Cəlilabad Çiyələk festivalında BİABIRÇILIQ – Azərbaycanda sivil cəmiyyət nə vaxt FORMALAŞACAQ? - VİDEO

Cəlilabad Çiyələk festivalında BİABIRÇILIQ – Azərbaycanda sivil cəmiyyət nə vaxt FORMALAŞACAQ? - VİDEO

Hazırda oxunan: Cəlilabad Çiyələk festivalında BİABIRÇILIQ – Azərbaycanda sivil cəmiyyət nə vaxt FORMALAŞACAQ? - VİDEO

137348

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə II Çiyələk festivalı keçirilib. Festival sonunda iştirakçılara tort kəsilib və tortdan dadmaq üçün izdiham yaşanıb. İnsanlar bir-birlərinin üzərindən keçərək, tort dilimindən götürməyə çalışıblar. Biabırçı görüntü ictimaiyyətdə ciddi tənqidlərə yol açıb. XXI əsrdə və sivil cəmiyyətdə insanların hələ də qeyri-etik, vəhşi davranış sərgiləmələri və özlərini acgöz kimi nümayiş etdirmələri sual doğurub. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova hesab edir ki, sözügedən davranış acgözlük nümunəsidir və biz hələ də özgüvənsizlikdən, özümüzütəsdiqdən əl çəkə bilmirik: 

“Uşaqlar aşağı yaşlardan etibarən sosiallaşdırılmalı və onlara davranış nümunələri aşılanmalıdır. Cəlilabaddakı səhnəni görüb çox məyus oldum.

Dövlət olaraq kifayət qədər irəli getmişik, hər birimiz tort ala biləcək və yeyəcək durumdayıq. Düzdü, həmin tort festival iştirakçıları üçün nəzərdə tutulub. Sadəcə təsir edən məqam tort dilimlərinin kisəyə doldurulmasıdır. Bu, bir acgözlük nümunəsidir. 

İlk növbədə baş verən bu halların günahkarları valideynlərdir. Bu gün hər bir uşaq öz ailəsinin güzgüsüdür. Uşaq onu ailədə etmirsə, kənarda da etmir. Uşaqlar aşağı yaşdan etibarən cəmiyyət içərisində olmalı, bağçalara getməlidir. Aşağı yaşdan etibarən sosiallaşdırılmayan uşaqlarda sonradan davranış pozuntuları özünü göstərir.  

Uşaqlarda əvvəl ictimailəşməmiş davranış pozuntuları olur. Bir müddət sonra o, ictimailəşir. Beləliklə pozulmuş davranışı uşaq cəmiyyətə gətirir. Bəzən belə halların zaman-zaman düzələcəyinə ümid edirik. Amma əksinə...Biri var insanın mədəni davranışı, biri isə var ki, mədəni insanın davranışı... İnsanın mədəni davranışı odur ki, o, istənilən yerdə mədəni davranır və o həddən də çıxanda özünü necə varsa, elə aparır. Mədəni insan isə hər yerdə mədənidir. Cəlilabaddakı səhnədə nə mədəni insanın, nə də insanın mədəni davranışını gördüm”.

Psixoloqun fikrincə, uşaqlarımızı kiçik yaşlarından tərbiyələndirməliyik ki, bu cür düzgün olmayan davranışlar nümayiş etdirməsinlər: 

“Uşaqlar kiçik yaşlardan bağçaya verilməlidir. Uşaq orada sosiallaşır, adaptasiya proseslərini keçir, birgə paylaşmağı öyrənir, günlük yaşam bacarıqalarına sahiblənir. Paylaşmağı da o müəssisələr öyrətdiyi üçün problem çıxmır. Ayrıca, valideynlər də öz övladlarına paylaşmağı öyrətməlidir. Bundan əlavə uşaqlarımıza bəzi qaydalar qoymalıyıq. Təkcə Cəlilabaddakı hadisə deyil, buna bənzər bir çox halları nümunə gətirə bilərik. Məsələn, insanlarımızın xaricdən gələn futbolçuları, müğənniləri qarşılamalarında da bərbad mənzərələri görürük. Dərdləri müğənni ilə foto çəkdirmək, hər hansı bir sosial şəbəkədə paylaşmaqdır.  

Tutaq ki, o müğənni ilə foto çəkdirib paylaşdıq, nə baş verəcək? Müğənni yaxınımız, qohumumuz deyil, yaxud o müğənni bizə nəsə verməyəcək.

Bir fotodan ötrü gənc qız və oğlanlar, hətta ağbirçəklər belə özlərini biabırçı duruma salırlar. İnsanlar hələ də özlərini nə iləsə təsdiq etməyə çalışır. Əslində belə görüntülərin paylaşılması müsbət haldır. Həmin səhnədə yer alanlar özlərini görüb utansınlar ki, bu hərəkətlər bir daha təkrarlanmasın”.  
 


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO