QƏTƏR-2022: Neymar Peleyə yaxınlaşdı, Livakoviç tarixə düşdü

QƏTƏR-2022: Neymar Peleyə yaxınlaşdı, Livakoviç tarixə düşdü

Hazırda oxunan: QƏTƏR-2022: Neymar Peleyə yaxınlaşdı, Livakoviç tarixə düşdü

108237

Futbol üzrə dünya çempionatında artıq bütün ¼ finalçılar məlum olub. Hələlik bu mərhələnin oyunlarının keçiriləcəyi 9 və 10 dekabra qədər mundialda 2 günlük fasilə verilib.

Komandalar istirahət etmələrində olsun, biz isə dünya çempionatlarında qeydə alınan bəzi maraqlı məqamlarla sizi tanış edəcəyik.

Hazırda Braziliya millisinin möhtəşəm oyunu çox müzakirə olunur. Xüsusilə Cənubi Koreya üzərindəki qələbədən sonra komandada bəzi futbolçuların statistik göstəriciləri diqqəti cəlb edib. İlk növbədə sambaçıların lideri Neymar asiyalılara qol vurmaqla 3 dünya çempionatında fərqlənən üçüncü braziliyalı kimi tarixə düşdü.

O, ardıcıl olaraq 2014, 2018 və 2022-ci il mundiallarında fərqlənməyi bacardı. Buna qədər sambaçılardan Pele 4, Ronaldo isə 3 dünya çempionatında fərqlənməyi bacarmışdı. Yeri gəlmişkən, Neymar yığmadakı qol sayına görə də Peleyə demək olar ki, çatıb.
İndi onun aktivində 76 qol var ki, 77 qollu Peleni keçmək üçün cəmi 2 qola ehtiyacı var. Bu baş verərsə, o Braziliya millisinin tarixində ən çox qol vuran futbolçu olacaq. Braziliya millisi haqqında daha bir maraqlı fakt.

Baş məşqçi Tite bu çempionatda iştirak ərizəsinə salınan 26 futbolçunun hamısını meydana buraxıb ki, bu da dünya çempionatları tarixində ilk dəfə müşahidə olunan hadisədir.

Cənubi Koreya millisinin qapısına vurulan ilk qolun müəlllifi Vinisius isə 2002-ci ildən bəri dünya çempionatının play-off-unda qol vuran ən gənc braziliyalı oldu. “Real”ın üzvü həm də millinin qollarında ən çox iştirak edən futbolçudur. O, yığmanın mundialdakı 7 qolunun 5-nin vurulmasında bilavasitə iştirak edib.
Xorvatiya millisinin qapıçısı Livakoviç Yaponiya ilə görüşün əsas qəhrəmanı oldu. O, penaltilər seriyasında rəqibin 3 penaltisini dəf etdi. Bununla da o, mundialllar tarixində 3 penalti qaytaran 3-cü qapıçı oldu. Eyni uğuru Mərakeş millisinin qolkiperi İspaniya ilə qarşılaşmada da təkrarladı. O, ümumiyyətlə rəqibə penaltidən yararlanmağa imkan vermədi.

Xorvatiya millisinin təcrübəli üzvü İvan Perişiç isə həm yığmanın mundiallarda ən çox qol vuran, həm də 3 dünya çempionatında qol vuran futbolçusu kimi adını tarixə yazdırdı. 

Cənubi Koreya millisi mundialda mübarizəni dayandırsa da, ən xoş sözlərə layiqdir. Asiyalıların çempionatda vurduğu qolların 38 faizi uzaqdan zərbələrin payına düşür ki, bu da mundial iştirakçıları arasında ən yaxşı göstəricidir. 

Qətərdəki mundialın ən effektsiz hücumçuları da artıq bəlllidir. Bu Belçika millisinin forvardı Romelu Lukaku və Argentina yığmasının hücumçusu Lautaro Martinesdir. Belə ki, Lukaku 4 dəfə, Martines isə 3 dəfə isə real qol imkanından yararlana bilməyib. Maraqlıdır ki, onların hər ikisi İtaliyanın “İnter” klubunun üzvləridir. 

İspaniya millisinin gənc vunderkindi Qavi isə mundialın play-off matçında meydana çıxan ən gənc futbolçu oldu. Onun hazırda 18 yaşı var. 

Mundialda intizamı pozan yığmalar da var. Misal üçün Serbiya millisi. Belə ki, FİFA bu komandaya qarşı intizam işi açıb. Buna İsveçrə yığması ilə oyunda (2:3) Serbiya futbolçuları və azarkeşlərinin davranışları səbəb olub.
FİFA hansı insidentlərin ittihamlara səbəb olduğunu rəsmən açıqlamayıb. Məlumata görə, matç zamanı serb azarkeşlər əslən kosovolu, İsveçrədə çıxış edən Xerdan Şaqirini təhqir ediblər. Bundan əlavə, serbiyalı futbolçular matçın baş hakimi Fernando Rapalininin mümkün penalti anında videotəkrardan istifadə etməmək qərarına fəal şəkildə etiraz ediblər. Həmçinin oyun zamanı Qranit Caka ilə Serbiya komandasının nümayəndələri arasında münaqişə yaranıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO