Ötən gün Bakıda hamilə itin vəhşicəsinə döyülərək gözlərinin çıxarılması barədə dəhşətli kadrları göstərməklə material vermişdik.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu heyvanlara qarşı xüsusi diqqət və həssaslıqla yanaşan Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyi zorakılığa məruz qalmış heyvanın sağalması üçün müayinə və müalicə tədbirlərini davam etdirir.
MÖVZU İLƏ BAĞLI:
Bakıda hamilə itə qarşı vəhşilik – Dəhşətli KADRLAR
İctimai Birliyin sədri Fərud Mansurov bu barədə yenidən açlqlama verib. Onun sözlərinə görə, naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb əzab verilən itə Misti adı verilib.
Misti bu gün Heyvanların Mühafizəsi İctimai Birliyinin əməkdaşları tərəfindən Bakı şəhərindəki baytarlıq klinikasına aparılıb və orada heyvanın müalicə tədbirlərinə başlanılıb.
Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin sədri Fərid Mansurov heyvanın Bakı şəhərində zorakılığa məruz qaldığı yeri də Bizim.Media-ya özəl olaraq açıqlayıb. Bildirib ki, təbiətin bu canlısına-dilsiz-ağızsız heyvanına amansız və insanlığa sığmayan qəddar hərəkət Səbail rayonunun Badamdar qəsəbəsində törədilib.
Bunu kimlərin etdiyi isə məlum deyil. Misti yaralı və çox halsız halda tapılan kimi Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinə gətirilib və qeyd etdiyimiz kimi, ikicanlı olan itin sağalıb yaşaması üçün müalicə tədbirləri davam etdirilir.
Fərid Mansurovun Azərbaycanda heyvanlara qarşı qəddarlıq nümayiş etdirən şəxslərə qarşı dövlət səviyyəsində daha kəsərli tədbirlərin görülməsi ilə xüsusi təklifləri var.
Bu haqda isə növbəti yazılarımızda...
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu