dünyada yaşadılar. 

Zamanın insan acılarının lehinə işlədiyi bu məkanda əri müharibədə olan, həyat yoldaşı döyüşdə şəhadətə ucalan neçə-neçə gəlin evli-eşikli günlərindən bu ala-qaranlıq yataqxana həyatına bətnində gətirdiyi körpələri kimsəsiz, həkimsiz, köməksiz dünyaya gətirib, övlad yolu gözləməyi başa vurub, ər yolu gözləməyə başladı... 

Bəziləri üçün bu gözləmələr bir ömür sürdü

Amma gələni olmadı-qara xəbərlərdən başqa... Adicə ilıq suya qatılmış bir ovuc unun və iki dişləmlik qəndin umuduna qalan qadınlar səfalətin, ehtiyacların, məhrumiyyətlərin qarşısında dizləri əssə də, diz çökmədən neçə-neçə qəhrəman böyütdülər.

Yataqxanada doğulub taleyindən asılan “məcburi köçkün” adının utancaq, tənəli, minnətli yükünün ağırlığı altında böyüyən, dizi bərkiyən bu körpələr üzərlərindəki damğanı, “Qaçqın” adını nə vaxtsa gətirib döyüş meydanında əbədi olaraq atacaqdılar. Amma hələ ona qədər illər sürəcəkdi.

Xoş xəyalların çarəsizliyə çırpılıb darmadağın olduğu kəsişmə nöqtəsi idi köçkün yataqxanası.

Burada neçə qızın qulağı toy sırğasının cingiltisindən öncə "Mən oğluma "obşitel" qızı ala bilmərəm", sözünü eşitdi. Neçə oğlan əsgər gedənə qədər, universitetdə aşiq olub sevdiyi qızdan yaşadığı ünvanı gizlətdi. “Birdən qızı verməzlər” təlatümü ilə səngərlərə yola düşdü. 

Bura neçə-neçə adam üçün millət olmağın, xalq kimi formalaşmağın mübarizə meydanı, fədakarlığın, məhv olmağa boyun əyməməyin cəng yeri, puç olub yatmış bəxtlərin Əsabi-kəfiydi: Bu balaca, nataraz yataqxana divarlarının arasında sabah üçün, bu millətin gələcəyi üçün qeyrətli, savadlı və tərbiyəli övlad yetişdirmək naminə valideynlərin verdiyi qurbanlar saymaqla bitməz.  

Yaxşı həkim, cəsur polis, savadlı müəllim, sağlam idmançı, qorxmaz əsgər, peşəkar hərbçi və daha kimlər, kimlər yetişdi bu yataqxanaların həsrətdən, möhnətdən, ehtiyaclardan sırsıra bağlamış otaqlarında, dəhlizlərində.

Bir sözlə, gözləri çürük tavan taxtasındakı səliqəsiz naqillərə fokuslanıb qığıldayan çağalar böyüyüb əsl ünvanlarının bura, köçkün yataqxanası olmadığını anladılar. Ayaqları üzəngi, yanları yəhər, əlləri yüyən, barmaqları tətik tutan yaşa gəlib anladılar ki, onların torpaq uğrunda vuruşa bilmələri üçün inam və ümid adlı bir qala var.

Bu inam qalasının banisi Heydər Əliyev, memarı İlham Əliyevdir. Ümidlərə can verən, onu yaşadan isə Ali Baş Komandanın günü-gündən gücləndirdiyi Azərbaycan!

Dəmir Yumruğun  ətrafında cəmləşib, digər gənclər kimi onun bir hissəsini təşkil etdilər. Qalib olmaqla yanaşı doğma ünvana qayıdışın da müjdəçisinə çevrildilər.

Artıq, Vətən həsrətinin dərin qırışlar yaratdığı üzlərdə təbəssüm var: Daha alaqaranlıq divarlar onları sıxmır! Elinin, obasının qara gününə ağlayıb, ağı deyə-deyə, bayatı zümzümə edə-edə qarıyan gəlinlər Xankəndiyə Azərbaycan bayrağının asıldığı gün təzədən gəncləşdilər, yenidən gözəlliklərini yaşamağa güc tapdılar.  

Bu millətin Böyük Sərkərdəsinin ünvanına səslənən alqışlar ən müqəddəs dua kimi ərşə ucalır indi. Hamı onun işğaldan azad edilmiş ərazilərə səfərlərini seyr edir ekranlardan, çıxışlarını dinləyir radiolardan. İndi Onun səsinin sədası insanların düşüncəsini, sevgisini, həm də onların tapındığı bu yarıqaranlıq, yarıuçuq divarlara söykənən kiçik otaqları işıqlandırır.

Qarabağda doğan Günəş kimi

Qarabağı bürüyən sevinc dumanı indi ölkəmizin hər kəndinə, hər elinə yayılıb. Bəli, artıq çətin günlər, bu yataqxanalarla birgə geridə qaldı. Ortada isə bir həqiqət var: Qarabəxtli, qara taleli qarabağlıların köçkünlük həyatı Dəmir Yumruğun bir zərbəsi ilə param-parça olub süquta uğradı! 


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO