Bu günlərdə dünyanın əsas diqqət mərkəzi İsveçrənin Davos şəhərinə yönəlib. Ənənəvi olaraq keçirilən Davos Forumuna bu il daha çox maraq müşahidə edilir. Bunun başlıca səbəblərindən biri isə 2015-ci ilin sonlarından qlobal səviyyədə yaşanan iqtisadi vıə maliyyə böhranıdır. Bu böhrandan az və ya çox dərəcədə əziyyət çəkən dövlətlər Davos Forumunun imkanlarından istifadə edərək xarici sərmayədarları öz ölkələrinə cəlb etmək, onlarla səmərəli əməkdaşlıq qurmaq istiqamətində müxtəlif görüşlər keçirirlər. Məlum olduğu kimi Davos Forumunda iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də dəvət gəlib və dövlət başçısı həmin dəvəti dəyərləndirərək İsveçrəyə səfər edib. Kütləvi informasiya vasitələrinin də verdiyi məlumata görə, Azərbaycan Prezidenti Davos Forumu çərçivəsində bir sıra mühüm görüşlər keçirib, danışıqlar aparıb. Dövlət başçısının Davos Forumunda iştirakı, eləcə də forum çərçivəsində keçirdiyi görüşlər birmənalı olaraq yüksək qiymətləndirilir və bu görüşlərin ölkəmiz üçün yeni-yeni imkanlar yaradacağı bildirilir. Elə millət vəkili Azər Badamov da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Azər Badamov ümumilikdə Davos Forumunun əhəmiyyətindən də söhbət açıb.
Beləliklə, Moderator.az müsahibəni təqdim edir:
-Azər müəllim, məlum olduğu kimi bu günlərdə İsveçrənin Davos şəhərində məşhur Davos Forumu keçirilir və həmin forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir. Azərbaycanın belə bir mötəbər tədbirdə iştirakını necə dəyərləndirirsiniz?
-Azərbaycanın Beynəlxalq Davos Forumunda iştirakını müsbət dəyərləndirirəm. Azərbaycan artıq onuncu dəfədir ki, mütəmadi olaraq Davos Forumunda iştirak edir. İştirak etdiyimiz hər yeni Davos Forumu ölkəmizin iqtisadiyyatına nə isə bir yenilik gətirir. Çünki, Davosda böyük iqtisadiyyatları olan ölkələr, şirkətlər iştirak edir. Ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq və qeyri-neft sektorunu inkişaf etdirmək istəyən ölkələrə dünya təcrübəsini öyrənmək üçün Davos Forumu yaxşı fürsətdir.
-Bildiyimiz kimi 1995-ci ildən Azərbaycan bu forumlara qatılır. Ölkəmiz bu istiqamətdə hansı dividentlər əldə edib?
Bəli. Bu il İsveçrənin Davos şəhərində sayca 49-cu Forum keçirilir. Davos Forumunda dünyanın ayrı-ayrı kontinentlərindən dövlət başçıları və hökumət üzvüləri, böyük beynəlxalq şirkətlərin rəhbərləri, iş adamları iştirak edir. Davosda dünyanı düşündürən qlobal iqtisadi problemlər müzakirə olunur. Ölkələr gələcək iqtisadi inkişafını necə qurmalıdır sualına cavablar alınır. Dünya iqtisadi böhranlarını yaradan səbəblər araşdırılır və aradan qaldırmaq üçün istiqamətlər müəyyənləşdirilir. Belə bir mötəbər tədbirdə Azərbaycanın prezdent səviyyəsində iştirakı ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Birincisi, Azərbaycan iqtisadiyyatın inkişafının yeni istiqamətlərini müəyyənləşdirib, Strateji Yol Xəritələri təsdiq olunmuşdur. Ölkədə qeyri-neft sektorun inkişaf etdirilməsi üçün iqtisadiyyatımıza milyardlarla xarici investisya cəlb olunmalıdır. Bunun üçün Davos Forumu beynəlxalq korporasiyaların rəhbərləri ilə görüşlər keçirmək və onlarla ölkəmizin iqtisadi imkanlarını müzakirə etməyə əvəz olunmaz məkandır. İkincisi isə Davos Forumu siyasi problemləri müzakirə etməyə bir platformadır. Cənab prezdent hər forum çərçivəsində 30 -dan çox görüş keçirir və bu ilki Davos İqtisadi Forumunda 20-dən çox görüş keçirmişdir. Hər bir görüşdə Qarabağ problemimiz müzakirə olunur. Dövlət başçıları və hökumət üzvüləri ilə görüşlər zamanı erməni vandalistlərin ölkəmizə qarşı törətdikləri cinayətlər, torpaqlarımızın işğal olunduğu, ölkənin ərazi bütövlüyünü beynəlxalq hüquq normalarına uyğun təmin etməyin Azərbaycanın ən birinci məqsədi olduğu, BMT qətnamələrinin uzun illər yerinə yetirilməməsi haqqında danışılır . Davos Forumu əməkdaşlığa yeni dostların tapılması üçün bir imkandır. Dünyada bizi dəstəkləyən ölkələr nə qədər çox olarsa, bizi düşündürən beynəlxalq problemlər də bir o qədər tez öz həllini tapar.
-Sizcə, Davos Forumu Azərbaycanın əlverişlıi sərmayə mühitinin dünyaya daha yaxından tanıdılması baxımından müstəsna əhəmiyyət kəsb edə bilərmi?
-Azərbaycan qeyri - neft sənayesi istiqamətində böyük potensiala malik ölkədir. Təbiətin 12 iqlim qurşağından 9-u məhz ölkəmizdədir. Ölkəmiz böyük təbii ehtiyatlara malikdir. Bir çox ölkələrdən fərqli olaraq ölkəmizdə yüksək siyasi sabitlik təmin olunmuşdur. Həm də ölkəmizdə sərmayələrin yerləşdirilməsi üçün sərmayədarları razı salan qanunvericilik bazası formalaşıb və dövlət hər cürə dəstək verməyə hazırdır. Bütün bunları biz təmin etmişik. Amma biz bunları təqdim etməsək, tanıtmasaq kim bunu biləcək?. Ona görə də Davos İqtisadi Forumu ölkəmizdəki əlvərişli sərmayə mühitini təqdim etmək baxımından böyük əhəmiyyətə malikdir. Qeyd etmək istəyirəm ki, görüşlər zamanı artıq bir sıra korporasiyaların rəhbərləri Azərbaycana sərmayə qoymaq istəklərini ifadə edirlər.
-Qeyd etdiyiniz kimi Davosa səfəri çərçivəsində prezidentin 20-yə yaxın görüşləri nəzərdə tutulub və əsas etibarilə bu görüşlər iqtisadi sahələri əhatə edir. Mövcud qlobal iqtisadi böhran fonunda bu kimi görüşlərin Azərbaycan üçün hansı faydaları var?
- Azərbaycan iqtisadiyyatı uzun illər neft gəlirləri üzərində formalaşmışdı. Bizim ayrı yolumuz da yox idi. Çünki, müstəqilliyimizin ilk illərində büdcəmizdə maliyyə vəsaiti yox idi. İqtisadiyyatı qurmaq üçün isə maliyyə vacibdir. Ona görə də biz neft sənayesini inkişaf etdirdik və ölkəmizin gələcək inkişafını təmin edə biləcək iqtisadi baza formalaşdırdıq. İndi isə neftin qiyməti kəskin aşağı düşüb və neftlə formalaşan ölkələr iqtisadi çətinliklərlə üzləşmişdir. Azərbaycan isə operativ olaraq iqtisadi islahatlara start verdi və qeyri-neft iqtisadiyyatının inkiaşafı istiqamətində gələcəyə hesablanmış konturlar cızaraq istiqamətlər müəyyənləşdirdi. Artıq ölkəmizdə iqtisadi layihələrin icrasına start verilmişdir. Sənaye zonaları, sənaye məhəllələri, aqroparkların yaradılması və kənd təsərrüfatının, valyuta gətirə biləcək ənənəvi sahələrin dirçəldilməsi istiqamətində böyük işlər həyata keçirilir. Bütün bu imkanlarımızı, xüsusilə yeni ixrac bazarlarının müəyyən olumasında Davos İqtisadi Forumunun Azərbaycan üçün böyük faydası olacaqdır. Düşünürəm ki, istehsalın ixrac olunması milli valyutamıza sabitlik gətirəcək və iqtisadi çətinliyin aradan qaldırılmasında həlledici rola malik olacaqdır.


































































































