“Azərbaycan Avropa Birliyi ölkələri, Amerika, Latın Amerikası ölkələri ilə əməkdaşlıq edir. Şanxay qrupuna daxil olan ölkələrin arasında Azərbaycana yaxın olan Pakistan var. Çin dünyada inkişaf edən, öndə gedən dövlətlərdən biridir. Azərbaycanın bu ölkələrlə iqtisadi və mədəni əməkdaşlığı müsbət haldır. Həm də, nəzərə almaq lazımdır ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmayıb, sadəcə, bu qurumla əməkdaşlıq edərək öz maraqlarına uyğun formada iqtisadi, mədəni, sosial üstünlüklərini əldə etmək, İpək Yolunu formalaşdırmaq istəyir. Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələr də bunda maraqlıdır. Bu, müsbət bir prosesdir”x9d.
Moderator.az Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin teleqraf.com-a müsahibəsini təqdim edir:
- Asim bəy, Prezident Nazirlər Kabinetinin müşavirəsində Avropa strukturlarını və ölkələrini Azərbaycanla bağlı mövqelərinə görə tənqid etdi. Bu çıxışı necə qiymətləndirirsiniz?
- Mən Prezidentin çıxışını yüksək qiymətləndirirəm. Prezident bir neçə istiqamətdə tənqidi fikirlər səsləndirdi. Çıxışın müəyyən hissəsi Azərbaycan hökumətinin işinin təkmilləşdirilməsi istiqamətində oldu. Ümid edirəm ki, konkret, tənqidi, həm də yol göstərən çıxış ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinin istiqamətini sürətləndirəcək. Eləcə də, bir neçə sahədə ciddi inkişafın əsasını qoyacaq. Çıxışın Avropa ilə bağlı istiqamətinə gəldikdə isə bunu normal qarşılamaq lazımdır. Prezident açıq bildirdi ki, Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz. Azərbaycanda böyük bir tədbir keçirilən ərəfədə ideoloji-informasiya müharibəsi aparılıb. Azərbaycan artıq müstəqil dövlətdir və müəyyən inkişaf yolu keçib. Biz indi artıq hansısa böyük qardaşın tənqid və təhdidlərini qəbul etmirik. Azərbaycanı heç kəs təzyiqlərlə, təhdidlərlə çəkindirə bilməz. Bu yolla kimsə Azərbaycandakı məqsədinə nail ola bilməz. Azərbaycan Avropa ölkələrinin çoxu ilə ikitərəfli, iqtisadi, mədəni və təhsil sahəsində əməkdaşlıq edir. Eyni zamanda, bununla yanaşı bizə qarşı haqsız davranan, beynəlxalq hüququn prinsiplərinə zidd olaraq ərazilərimizin işğalına, Ermənistanın təcavüzkarlıq siyasətinə fərqli baxan qüvvələr bilməlidir ki, Azərbaycan kifayət qədər özünə inamlıdır. Azərbaycan xalqı özünə hansısa böyük qardaşı qəbul etmək niyyətində deyil.
- Prezident ölkədə turizmin inkişafı, təyyarə biletlərinin və hotel qiymətlərinin baha olması məsələsinə də toxundu. Bu haqda nə düşünürsünüz?
- Əlbəttə, Prezidentin bu istiqamətdəki çıxışı diqqət çəkən idi. Ümid edirəm, Prezidentin məlum mövqeyindən sonra müəyyən tədbirlər həyata keçiriləcək. Eləcə də, təyyarə biletlərinin, otellərin qiymətlərində tənzimlənmə olacaq, həmçinin Azərbaycana gəlmək istəyən əcnəbilərin viza əldə etməsi üçün prosedur qaydalarında müəyyən dəyişikliklər həyata keçiriləcək. Əlbəttə, bu yolla Azərbaycanda iqtisadiyyatın bu sahəsində inkişafı stimullaşdırmaq mümkündür. Həmçinin turizm xidmətlərinin keyfiyyəti, bu sahədə çalışan mütəxəssislərin təcrübə keçməsi də mühüm məsələdir. Fikrimcə, burada Türkiyənin təcrübəsinə diqqət edilməlidir. Əminəm ki, qeyri-enerji sektoru sahələri arasında məhz turizm sektoru ölkənin mədəniyyəti və tarixinə uyğun olaraq geniş imkanlara malikdir. Təbii ki, bu imkanlardan maksimum şəkildə istifadə etmək lazımdır.
- Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə müəyyən təmaslar qurmasını necə qiymətləndirirsiniz?
- Mənə elə gəlir ki, Azərbaycan diplomatiyasının coğrafiyasını genişləndirir. Azərbaycan Avropa Birliyi ölkələri, Amerika, Latın Amerikası ölkələri ilə əməkdaşlıq edir. Şanxay qrupuna daxil olan ölkələrin arasında Azərbaycana yaxın olan Pakistan var. Çin dünyada inkişaf edən, öndə gedən dövlətlərdən biridir. Azərbaycanın bu ölkələrlə iqtisadi və mədəni əməkdaşlığı müsbət haldır. Həm də, nəzərə almaq lazımdır ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmayıb, sadəcə, bu qurumla əməkdaşlıq edərək öz maraqlarına uyğun formada iqtisadi, mədəni, sosial üstünlüklərini əldə etmək, İpək Yolunu formalaşdırmaq istəyir. Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələr də bunda maraqlıdır. Bu, müsbət bir prosesdir. Azərbaycan bütün təşkilatlarda və qurumlarda öz maraqlarını həyata keçirmək istəyir.
- Ənənəvi müxalifət partiyaları və onların nəzarətində olan media iddia edir ki, Azərbaycan Qərbyönümlü siyasətindən imtina edərək Şanxay Əməkdaşlıq Təşkilatına meyil edir. Bu yanaşmanı ciddi qəbul etmək olarmı?
- Mən Azərbaycanın strateji seçimində hansısa dəyişiklik görmürəm. Siyasət necə qurulubsa, o cür də davam edir. Azərbaycan həm qonşuları ilə, həm də dünyada ən müxtəlif təşkilatlarla əməkdaşlığı həyata keçirir. Burada bir məsələ də böyük önəm daşıyır. Azərbaycan öz münasibətlərini qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında formalaşdırır. Bu istiqamətdə kimlərinsə iddiaları ola bilərsə, biz buna heç vaxt şərait yaratmayacağıq.
- Tehranla “Altılıq”x9d ölkələri arasında nüvə danışıqları istiqamətində ciddi anlaşma əldə olundu. Artıq bölgədə İrana fərqli baxış olacaq, bu dövlət dünya birliyi tərəfindən çıxdaş olunmayacaq. Necə düşünürsünüz, bu anlaşmanın əldə edilməsi region üçün nə verəcək?
- Bu, müsbət bir hadisədir. İran Azərbaycana qonşu dövlətdir. Həm də, bölgədə və dünyada çox təhlükəli olan nüvə silahının qarşısı alınıb. Bu isə danışıqlar və müzakirələr vasitəsilə baş verib. Mənə elə gəlir ki, Azərbaycanın ətrafında stabillik olacaq və bu Azərbaycanın dövlət maraqlarına uyğundur. Biz İranla qonşu dövlətik, münasibətlərimiz normaldır. Eyni zamanda, regionda stabilliyin, sülhün olmasını vacib sayırıq.
- İranla anlaşmanın əldə edilməsi dünya bazarında neftin qiymətinə hansı formada təsir göstərə bilər?
- Mənə elə gəlir ki, neft iqtisadiyyatın inkişafı ilə bağlı olan vasitədir. Diqqət edəndə görünür ki, bu anlaşmadan sonra dünya bazarına İran nefti çıxa bilər. Amma neftin qiymətinin aşağı düşməsi ilə paralel olaraq dünyada neft ehtiyatlarının tükənməsi prosesi də gedir. Bu da ciddi məsələdir. Hər halda bu anlaşma neftin qiymətində stabilləşmənin olmasına səbəb olacaq. Düşünmürəm ki, İran nefti dünya bazarında prinsipial olaraq qiymətlərə təsir göstərə bilər. Onsuz da İran öz neftini ona qarşı sanksiyalara qoşulmayan dövlətlərə satırdı. Bu zaman da dünyada neft bazarında xüsusi bir proses baş vermirdi. Odur ki, İran neftinin dünya bazarına çıxması ilə neft bazarında hansısa koordinal dəyişikliklərin olmasına dair fikirləri bölüşmürəm.
- Bəllidir ki, İranın ərəb coğrafiyasında böyük maraqları var. İndi əldə olunan razılaşma ərəb coğrafiyasında mövcud olan mənzərəyə, siyasi balansa hansısa formada təsir göstərə bilərmi?
- Təbii ki, biz arzu edirik ki, maraqlar qarşıdurmalar və müharibələr formasında deyil, məhz əmin-amanlıq şəraitində bərqərar olsun. Azərbaycanın əsas marağı regionda stabilliyin formalaşmasıdır.
- Qarşıdan parlament seçkiləri gəlir. Partiyanız seçkilərə hazırlaşırmı və seçkidə iştirak formatını necə görürsünüz?
- Şübhəsiz ki, Demokratik İslahatlar Partiyası qarşıdan gələn parlament seçkilərinə ciddi hazırlaşır. Biz hazırda dairələrdə, bölgələrdə təşkilatlarımızı aktivləşdiririk. Partiyanın strukturları parlament seçkilərinə dair hazırlıq mərhələsindədir. Bu istiqamətdə işlərimiz davam edir. Hesab edirik ki, seçkilərdə iştirak mütləq formada olmalıdır.
- Partiyanız seçkilərə təkbaşına qatılacaq, yoxsa blok şəklində?
- Hələlik namizədlərimizin hansı dairədən namizəd olacağı, onların ümumi sayı, seçki kampaniyasında partiyanın proqramı və digər məsələlər haqqında danışmaq tezdir. Seçkilərdə iştirak formatına gəldikdə isə, böyük ehtimalla biz blok şəklində seçkiyə getməyəcəyik. Hazırlıq mərhələsində rayon təşkilatlarının hazırlığı xüsusilə vacibdir. Çünki hər şey bundan asılıdır. Bu baxımdan biz zamanında müvafiq qərarlar verəcəyik. 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı biz “Demokratiya”x9d seçki blokunda təmsil olunmuşduq, seçkilərə bu formatda getmişdik. Bu il vəziyyətə baxacağıq. Əlbəttə, seçki öncəsi durum, kimlərin hansı dairədən namizəd olması mühüm məsələlərdir. Biz zamana uyğun olaraq qərarımızı verəcəyik.
- İndi müxalifət düşərgəsində seçkiöncəsi situasiyanı necə qiymətləndirirsiniz?
- Mən heç bir siyasi partiyanın fəaliyyətinə hansısa qiymət vermək istəməzdim. Siyasi mədəniyyətin ən yüksək səviyyəsi partiyaların didişməsi deyil, öz məram və məqsədlərini, platformalarını xalqa çatdıraraq onun dəstəyini qazanmaqdan ibarət olmalıdır. Qarşıdurmalara, bolşevik təfəkkürünə uyğun olan “kim mənimlə deyilsə, düşmənimdir”x9d texnologiyasına son qoyulmalıdır. Siyasi mühitdə şəxsiyyətlərin ortada olması deyil, fikir və ideyaların ortada olmasını vacib hesab edirik.
- Uzun illər AXCP-də təmsil olunmusunuz, partiya sədrinin müavini postunu tutmusunuz. İndi bu partiya daxilində istefalar, qarşılıqlı ittihamlar baş verir. Durumu necə şərh edirsiniz ?
- Hər bir partiya və təşkilatın özü öz fəaliyyətini qurur, məsuliyyətini daşıyır və siyasətini formalaşdırır. Heç bir siyasi təşkilatın daxili işlərinə qarışmaq niyyətində deyilik. Ancaq hesab edirik ki, gec-tez partiyanın fəaliyyətinə qiyməti xalqımız verəcək. Hesab edirik ki, münasibətlər sivil formada olmalıdır.




























































































