İtaliyada faşizmdən azad olunma günü münasibətilə keçirilən yürüşdə Ukrayna bayraqları qalmaqala səbəb olub.
Bizim.Media xəbər verir ki, hadisə aprelin 25-də Romada keçirilən antifaşist yürüş zamanı baş verib.
“La Repubblica”ya istinadən yayılan məlumata görə, yürüşün əvvəlində sol radikal “Cambiare Rotta” təşkilatının fəalları “+Europa” və “Radicali Italiani” hərəkatlarının nümayəndələrinə hücum ediblər. Həmin şəxslər aksiyaya Fələstin və Ukrayna simvolları ilə qatılıblar.
Məlumata görə, hücum edənlər Kiyev hakimiyyətini “nasist rejimi” adlandırıb, iştirakçıların əlindən Ukrayna bayraqlarını almağa çalışıb və “Faşistləri yürüşdən uzaqlaşdırın!” şüarları səsləndiriblər.
Ukraynanı dəstəkləyən aksiya iştirakçılarına qarşı bibər qazından da istifadə edildiyi bildirilir. Nəticədə vəziyyət qısa müddətdə kütləvi davaya çevrilib.
Qeyd edək ki, İtaliyada hər il aprelin 25-i faşizmdən və nasist işğalından azad olunma günü kimi qeyd edilir. Bu gün münasibətilə ölkənin müxtəlif şəhərlərində yürüşlər və anım tədbirləri keçirilir.
Bizim.Media
































































































