Quba-Xınalıq yolunda intensiv yağışlar yenidən fəsadlar törədib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, avqustun 31-də əraziyə düşən güclü yağışlar Qudyalçayda suyun səviyyəsini artırıb, nəticədə yolun Quba istiqamətindən gedən hissəsinin sol çiynini yuyub aparıb.
Quba 5 saylı Yol İstismar İdarəsinin əməkdaşları yolda nəqliyyat vasitələrinin təhlükəsizliyini tənzimləmək üçün ərazidə uzunluğu 5 metr, dərinliyi 1metr 85 sm, eni 1metr 20 sm olan istinad divarı inşa edib.
Məlumata görə, iyul ayında yolun 30-cu km-də baş vermiş sürüşmənin nəticələrini isə tam aradan qaldırmaq mümkün olmayıb.
Çünki hündür massivdən düşən ağırtonnajlı qaya parçası yola düşdüyündən və hələ oradan götürmək mümkün olmadığından bu hissədə hərəkət çətinləşib. Yol təsərrüfatı işçiləri yolda hərəkətin dayanmamasına ciddi nəzarət edirlər.
Yağıntılar intensivləşdikcə fəsadların daha da aracağı isə istisna edilmir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
































































































