Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarsıtana rəsmi səfər edib. Səfər çərçivəsində iki ölkə rəsmiləri arasında bir sıra ikitərəfli və geniştərkibli görüşlər baş tutub. Eyni zamanda ölkələr arasında iqtisadi, sosial və strateji əməkdaşlığa dair sənədlər imzalanıb.
Hər iki ölkə başçıları mətbuata bəyanatlarla çıxış edərək, bir sıra mühüm məsələlərə toxunublar. Macarıstan Baş naziri Viktor Orban Azərbaycanın Avropanın enerji təminatında rolundan, eyni zamanda ölkələrimiz arasında dostluq münasibətlərinin önəmindən söz açıb.
Prezident İlham Əliyevin açıqlamaları isə bir sıra mühüm mesajlarla yadda qalıb.
MÖVZU İLƏ BAĞLI:
Prezident: “Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır” - VİDEO
Bizim.Media dövlət başçısının çıxışından vacib məqamları təqdim edir:
1. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.
2. Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır.
3. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun.
4. Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək.
5. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə (yaşıl enerjinin Avropaya ixracı) cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar.
6. Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır.
7. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir.
Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.
Murad Əhmədov, Bizim.Media