Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun sədrliyi ilə martın 12-də Daxili Qoşunların yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
DSX-nın Ermənistanla sərhəddə yeni hərbi hissəsi açıldı - FOTO
Bildirilib ki, tədbiri açan nazir Vilayət Eyvazov Daxili Qoşunların yaranmasının növbəti ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, dövlətimizin başçısının səmimi təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdırıb.
O, çıxışında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini, ali diqqət və qayğı, eyni zamanda, ciddi nəzarət, tələbkarlıq sayəsində Daxili Qoşunların yüksək peşəkarlığa, döyüş və fiziki hazırlığına malik mobil quruma çevrildiyini məmnunluqla vurğulayıb.
Sonra nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov məruzə ilə çıxış edib.
General-polkovnik Vilayət Eyvazov çıxışında dövlətimizi başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsində Daxili Qoşunların hərbi qulluqçularının da iştirak edərək mərdlik, qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstərdiyini bildirib.
Nazir düşmənlə ağır döyüşlərdə Qoşunların 66 hərbçisinin şəhid olduğunu, 346 nəfərin isə yaralandığını qeyd edib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən Daxili Qoşunların Vətən müharibəsində döyüş tapşırıqlarını yerinə yetirən 1377 hərbçisi yüksək dövlət təltiflərinə, o cümlədən 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Daxili işlər naziri xidmətdə fərqlənən hərbi qulluqçuların peşə bayramı ərəfəsində də dövlət mükafatlarına layiq görülməsinin Prezidentin Daxili Qoşunların şəxsi heyətinin əməyinə verdiyi ali dəyərin və yüksək etimadının əyani ifadəsi olduğunu diqqətə çatdırıb.
Eyni zamanda, daxili işlər naziri Vilayət Eyvazov Daxili Qoşunların qarşıda duran başlıca vəzifələrini qeyd edərək tapşırıq və tövsiyələrini verib.
O, Daxili Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanacaqlarına əminliyini bildirib.
Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev iştirak edib.
Sonda tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul ediblər.
Bizim.Media