Çətin durumda olan Ağasiyevlərin problemi ilə rəsmi qurumlar niyə maraqlanmır? - FOTO

Çətin durumda olan Ağasiyevlərin problemi ilə rəsmi qurumlar niyə maraqlanmır? - FOTO

Hazırda oxunan: Çətin durumda olan Ağasiyevlərin problemi ilə rəsmi qurumlar niyə maraqlanmır? - FOTO

151109

"Rəna yatağa laqeydlikdən düşdü".

Bu sözləri Bizim.Media-ya Şabran rayonunun Dağbilici kənd sakini, 74 yaşlı Bayram Ağasiyev deyib.

Onun sözlərinə görə, həyat yoldaşı Rəna Ağasiyeva ilə uzun illər Dağbilici kənd mədəniyyət evində "Xınayaxdı" xalq folklor kollektivinin yaradıcısı olublar:

"Mən kollektivin bədii rəhbəri, Rəna isə kənd mədəniyyət evinin direktoru olub. Yaş həddinə görə hər ikimiz 40 ildən çox stajla pensiyaya çıxdıq. Mən həm də tar ustası olduğumdan evimizdə tarın təmiri ilə məşğul olur, folklor nümunələri ilə bağlı fəaliyyətimi davam etdirirdim. Keçən il avqust ayının 15-də kənddə baş verən güclü yanğının alovu bizim evə də çatdı və bütün malımız - əmlakımız, mal-qaramız kül oldu. O vaxtdan bəri qohum və qonşularımızın, oğlumun evində qalırdıq".

Bayram Ağasiyev deyir ki, bu bir il ərzində yanan evimizlə bağlı rəsmi qurumlatdan heç bir kömək, diqqət  görmədiyindən yanan tövlənin divarlarını bərpa edib 1 otaq halına salmaq fikrinə düşüb:

"Avqustun 2-də Şabran şəhərində Qarabağ əlili olan oğlu Zaurun evində yaşayan Rəna yanan evimizə baxmağa gəldi. Tövlənin bərpa etdiyim divarlarını görən Rənanın şəkəri və qan təzyiqi qalxdı, komaya düşdü. Həkimlərin məsləhəti ilə oğlum  Zaurun evində tərpənməmək şərti ilə müalicəsinə başladım və bir neçə gün komada qalandan sonra şükür ki, özünə gəldi. Amma hələ yataqdan dura bilmir, müalicə olunur".

Bizim.Media olaraq 40 ildən artıq Şabran və ətraf rayonlarda xalq folkloru ilə məşğul olan, "Xınayaxdı" kimi məşhur kollektivi yaşadan Bayram və Rəna  Ağasiyevlərin evsizlikdən  əziyyət çəkmələri, yanğından sonra   bütün əmlak və evlərini itirmələri barədə bir neçə dəfə material vermişdik. Bu dəfə yanan evinin həsrətini çəkən ahıl qadına baş çəkdik.

Qarabağ əlili olan oğlu Zaurun evində yataq rejimində  olan Rəna Ağasiyeva həyat yoldaşı Bayram  Ağasiyevlə 51 il Dağbilici kənd mədəniyyət evində xalq folklorunun təbliği ilə məşğul olduqlarını, rayonun, bölgənin və respublikanın bütün kütləvi tədbirlərində fəal iştirak etdiklərini dedi. Bildirdi ki, evləri yanandan sonra heç bir dövlət qurumundan, xüsusən Şabran icra hakimiyyətindən kömək görməyiblər.

Onun sözlərinə görə, elə bu  laqeydlik səbəbindən yanan evinə baş çəkməyə gedəndə bərk stress keçirib və yatağa düşüb.

Çətin durumda olan Ağasiyevlərin problemi ilə Şabran rayon icra hakimiyyətindən mövqe öyrənmək istədik.

Şabran rayon İH başçısının birinci müavini, rayon FHK-nın sədri Hüseyn İlyasovla görüşmək istəsək də yanımıza gələn İH-nin Tamerlan Talıbov adlı əməkdaşı  Hüseyn İlyasovun işdə olmadığını bildirdi:

"Özü sizinlə əlaqə saxlayacaq".

Həmin gündən 3 gün keçsə də Hüseyn İlyasovdan heç bir xəbər çıxmadı.

Ümumiyyətlə, Şabran rayon icra hakimiyyətindən uzun müddətdir hər hansı informasiya almaq mümkün deyil.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO