Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 104 ili tamam olur.
Milli sərhəd mühafizəsi ənənələrini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə ehtiramla yanaşır, gələcəyinə inam hissi ilə baxır, bu günündən qürur duyur.
Bizim.Media xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib.
Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş DSX-nin təşkilinə qədər bütün proseslər Ulu Öndərin adı ilə bağlıdır.
Dahi şəxsiyyət Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etdi ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Onun 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərmanı Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Bu, eyni zamanda, Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.
Son illərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb.
Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub. Dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətləndirilib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb.
Yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb.
2007-ci ildə Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı.
2008-ci ildə DSX Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başladılar. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır.
Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaradıb, dövlət sərhədlərinin toxunulmazlığının təminatı istiqamətində davamlı dinamik inkişafa nail olunub.
Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və avadanlığın sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər uğurla həyata keçirilir.
Müasir tələblərə cavab verən sərhəd zastavalarında, hərbi hissələrdə şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş istilik sistemləri, hamam-camaşırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün tikilən mənzillər sərhədçilərin istifadəsinə verilib.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra milli suverenliyin möhkəmləndirilməsi, dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, qonşu ölkələrlə sərhədlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin prioritet sahələrindən biri olub.
Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin konseptual əsaslarını təsbit edib, dövlət sərhədinin mühafizəsi üzrə qarşıda duran vəzifələri müəyyənləşdirib.
Buna misal olaraq 2018-ci ildə Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasını göstərmək olar.
Bu, Azərbaycan Sərhəd Mühafizəsi tarixinin əlamətdar hadisələrindən biri kimi tarixə düşüb.Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlığın yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin son illərdə ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısı, sərhədçilərimizə inam və etibar dayanır.
Bu gün DSX-nin idarəetmə sistemi xeyli təkmilləşdirilib, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib.
Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılıb.
Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıqla təchiz edilib, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunub.
Ali Baş Komandan İlham Əliyev DSX-nin hərbi potensialını nəzərə alaraq, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin qurum tərəfindən təhvil alınması barədə tapşırıq vermişdi.
Bu tapşırığın DSX-nin hərbi qulluqçuları tərəfindən şərəflə icrası, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması və burada xidməti-döyüş fəaliyyətinin qurumun Sərhəd Qoşunları tərəfindən təşkili, bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl işlər həyata keçirildi. Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsini DSX-nin mühafizəyə götürməsi onun bütövlüyünün təmin edilməsinin başlanğıcı oldu.
Bu sınaqdan üzüağ çıxan DSX-nin şəxsi heyəti Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq dövlət sərhədlərimizə tam nəzarətin həyata keçirilməsi və sərhədlərimizin mühafizəsinin təmin olunması yolunda əsl şücaət nümayiş etdirdi.
Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın qurumun qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edildi. DSX-nin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında xüsusi şücaət və qəhrəmanlıq göstərdilər.
Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük ərazini azad etdilər, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirdilər.
Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu müqəddəs torpaqlarımıza Azərbaycan bayrağı sancıldı, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad olundu.
DSX tərəfindən “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkarcasına tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri sıradan çıxarıldı və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirildi, ümumilikdə 290 düşmən hədəfi məhv edildi.
Ölkəmizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistan ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradıldı.
Hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər görüldü, bu ərazilərdə yeni hərbi hissələr xidməti-döyüş fəaliyyətinə başladı. İşğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə Azərbaycan sərhədçiləri son iki ildə 20-dən yeni hərbi hissə kompleksinin fəaliyyətini bərpa edib.
“Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub, eləcə də “Füzuli” Beynəlxalq Hava Limanında sərhəd nəzarətinin işi təşkil edilib. Vətən müharibəsində DSX-nin şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə lazımi diqqət və qayğı göstərilib, yaralanmış hərbi qulluqçular qurumun Hərbi Hospitalında, respublikamız ixtisaslaşmış tibb müəssisələrində müayinə, müalicə və reabilitasiya olunub. Onlardan ağır yaralanmış hərbi qulluqçular xarici ölkələrdə müalicə edilib.
DSX-nin əsas təyinatı dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsidir. Dövlət sərhədlərimizin bütövlükdə mühafizə olunması Azərbaycan sərhədçisinin ən böyük missiyasıdır.
Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur.
Bu ilin aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Yeni yaradılan məntəqədə aprelin 26-da Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib. Bu il avqustun 7-də Prezident İlham Əliyev DSX-nin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.
Xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişafı üçün kompleksdə hərtərəfli şərait yaradılıb. Dövlətimizin başçısına, həmçinin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının xidməti istifadəsinə verilmiş silah arsenalı, döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri nümayiş etdirilib.
Bu müqəddəs vəzifəni sərhədçilərimizin ən yüksək səviyyədə yerinə yetirməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən daim qiymətləndirilir.
Dövlətimizin başçısının dünən imzaladığı sərəncamlarla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə DSX-nin 53 hərbi qulluqçusunun ali rütbə, orden və medallarla təltif olunması sərhədçilərimizin xidməti vəzifələrini peşəkarlıqla yerinə yetirmələrinə və vətənpərvərliyinə verilmiş ali diqqət və qayğının növbəti təzahürüdür.
Azərbaycan sərhədçiləri Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu yüksək diqqət və qayğısından bəhrələnərək göstərilən etimadı layiqincə doğrultmaq üçün bundan sonra da Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağa, işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizəsini yüksək səviyyədə təşkilinə daim hazır və qadirdir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:49 / 18.08.2023
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür
Hazırda oxunan: Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür
Hazırda oxunan: Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür
151321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.