Suriyada İŞİD kürdləri qırır, Türkiyədə isə kürd separatçıları ölkəni bir-birinə qarışdırır. Niyə İŞİD-in törətdikləri cinayətin bədəllərini Türkiyə ödəməlidir?
Bu və bundan doğan digər suallara Ədalət
Partiyasının sədr müavini Heydər Oğuz cavab verir.
-Sizin bu sualınız ərtafında düşündükcə ABŞ
Prezidenti Barak Obamanın Türkiyə səfəri zamanı söylədiyi tarixi bir nitq
yadıma düşür. O zaman Obama demişdi ki, Türkiyə bir tərəfdən baxanda mədəniyyətlərin
ayrılması nöqtəsi kimi görünür, bir başqa baxımdan isə o, mədəniyyətlərin
qovuşma nöqtəsidir. Açığını desəm, o zamana qədər eşitmədiyim bu sözlər Türkiyənin
həqiqi geopolitik qiymətidir. Bu ölkənin mədəniyyətlərin qovuşma və ya ayrılma
nöqtəsi olması ona hansı bucaqdan baxmağa bağlıdır. Beynəlxalq güclər arasında sülh
şəraiti olanda Türkiyə də özünün ən güclü inkişaf dövrünü yaşayır. Beynəlxalq
güc mərkəzləri bir-biriylə vuruşanda isə onun ilk zərbəsi yenə Türkiyəyə dəyir.
Bu gün qardaş ölkədə yaşananlar da məhz həmin mübarizənin nəticələridir və bu
yalnız Suriya ilə bağlı deyil. İstər Balkanlarda, istər Yaxın Şərqdə, istərsə də
Qafqaz və Orta Asiyada baş verən hər hansı hadisə öz mislinə görə rəsmi
Ankarada da müəyyən dalğalanmalar yaradır. Bunun iki başlıca səbəbi var. Səbəblərdən
biri böyük bir imperiyanın sələfi olan bu dövləti sözügedən coğrafiyalara
bağlayan tarixi yaddaşdır. Həmin coğrafiyalarda xoşa gəlməz hadisə baş verəndə
bu yaddaş istər-istəməz oyanır. Millət yaşananlardan ciddi narahatlıq keçirir,
öz tarixi torpaqlarını bu şəkildə görmək istəmir, hadisələrə müdaxilə etmək
üçün, kobud desək, zincir gəmirir. Digər bir məqam həmin coğrafiyalarda yaşayan
insanların Türkiyə əhalisiylə bağlayan etnik tellərdir. Bilirsiniz ki, bu ölkə
etnik bir mozaikaya bənzəyir. Tarixən çoxmillətli və çoxdinli Osmanlı dövlətinin
varisi olan Türkiyədə müxtəlif milli mənsubiyyətlərə malik insanlar yaşayır. Bu
insanların keçmiş imperiyanın sərhədləri daxilində qalan doğmaları var. Onların
başına bir iş gələndə istər-stəməz Türkiyədə də bunun təsirləri ortaya çıxır.
Hazırda qardaş ölkədə yaşananlar çox üzücü hadisələrdir. Fəqət bunu normal
qarşılamaq lazımdır. Hər bir ölkənin özünə görə bir çəkisi və hədəfləri var. Çəki
və hədəf böyüdükcə ödənən bədəllər də çoxalır. Heç kəs bu bədəlləri ödəmədən öz
həqiqi qiymətini ala bilməz. Türkiyə də layiq olduğu dəyərə qovuşmaq üçün bədəl
ödəyir.
-Yəni hesab edirsiniz ki, ərəb bir kürdün başını kəsəndə
bunun bədəlini Türkiyə ödəməlidir? Burda məntiq hardadır?
-Bilirsinizmi, beynəlxalq təsir gücünə görə dövlətlər
bir neçə kataqoriyaya bölünür-super dövlətlər, böyük dövlətlər, regional dövlətlər,
kiçik dövlətlər. Kiçik dövlətdən regional dövlətə çevrilmək üçün ətrafında olan
ölkələrlə təmas halında olmalısan. Onun qayğılarıyla yaşamalı, dərdlərini çözmək
üçün boynuna məsliyyət götürməlisən. Regional dövlətdən sonra böyük dövlət
olmaq potensialı hədəfə çevrilir. Bu zaman dünyanın bir sıra ölkələrinin
yükünün altına çiynini verməlisən. Super dövlət isə bütün dünyanın dərdiylə
yüklənir. Türkiyə bir zamanlar kiçik dövlət idi. Ətrafında olan bütün ölkələrə
qapısını bağlamış, bütün qonşularıyla problem yaşayırdı. Sovet təhlükəsi onu
NATO-yla əməkdaşlığa getməyə məcbur etdi, bir növ regional qalxan rolunu üstlənməsini
şərtləndirdi. Ətrafdakı ölkələrlə SSRİ arasında sipərə çevrildi. Bu öhdəlik
onun qarşısında regional məsuliyyət yaratdı. SSRİ dağıldıqdan sonra Balkanlarda,
Yaxın Şərqdə, Qafqazlarda baş verən hadisələr Türkiyənin daha böyük hədəflərini
formalaşdırıdı və beləcə bu ölkə böyük dövlət olmaq mərhələsinə qədəm qoydu. Əslində
Türkiyə bütün bu yüksəliş mərhələlərini də özbaşına keçmədi, sadəcə keçməyə məhkum
idi. Əks halda özü kiçik dövlət kimi qalar və böyüklərin yeminə çevrilərdi. Bir
də onun milli tərkibinin müxtəlif etnoslardan təşkil olunması bu cür yüksəlişini
tələb edirdi. Qısası, Türkiyə bəzi regional və qlobal sifarişlərin, həmçinin
daxili enerjisinin tələbləriylə bu yola atılıb və istər-istəməz də ayaqları yol
daşlarına dəyir. İstənilən yola çıxdığın zaman ayağına daş-kəssəyin dəyməsini
gözə almalısan. Əks halda oturduğun yerdə qalar və məhv olarsan. İki yüksəliş mərhələsinin
arasında qalan Türkiyənin öz missiyasından boyun qaçırmaq şansı yoxdur. Sizin
dediyiniz kimi bir ərəbin bir kürdü cəzalandırması yalnız bu ikisinin
arasındakı məsələ ola bilməz. Regionda baş verənlərdən məsuliyyət daşıyan böyüklər
var və bu dalaş onların da problemidir. Türkiyənin öz böyüklük missiyasını
yerinə yetirməməsi ona bənzəyir ki, bir müəllim öz şagirdlərinin savaşdığını
görüb qaçıb gizlənir, onların bir-birinə atdığı şillə “mənə dəyər”-deyib öz
canını düşünür. Belə bir müəllimi nə şagirdlər sayar, nə də valideynlər.
Regionun müəllimi kimi Türkiyə də üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yoxsa
etibarını itirər.
-Amma məsələ burasındadır ki, Yaxın Şərqin “böyük”ləri
böyüklük etmirlər. Əksinə bu coğrafiyanın uşaqlarını savaşdıran da elə həmin “böyük”lərdir.
-Haqlısınız. Amma dünyanın dəyişilməyən bir
qanunauyğunluğu var-böyük böyüklük etməyi bacardığı müddətcə böyük olur. Bunu bacarmayanda
böyüklükdən düşür. Necə ki, bu gün taleyin böyük lütfkarlıqla böyüklük nəsib
etdiyi ABŞ öz missiyasını yerinə yetirə, müxtəlif tərəflərə eyni gözlə baxa
bilmədi. Nəticədə hara getdisə qan-qadayla rastlaşdı. Əvvəl özü qan tökdü. Sonra
boğaza yığılan müstəmləkələr canlarıyla, qanlarıyla dirəniş göstərməyə
başladılar. O öz avtoritar gücünü itirdikcə, boşluqdan yararlanan Rusiya kimi
ölkələr özünü toparlaya bildi və yaranan boşluğu doldurmağa başladılar. Təsadüfu
deyil ki, bir vaxtlar ayaq üstə dura bilməyən Rusiya indi onunla kəllə-kəlləyə
gəlməyə çalışır. ABŞ öz ənənəvi siyasətindən kənara çəkilmədikcə bu proses daha
da güclənəcək və gedişat onun daha artıq zəifləməsiylə nəticələnəcək.
-Siz doğrudanmı bu dediyinizə inanırsınız? Bu gün
dünyanın ən möhtəşəm gücü ABŞ-dır. İqtisadiyyatıyla, hərbi qüdrətiylə,
intellektual potensialıyla planetimizə hökm edən bir dövlət necə tənəzzül
yaşaya bilər?
-Təbii ki yaşayar. Ümumiyyətlə tarix boyu mövcud
olan bütün imperiyaların aqibətinə nəzər salanda görürük ki, onların hamısı
özünün ən möhtəşəm çağlarında tənəzzül yaşayıblar. İnsanlığa hökm etmək
ehtirası onların dünyaya yayılmağa təşviq etmiş və sonda məhvinə səbəb
olmuşdur. Mən Süleyman peyğəmbərin hökm etdiyi imperiyanın hansı səbəbdən çökməsiylə
maraqlananda təəccüblənmişdim. Vətəndaşlarının peyğəmbər kimi baxdığı Süleyman
taxtı belə onun ölümündən sonra baş alıb gedən haqsızlıqlardan dolayı dağıldı. Haqsızlıq
və yayılma strategiyası bir hakimiyyətin, istər kiçik dövlət, istərsə də imperiya
olsun, ən böyük düşmənidir. Peyğəmbərin belə möhtəşəm hesab olunan imperiyası
çökürsə, Corc Buşun, Obamanın Amerikası niyə dağılmasın?
-Bəs onun yerinə hansı qüvvələr çıxa bilər?
-Hər hansı qlobal hərəkətlənmələr istər-istəməz
geopolitik balansı dəyişdirir. Hesab edirəm ki, təkqütblü dünyada avtoritar
boşluq yarananda onun yerini iqtisadi, hərbi cəhətdən ona yaxın ölkələr alırlar.
ABŞ-a iqtisadi cəhətdən olmasa da hərbi cəhətdən yaxın olan güclərdən biri
Rusiyadır. Çin də yəqin ki, öz gücünü artıracaq və ön plana çıxacaq. Dünyada
bundan sonra tək super güc olmayacaq. Çox qütblülük hökm sürəcək. Avropa ölkələrindən
bəziləri də geopolitik balansda öz çəkilərini artıracaqlar. Super gücə çevrilməsə
belə gücünü və təsir imkanlarını artıran ölkələrdən biri də Türkiyə olacaq. O regional
gücdən böyük gücə çevriləcək. Sözsüz ki, Türkiyənin güc qazanmasıyla biz də bir addım qabağa gedib Qafqazın
aparıcı ölkələrindən birinə çevriləcəyik. Bu perspektiv rəsmi Ankaranın
aktivliyindən və böhranı idarə etmək qabiliyyətindən asılı olacaq. Düzünü desəm,
nə qədər tərəddüdlərimə səbəb olsa da Ərdoğan kimi ötkəm bir adamın indiki anda
Türkiyəyə rəhbərlik etməsini ölkənin şansı hesab edirəm.
-Doğrudanmı? Halbuki bəzi status və yazılarınızdan sizi
Ərdoğanın siyasətiylə razılaşmayan biri kimi tanıyırdım.
-Bayaq dedim axı, müəyyən tərəddüdlərim var. Güclü
liderlər adətən vətəndaş iradəsini məhdudlaşdırırlar. Bütün diktaturalar da məhz
güclü lider sindromundan yaranır. Bununla belə Türkiyənin indiki mərhələdə
populist addımlar atmaq məcburiyyətində qalmayan güclü liderə ehtiyacı var. Düşünürəm
ki, demokratik ənənələri mənimsəyən bu ölkə Ərdoğanın siyasi xarakterindən mənfi
yöndə təsirlənməycək, bu çətin mərhələni daha asanlıqla həyata keçirə bilər.
-Bir sıra siyasətçilər belə hesab edirlər ki,
Türkiyədə yaşanan bu iğtişaşların səbəbi hakimiyyətin uğursuz xarici siyasətiylə
bağlıdır. Onların fikrincə, nəyin bahasına olursa-olsun, Əsəd rejimini yıxmaq
istəyən rəsmi Ankara kimliyinə baxmadan müxalif qüvvələri silah-sursatla təmin
etmiş, onun sosial bazasının Suriyaya keçməsinə izn vermişdir. İndi də beynəlxalq
koalisiya İŞİD-i məhv etmək istədiyi bir zamanda müxtəlif bəhanələrlə buna mane
olmaq istəyir.
-Hər bir dövlətin öz maraqlarından qaynaqlanan geopolitik
siyasətləri var və olmalıdır da. Türkiyənin də yəqin ki, İŞİD və Bəşər rejimiylə
bağlı müəyyən siyasəti mövcuddur. Bu siysasətin detallarını bəlkə heç Türkiyənin
nazirləri də bilmirlər. Mənim bu siyasətə şərh verməyim yersiz olardı. Sadəcə
onu demək istəyirəm ki, belə bir iddia ABŞ-ın vitse-prezidenti tərəfindən də
dilə gətirilmişdi. Daha sonra Ərdoğanın sərt təpki göstərməsi nəticəsində Co
Bayden üzr istədi. Sözsüz ki, bu üzr diplomatik nəzakətdən qaynaqlana və faktı
təkzib etməyə bilər. Amma rəsmi Ankaranın ortaya qoyduğu mövqe var. Türkiyənin
yeni baş naziri koalisiya güclərinin İŞİD planına dəstək verilməsinin şərtlərini
açıqlayıb. Bu şərtlər kifayət qədər əsaslıdır. Baş nazir deyir ki, koalisiya qüvvələrinin hadisəyə müdaxiləsi şərtinə
yalnız İŞİD-in məhvi yox, həm də Əsəd rejiminin devrilməsi də daxil edilməlidir.
Çünki vəziyyəti bu hala gətirən qeyri-demokratik rejimdir. Nə qədər ki bu rejim
ayaqdadır, sadəcə İŞİD-ə qarşı mübarizə aparmaq bataqlığı qurutmadan ağcaqanad
öldürməyə bənzəyəcək. Davudoğlu ona görə haqlıdır ki, Türkiyəylə Suriya iki
qonşu ölkədir. Bölgədən çox-çox kənarda yerləşən ABŞ üçün coğrafiyanın problemləri
əhəmiyyətsiz ola bilər. O, sadəcə İŞİD-i məhv etməklə işini tamamlamağı hədəfləyir.
Halbuki, İŞİD yox olacaq, yerində başqa bir İŞİD törəyəcək. Lazımdır ki, məsələ
kökündən həll olunsun. Belə görünür ki, ABŞ bunu istəmir. O, keçici tədbirlərlə
vəziyyətdən çıxmaq istəyir. Türkiyə isə problemin kökündən həllində maraqlıdır.
-Niyə Amerika Bəşər Əsəd rejimini devirmək istəməsin?
Bu zamana qədər onu devirməkdə israr edən Amerika deyildimi?
-Bunu bir neçə amillə izah etmək olar. Əvvəla, ABŞ
uzun sürən Suriya konflikti zamanı gördü ki, Əsəd rejimi getsə, onun yerinə
daha dəhşətli bir qüvvə gələcək. Bu qüvvənin sabah İsraillə necə yola gedəcəyi
müəmmalıdır. Çünki İsrail öz militarist siyasətilə bütün müsəlman dünyasını
bezdirib. Bu gün məzhəb savaşlarıyla onların başını aldatmaq olar. Məhzəb
savaşları belə bölgədə ciddi narazılıqlar yaradır və İŞİD-in sosial bazası tükənir.
Sabah qanı tökülən müsəlmanlar bu zülmü onların başına gətirənlərə qarşı birləşə
bilərlər. Hədəf olaraq isə İsrail seçilər. Nəzarət olunmayan coğrafiya isə hər
cür təxribatlara açıqdır. Üstəlik, İŞİD də get-gedə nəzarət çıxır. Odur ki,
dövlət şüuru olmayan düşməndənsə dövlət ciddiyyəti olan düşmənə üstünlük verilən
ABŞ İŞİD-ə qarşı Əsəd rejimiylə də müəyyən əməkdaşlığa getmək istəyir. Türkiyə
də təbii olaraq bundan narahatdır. ABŞ-ın İŞİD-ə qarşı siyasətinin bir başqa hədəfi
müsəlman dünyasından aldadılaraq buraya gətirilən müsəlmanların qırmaq olsa da
onları tam məhv etməkdən söhbət getmir. Sadəcə Kobani qəsəbəsini İŞİD-çilərdən
təmizləmək məqsədi güdülür. Mümkündür ki, Kobanidən uzaqlaşdırılan İŞİD-çilərin
İraq və Suriyanın müxtəlif yerlərində hegemonluğuna şərait yaradılsın.
Bəzən adamın
ağlına belə bir fikir gəlir-sanki, beynəlxalq imperializm, başda ABŞ olmaqla,
öz regional strategiyalarını qarantiya altına almaq üçün məkrli siyasət
yürüdür. Müstəmləkə halına gətirilən bölgələrdə narazı kəsimi müxtəlif vasitələrlə
özləri və müttəfiqləri tərəfindən yaradılan islamçı qüvvələrin ətrafında birləşdirib
İraq və Suriyaya aparırlar. Onlar həmin coğrafiyadakı dövlət sərvətlərindən nəsibini
almamış insanları qırır və bununla da həm bu ölkələrin narazılarını sıradan
çıxarırlar, həm də özləri ABŞ-ın bombardımanlarının hədəfinə çevrilirlər.
Məşhur bir söz var, deyir, ən yaxşı narazı ölü
narazıdır. Ona görə ki, narazı kütlə qurulan bütün düzənlərin ən böyük düşmənləri
sayılırlar. Tarix boyu səltənətləri yıxıb yenisini quran da məhz bu kütlə olub.
Bu kütlə yox olacağı təqdirdə yalnız imperializm öz regional dayaqlarını
mühafizə edə bilər. Düşünürəm ki, Yaxın Şərqin hərbi poliqona çevrilməsinin
başlıca məqsədi məhz budur.
-Deyirsiniz ki, Türkiyənin İŞİD-ə qarşı yaradılan
beynəlxalq koalisiyaya qoşulmamasının anti-demokratik Suriyanı istəməməsidir. Bəs,
həmin Türkiyə nə yaxşı anti-demokratik rəsmi Bakıyla hər cür əməkdaşlıq edir?
-Bunu mən yox, cənab Davudoğlu deyir. Onun bu barədə
nə düşündüyünü bilmədiyimə görə sizin suala cavab verməkdə çətinlik çəkirəm.
































































































