Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Hazırda oxunan: Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

127964

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Bu barədə Bizim.Media-ya  Ombudsman Aparatından məlumat verilib. 

Bəyanatda deyilir:

"31 Mart bütün insanlığa qarşı törədilən erməni vandalizminin təzahürlərindən biri kimi tariximizə Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olub. 1918-ci ildə törədilən bu qanlı hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə erməni millətçilərinin davamlı soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq qətlə yetirilib. Erməni-bolşevik birləşmələri tərəfindən insanlar evlərində diri-diri yandırılmış, həmçinin xüsusi işgəncələrlə və amansızlıqla öldürülüb.

Azərbaycanlıların soyqırımı Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər müxtəlif bölgələrimizdə xüsusi qəddarlıqla həyata keçirilib.

Dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, mədəniyyət abidələrimiz, qəbristanlıqlar, məscidlər top atəşinə tutularaq dağıdılıb. 

Erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə, ən qəddar üsullarla törədilmiş bu soyqırımı zamanı Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılıb, yandırılıb, qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla ümumilikdə on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib.

Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib.

Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bu rejimin dəstəyi ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Qərbi Zəngəzur, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilib, nəticədə onun ərazisi dəfələrlə genişləndirilərək 9 mindən 29 min kvadratkilometrə çatdırılıb.

Ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət, ayrı-seçkiliyi aşılayan siyasət və tamamilə əsassız ərazi iddiaları dayanırıb.

Milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətəninə bağlı xalqımız soyqırımlarına məruz qalmasına baxmayaraq milli yaddaşını, kimliyini qoruyub və həmrəylik nəticəsində müstəqilliyimiz bərpa olunub.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımızın tarix boyu məruz qaldığı soyqırımı siyasətinin və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq, eyni zamanda törədilmiş cinayətləri araşdırmaq və baş vermiş hadisələrə siyasi-hüquqi qiymət vermək mümkün olub.
2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə ermənilərin törətdikləri soyqırımı cinayətlərini əyani olaraq sübut edir.

Erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi soyqırımı cinayətlərinin, qeyri-insani əməllərin tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.

Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, təcavüz siyasəti, eyni zamanda xalqımıza qarşı törədilmiş müharibə cinayətləri XX əsrin sonlarında daha da kəskin xarakter alıb, beynəlxalq səviyyədə Azərbaycanın suveren ərazisi kimi tanınmış torpaqlarının iyirmi faizi 30 ilə yaxın işğal altında qalıb. 2020-ci ildə ordumuz tərəfindən həmin ərazilər işğaldan azad olunaraq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dəfələrlə dinc əhaliyə qarşı soyqırımı cinayətləri törədib, tarixi və dini abidələrimiz məhv edilib, talan və təhqir olunub.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, sülh və insanlıq əleyhinə olan bu cinayətlərə beynəlxalq miqyasda hələ də adekvat reaksiya verilməyib.
Dünya ictimaiyyətini və nüfuzlu beynəlxalq təşkilatları tarix boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verərək soyqırımı kimi tanımağa və ədalətin təmin olunmasına dəstək verməyə çağırıram”.

Bəyanat dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO