“Ölkədə real işsizlik səviyyəsini müəyyən edə bilmirik” - EKSPERT

“Ölkədə real işsizlik səviyyəsini müəyyən edə bilmirik” - EKSPERT

Hazırda oxunan: “Ölkədə real işsizlik səviyyəsini müəyyən edə bilmirik” - EKSPERT

100256

Dövlət Statistika Komitəsinnin 2022-ci il avqustun 1-nə olan məlumatına əsasən Azərbaycanda işsizlik səviyyəsi 5.76% olub. Ötən ay isə bu göstərici 5.78% təşkil edib. Car il iyulun 1-nə olan hesabata görə, muzdla çalışan işçilərin sayı 1 milyon 720 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901.2 min nəfər, qeyri-dövlət sektorunda isə 818.8 min nəfər olub.

İqtisadiyyatın neft-qaz sektorunda 30.7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 689.3 min nəfər çalışıb.

"S&P Global Ratings" – Beynəlxalq Reytinq Agentliyi 2025-ci ilədək Azərbaycanda işsizliyin azalacağı barədə məlumat verib. Proqnoza görə, 2024 və 2025-ci illər üzrə isə Azərbaycanda işsizlik 4.7%-ə düşəcək.

Bizim.Media xəbər verir ki, mövzunu iqtisadçı ekspert Fərid Mehralızadə ilə davam etdirdik.
 

MÖVZU İLƏ BAĞLI:

İşsizlik yaradan əsas səbəb - Abuturiyentlər düzgün ixtisas seçimi etmirlər


​​​​​​​O, vəziyyəti bir qədər fərqli izah edib:

“Əslində, əksər ölkələrdə bu göstərici iqtisadi vəziyyətlə bağlı ciddi trendləri ortaya qoya bilər. Azərbaycanda isə işsizlik səviyyəsinin göstəricisi iqtisadi vəziyəti real əks etdirdiyini deyə bilmərik. Azərbaycanda 5 milyon 300 min fəhlə əhalinin sadəcə 1 milyon 700 mini əmək müqaviləsi, maaş əsasında muzdlu çalışır. Əhalinin üçdə biri muzdlu işçidir, inkişaf etmiş ölkələrdə isə bu 70-80%-dir. Bu baxımdan Azərbaycanda qeyri-rəsmi məşğulluq və kölgə iqtisadiyyatı böyükdür, ölkədə real işsizlik səviyyəsini müəyyən edə bilmirik”.

Ekspert hesab edir ki, qeyri-rəsmi məşğulluq, pay torpaq, evdar qadınlar məsələsi işsizliyin real səviyyyəsinin ortaya çıxmasına mane olur və bu göstəriciyə görə ölkə iqtisadiyatını dəyərləndirmək mümkün deyil.

Onun fikrincə, Azərbaycanda işsizliyin göstəricinə təsir edən bəzi metodoloji amillər var:

“Məsələn, bizdə qanunvericiliyə görə, əgər bir adamın pay torpağı varsa, bu adam işsiz hesab edilmir. Təxminən, ölkədə 1 milyon 800 adam kənd təsərrüfatı ilə məşğuldur, amma o göstərici açıqlanmır ki, nə qədər adam pay torpağı istifadə edir ya yox. Bəzi hallarda pay torpaqları o qədər kiçik olur ki, fərd istifadə etsə də, minimum tələblərini ödəyə bilmir. Hesabatda pay torpağı olub istifadə etməyənlər ayrıca əks olunmalıdır”.

Fərid Mehralızadə qeyd edir ki, statistikada 600 minə yaxın evdar qadın var və onlar işsiz hesab edilmir:

“Belə məsələlər Dövlət Statistika Komitəsi tərəfindən diqqətə alınmalı və hesabat hazırlayarkən metodoloji məsələlərə xüsusi həssaslıqla yanaşılmalıdır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO