Mingəçevir 74-cü ŞƏHƏR GÜNÜNÜ qeyd edir - FOTO

Mingəçevir 74-cü ŞƏHƏR GÜNÜNÜ qeyd edir - FOTO

Hazırda oxunan: Mingəçevir 74-cü ŞƏHƏR GÜNÜNÜ qeyd edir - FOTO

103847

Nur şəhəri olan Mingəçevir...

Şəhərin adı gələn kimi hər kəsin simasında bir gülüş, gözlərində isə sözün həqiqi mənasında işıq kimi parıltılar sezilir. Bu heç də təsadüfi deyil, çünki Mingəçevir şəhəri işığından hər evə, hər kəsə SES ( Su Elektrik Stansiyası) ilə öz payını ötürür. 

Bizim.Media xəbər verir ki, bu gün 74 yaşını qeyd edən cavan şəhər həm də Azərbaycanın dördüncü sənaye-istehsal mərkəzi kimi də adlandırılır. 

1948-ci il noyabrın 11-də şəhər statusu almış bu qədim yaşayış məskəni həmçinin elmi, mədəni turizm mərkəzlərindən biri kimi də tanınır.

“Mingəçevir” toponimin necə yaranması barədə müxtəlif ehtimallar var. Belə ki, e.ə I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında baş verən döyüşdə tarixçilərin dediyinə görə, albanlar məhz indiki bəndin ərazisində Pompey qoşunlarını gözləyiblər.

Oris ordusunun bir hissəsini ayrı-ayrı manqalara bölüb, ehtiyatda saxlamış və lazım gəldikdə “Manqaça vur” sözləri ilə əmr edib. Hətta “Mingəçevir” toponiminin meydana gəlməsində ərəblərin Azərbaycanda olmalarının müəyyən təsirinin olduğu da bildirilir. Elxanilər hərəkatının yatırılması üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Məniçöhrün qızı döyüşlərin birində həlak olur və atası onu yadigar qılıncı və atı ilə birlikdə Kürün sahilində dəfn edir. Ehtimal var ki, “Mingəçevir” sözü Məniçöhrün adı ilə bağlıdır.

Bundan əlavə olaraq Azərbaycanın görkəmli tarixçisi Ziya Bünyadov “Mingəçevir” adını 839-cu ildə xilafətə qarşı çıxmış Babək üsyanını yatırmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Mingəçevir Əl-Fərqaninin adı ilə də əlaqələndirib.
Övliya Çələbi belə öz “Səyahətnamə”sində Mingəçevir haqqında məlumat verib. O, Mingəçeviri Kür çayının sağ sahilində Bozdağın ətəyində yerləşən böyük yaşayış məntəqəsi kimi adını çəkib və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olduğunu yazıb.

Bu gün isə Mingəçevir yerli sakinlərlə yanaşı həmçinin ölkəyə gələn turistlərin də maraqla səfər etdiyi bir məkandır. Hazırda Mingəçevirdə 15 millətin nümayəndəsi yaşayır. Mingəçevir I və II Qarabağ müharibəsində ən çox şəhid verən şəhərlərdən biridir. Həmçinin 20 mindən çox məcburi köçkün bu şəhərdə müvəqqəti məskunlaşıb. Mingəçevirin ümumi əhalisi isə bu gün artıq 11 min nəfərdən çoxdur. 

Hazırda Mingəçevirdə elektroenergetika, elektrotexnika, kimya, maşınqayırma, yüngül və yeyinti sənaye sahələri inkişaf edib. Amma buna baxmayaraq, Mingəçevir turizm şəhəri adını daşımağa layiqdir. Sənaye şəhərinin əhalisi əsasən balıqçılıq və gəmiçiliklə məşğul olur.

Bu gün Mingəçevirin 74 illiyi münasibəti ilə şəhərdə bir sıra tədbirlər keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 150-ə yaxın ağac tinginə həyat verilib.

Ana Kürün sahilinə, məğrur Bozdağın sinəsində yer alan Mingəçevir gündən-günə çiçəklənir və inkişaf edir hətta səliqə-sahmanı, təmiz şəhər olması ilə digərlərindən də olduqca fərqlənir.

Onun bu gözəlliyini qoruyan, səmimi və qonaqpərvər edən isə mehriban insanları yəni doğma mingəçevirlilərdir.

Yetmiş dörd yaşın mübarək, nur şəhərimiz Mingəçevir!

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO