Tehranı aciz edən FAKTLAR: Narkotrafikin sübutları - VİDEO 

Hazırda oxunan: Tehranı aciz edən FAKTLAR: Narkotrafikin sübutları - VİDEO 

42585

İran-Azərbaycan münasibətlərində son dövrdə baş verən hadisələr göstərdi ki, İranın onilliklər boyu bölgədə yürütdüyü ikibaşlı siyasətlə bağlı Azərbaycanın deməyə çox sözü var. 

Bizim.Media xəbər verir ki, bu fikirlər “Azad İran”ın hazırladığı məqalədə yer alıb. 

Yazıda qeyd olunub ki, səbrin də bir həddi var: “Azərbaycan İranın haqqında çox danışıb əməldə riayət etmədiyi mehriban qonşuluq prinsipləri naminə indiyə qədər çox şeyin, necə deyərlər, üstünü vurmayıb. 
 

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasındakı çıxışında işğal dövründə İranın Ermənistanla birgə göstərdiyi bəzi fəaliyyətlərdən danışıb, o cümlədən, narkotik tranziti ilə bağlı məsələyə toxunaraq deyib: 


“Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.

Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”. 

Azərbaycan Prezidentinin bu açıqlaması İranda sözün həqiqi mənasında şok effekti yaradıb və əməlli-başlı çaşqınlıq doğurub. İran rəsmiləri ötən günlərdə verdiyi cavablar və şərhlərlə özlərini təmizə çıxartmağa çalışıblar. 

İran rəsmiləri ilk növbədə bildiriblər ki, İran narkotik qaçaqmalçılığına qarşı ciddi-cəhdlə mübarizə aparır, bu yolda çoxlu itkilər verib, ölkənin bu sahədə fəaliyyəti beynəlxalq qurumlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən təqdir olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Tehranın daha bir mollasından Azərbaycanla bağlı sərsəm açıqlama


Lakin onlar nə üçünsə İranın dünyada narkotik qaçaqmalçılığı sahəsindəki “xidmətləri” barədə beynəlxalq aləmdə deyilənlərin üzərindən sükutla keçiblər. Halbuki hələ 2009-cu ildə BMT müfəttişlərinin məxfi hesabatlarında İran narkotik maddələrin Avropaya daşınmasında əsas rol oynayan bir ölkə kimi göstərilmişdi, bunun üçün Azərbaycan ərazisindən, yəni Ermənistan tərəfindən işğal edilmiş torpaqlardan istifadə olunduğu vurğulanmışdı.

Sonradan həmin məxfi məlumatlar “Vikiliks” sənədlərində yer almış, eləcə də Almaniyanın nüfuzlu “Di Velt” qəzeti bu barədə məqalə dərc etmişdi. 2008-ci ilə aid bir sənəddə İrandan çıxan heroinin 95 %-nin Avropaya çatdığı bildirilirdi. 
 

İranda narkotik qaçaqmalçılığının İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni SEPAH-ın nəzarətində olduğu, onun əsas gəlir mənbələrindən birini təşkil etdiyi də beynəlxalq sənədlərdə və mediada dəfələrlə qeyd olunub.  


İran rəsmilərinin İlham Əliyevin dedikləri ilə bağlı ikinci iddiası bundan ibarətdir ki, guya Azərbaycan Prezidentinə düzgün məlumat verilməyib. Halbuki İlham Əliyevin öz fikrini işğal dövründəki statistika ilə müqayisədə təqdim etməsi bu tezisin konkret təhlilə əsaslandığını göstərməkdədir.  

Bir faktı qeyd edək: təqribən bir ay öncə Biləsuvar postunda Azərbaycan gömrükçüləri “kimyəvi maddə və quruducu qatqı” adı altında İrandan Latviyaya aparılan 527 kiloqram, yəni yarım tondan çox maye heroin aşkar etmişdilər.  

İlham Əliyevin məntiqli çıxışı önündə aciz qalan İran rəsmilərinin irəli sürdüyü bir fikir də budur ki, niyə Azərbaycan bunu indi deməyə başlayıb. Yəni bu məsələni hansısa kənar təsirlə bağlamağa çalışırlar. Halbuki elə həmin çıxışında Azərbaycan Prezidenti deyib:
 

“Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Bu gün bu, sübut edilmiş faktdır”. 


Görünür, o vaxtlar İran tərəfinin başı “işə” elə qarışıbmış ki, həmin bəyanatları eşitməyib və indi onları ilk dəfə eşidirmiş kimi qavrayır.  

Bütün bunlardan aydın olur ki, ötən illər ərzində İran və Ermənistan təkcə iqtisadi partnyor və siyasi müttəfiq deyil, həm də narkoticarət tərəfdaşları olmuşlar. 

İran tərəfi Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında İranla bağlı səsləndirdiyi digər fikirləri unutmamalıdır.  

Prezident bildirmişdi ki, işğal edilən ərazilərdəki evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb. 

Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb, bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. 

Daha ətraflı məlumatı videodan əldə edə bilərsiniz: 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO