Elbrus dağında faciəvi şəkildə həlak olan 11 yaşlı məktəbli ilə bağlı yeni təfərrüatlar məlum olub.
Bizim.Media xəbər verir ki, Stavropol diyarından olan uşaq məktəbində nümunəvi şagird kimi tanınıb.
Yaşıdları yay tətilini nənə və babalarının yanında keçirərkən, o, atası ilə birlikdə Elbrusa qalxmağa hazırlaşırdı. İdmançı ailə ətrafdakılar tərəfindən nümunə göstərilsə də, növbəti yürüş faciə ilə nəticələnib.
Məlumata görə, 40 yaşlı ata və 11 yaşlı oğlu Elbrusun şərq zirvəsinə qalxarkən 4 200 metr yüksəklikdə uçuruma yuvarlanıblar. Bu yürüş onların ötən il əlverişsiz hava şəraitinə görə yarımçıq qalan cəhdinin təkrarı olub.
Nəticədə məktəbli hadisə yerində həlak olub. Atası isə sağ qalsa da, qabırğa və ayaq sınıqları alaraq ağır xəsarət yetirib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus axtarış-xilasetmə dəstəsinin məlumatına görə, hadisə yerinə 12 xilasedici göndərilib. Pis hava şəraiti axtarış-xilasetmə əməliyyatını çətinləşdirsə də, xilasedicilər alpinistlərin olduğu əraziyə çata biliblər.
Bildirilib ki, ata və oğul marşrut üzrə rəsmi qeydiyyatdan keçmədən dağa qalxıblar. Mütəxəssislərin sözlərinə görə, qeydiyyat aparılsaydı, azyaşlı uşağın bu yürüşə buraxılması mümkün olmazdı.
Rusiya FHN daha sonra açıqlayıb ki, xilasedicilər helikopterin köməyi ilə yaralı alpinisti və həlak olan 11 yaşlı oğlunun meyitini Elbrusun yamacından Terskol qəsəbəsinə təxliyə ediblər. Yaralı ata həkimlərə təhvil verilib.
Bizim.Media






































































































