Xəbər verdiyimiz kimi Naxçıvanda iki hərbçimiz dumanlı havada yolu azaraq Ermənistan ərazisinə keçiblər. Ağır işgəncələrə məruz qalan əsgərlərimiz daha bir absurd qərarla üzləşiblər. İrəvanda Ümumi Yurisdiksiya Məhkəməsi əsgərimizin həbsi ilə bağlı qərar çıxarıb.
Ən acınacaqlısı da odur ki, Ermənistan Baş Prokurorluğu tərəfindən Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb.
Onlar bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursatın qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunurlar.
Nəzərə alaq ki, anoloji hadisələrə qarşı Azərbaycan dövləti hər zaman həssas olub. Dumanlı havada və yaxud gecə saatlarında yolu azıb Azərbaycan ərazisinə keçən erməni hərbçiləri bütün zamanlarda qeyd-şərtsiz Ermənistana qaytarılıb. Bu ali insani dəyərləri və beynəlxalq hüquq rəhbər tutularaq edilib. Lakin, rəsmi İrəvanın son addımı siyasi həyasızlığın son həddi və beynəlxalq hüquqa bir təhqirdir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, 2 əsgərimizin dumanlı havada azaraq Ermənistan ərazisinə keçməsini rəsmi İrəvan qəsdən siyasiləşdirir:
MÖVZU İLƏ BAĞLI:
İrəvanda əsir saxlanılan əsgərlərimizə qarşı cinayət İŞİ AÇILDI - FOTO
“Yəqin ki, gələcəkdə bundan alver predmeti kimi istifadə etməyə çalışılacaq. Baxın, ermənilər əvvəlcə dedilər ki, azərbaycanlılar hansısa mühafizəçini öldürüblər. Sonra dedilər ki, əsgərlərin əllərində silah olub, onlar diverisya qrupunun üzvləridir. İndi də məlum olur ki, Ermənistanın Baş Prokurorluğu tərəfindən bizim əsgərlərimizlə bağlı cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb.
Baş prokurorluğun bu addımı göstərir ki, emənilər bu məsələdə siyasi alver edəcəklər. Yəni, hərbçilərimizə qarşı hansısa şəkildə cəza kəsəcəklər və onları Azərbaycanda həbsdə olan qatı cinayətkarlarla dəyişməyə cəhd edəcəklər”.
Çingiz Qənizadə qeyd edib ki, görünür, Ermənistan baş prokurorun başı da baş nazir Paşinyanın başı kimi işləyir:
“Çünki, ittiham aktında yazılır: “əvvəlcədən razılaşdırılaraq dövlət sərhəddini keçmək”. Bu nə deməkdir? Bu o zaman deyilə bilər ki, əsgərlərimiz Ermənistan ərazisinə keçdikdən sonra hansısa cinayət törədəydilər. Və yaxud hansısa qanunsuz ticarət həyata keçirməyə cəhd edərdilər.
Fakt isə ondan ibarətdir ki, əsgərlərimiz dumanda azaraq Ermənistana keçiblər. Və yaxud silah qaçaqmalçılığı da tamam başqa şeydir. Əsgərlərimiz dumanda azaraq sərhədi keçibsə, burda nə silah qaçaqmalçılığı yoxdur, nə də ki, qabaqcadan razılaşdırılmış əməl.
Qaçaqmalçılq o deməkdir ki, apardığın silahı başqa dövlətdə satışını həyata keçirəsən. Burda isə bu ittihamların heç birinə əsas yoxdur.
Belə bir ittihamın irəli sürülməsi ayıb bir şeydir. Özünə hüquqşünas deyən biri bu cür gülünc və absurd ittihamı irəli sürə bilməz. Ona görə də bu ittihamlar sırf siyasi xarakter daşıyır”.
Surxay Atakişiyev, Bizim.Media