Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təminat proqramı 2021-ci ildə 2 dəfəyə qədər genişlənəcək. Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq.
Bizim.Media-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Sənədsiz evlərə əmlak amnistiyası veriləcəkmi? – 10 İL KEÇDİ
Nazir şəhid ailələri və müharibə əlillərinin mənzillərlə təminat proqramının bu il daha da genişləndirilməsi, qazilərimizin reabilitasiyası ilə bağlı Prezident İlham Əliyev tərəfindən Nazirlik qarşısında müəyyən edilən vəzifələrin yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.
İclasda Bakı şəhərində və Abşeron rayonunda yaxın aylarda DOST Mərkəzlərinin açılması üçün aparılan işlər, 4 saylı Bakı DOST Mərkəzinin və Abşeron rayon DOST Mərkəzinin yaradılması və nizamnamələrinin təsdiq edilməsi məsələləri müzakirə olunub.
Qeyd edilib ki, son iki ildə yaradılmış DOST Mərkəzləri tərəfindən artıq 300 min vətəndaşa xidmət göstərilib, bu mərkəzlərin sayı artdıqca DOST xidmətləri ilə əhatə olunanların da sayı artacaq.
“Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydaları”nın, “Şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasının, qeydiyyatdan müvəqqəti çıxarılmasının və qeydiyyatının ləğv edilməsi xidmətinin Pasportu”nun təsdiq edilməsi, peşə hazırlığı mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və s. məsələlər də iclasda müzakirə olunub.
Bizim.Media