“Kahramanmaraşdakı zəlzələ bölgəsindən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıq işləri görülür”.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu fikirləri Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli səsləndirib.
Onun sözlərinə görə, 25-dək tələbə hazırda universitetin həyətinə toplaşıb. Şəhərdə 50-dən çox tələbənin olduğu haqqında məlumatlar var. Ümumlikdə isə 27 minə yaxın Azərbaycan vətəndaşı Türkiyədə təhsil almaqdadır.
Tələbələrin təxliyəsilə bağlı Azərbaycanın Türkiyədəki Səfirliyilə mütəmadi əlaqələrin qurulduğunu vurğulayan Həmran Əmirli ikinci təxliyə prosesində digər soydaşlarımızın da ölkəmizə göndərilməsinin mümkün olduğunu deyib:
“Əsas diqqətimiz tələbələrdir. Səfirliyimizlə mütəmadi əlaqədəyik. Kahramanmaraşda Konqres Mərkəzi var, daha təhlükəsiz olsun deyə, tələbələrimizi əvvəlcə ora apardıq. Amma ora çox insanlar sığınıb, tək qapısı var, zəlzələ təhlükəsi yaşanan an insanların tək bir qapıdan çıxması panikası yaşanır ki, bu da daha təhlükəli vəziyyət yaradır.
Həmin səbəbdən tələbələrimizi universitetin həyətinə gətirdik, sabaha qədər tonqal yandırıb, ətrafına toplanacağıq. Çünki hava çox soyuqdur, qarı yağış əvəz edib”.
Kahramanmaraşda əlaqə saxlaya bilmədiyi bir neçə tələbənin olduğunu deyən Həmran Əmirli onlar haqqında məlumat almaq üçün xəstəxanalara müraciətlər olunduğunu, amma hələlik xəbər ala bilmədiyini qeyd edib:
“İnternet və telefon əlaqəsi çox məhduddur. Azərbaycanla əlaqə saxlaya bilirik, amma Kahramanmaraşda şəhərdaxili telefon əlaqələrində çox çətinliklərimiz var. Dağıntılar altında qalan tələbələrin kimliyi haqqında məlumatlarımız şifahi şəkildə yayılıb. Bu məlumatları dəqiqləşdirəcəyimiz yer xəstəxanalardır.
Xəstəxanalardakı həkimlərimizlə də əlaqələr saxlayırıq ki, onlara hər hansı məlumat daxil olsa, bizə də bildirsinlər. Təəssüf ki, hazırda vəziyyət o qədər qarışıqdır ki, xəstəxanalarda elektron qeydiyyat aparılması mümkün deyil. Gətirilən xəstələrin adı kağıza yazılır ki, müraciət edən yaralıların çoxu bunu etmir”.
Həmrən Əmirli deyib ki, Kahramanmaraş şəhərinin mərkəzindəki köhnə tikili binalar dağılaraq yerlə bir olub, yeni tikintilərə giriş də hələlik qadağandır:
“Bizim bina çoxmərtəbəlidir. Evdən əşyalarımı götürmək üçün girdim, çıxdıqdan az sonra 7,6 bal gücündə ikinci zəlzələ baş verdi. Maraşda bir məhəllədə 15 mərtəbəli 15 bina vardı, onlar tamamilə yox olub, yerdə yalnız damları görünür. Kahramanmaraşda Azərbaycan bulvarında da bütün binalar dağılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
09:06 / 07.02.2023
Azərbaycanlı tələbələr Kahramanmaraşdan təxliyə olunacaq
Hazırda oxunan: Azərbaycanlı tələbələr Kahramanmaraşdan təxliyə olunacaq
Hazırda oxunan: Azərbaycanlı tələbələr Kahramanmaraşdan təxliyə olunacaq
118874
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.