“Elə oyna ki, şitini çıxartmayasan” - Əməkdar artist Məsmə Aslanqızı 

Hazırda oxunan: “Elə oyna ki, şitini çıxartmayasan” - Əməkdar artist Məsmə Aslanqızı 

74780

 “Pandemiyadan əvvəl “Tərəqqi” medalına layiq görülmüşəm. Ondan sonra isə Prezident Mükafatını qazandım. O mükafatı birinci il deyil ki, alıram. 2007-ci ildən bu mükafatı alıram. Hər il sözügedən mükafat təsdiqlənirdi. Sadəcə olaraq, arada fasilə verildi. Yeni qanuna əsasən hər aktyor bu mükafatı üç il müddətində alacaq. Üç ildən sonra isə bir müddət dayandırılacaq. Əgər bir aktyor işinə görə bu mükafata layiq görüləcəksə, yenidən həmin mükafatı alacaq. Bu mükafat bizim maddi tərəfdən çox əlimizdən tutur. Həm də bizə yeni yaradıclıq işləri görməyə stimul verir”.  

Bu sözləri Əməkdar artist Məsmə Aslanqızı Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Uzun müddətdir verilişlərə çıxmayan sənətçi, bunun səbəbini zamanının az olması ilə əlaqələndirib:

“Sonuncu dəfə “Almaz” tamaşasında çıxış etmişəm. Ondan sonra eyni repertuardır. Zamanımın çox hissəsini evdə, uşaqlarımla keçirirəm. Dram Teatrında işlərim davam edir. Artıq 26 ildir ki, orada çalışıram. Repertuarda olan tamaşalarda çıxış edirəm. İşimə qarşı olduqca məsuliyyətliyəm. Televiziya ilə bağlı işlərimə gəldikdə isə uzun illərdir ki, mən bədii və sənədli filmlərin dublyajı ilə məşğul oluram. Dublyajla bağlı işlərimin əksər hissəsi “Xəzər” televiziyasındadır. “AzTV”də isə ən son “Diriliş Ertuğrul” serialında bir neçə obrazı səsləndirmişəm. Dublyaj çox sevdiyim işdir”.  

M.Aslanqızı daha sonra qeyd edib ki, bir neçə il əvvəl “MTV Azerbaijan” kanalında veriliş aparıb:

“Vaxtımı çox alırdı və teatrla bağlı işlərimi çatdıra bilmirəm. Bu səbəbdən ordan ayrıldım. Evdə də işim çox olur. Uşaqların dərsi ilə məşğul oluram, onlara vaxt ayıram. Bu, ana olaraq borcumdur”.  

Bir sıra sənətçilərin yalnız qonorarla verilişlərə qatılmasına da M.Aslanqızı belə münasibət bildirib:

“Məni hansısa verilişə dəvət edəndə pul təklif etməyiblər. Özüm də buna razı olmaram. Əgər hansısa verilişin tamaşaçısı üçün maraqlıyamsa, həmin verilişə getmək borcumdur. Bır ara məni 44 günlük Vətən Müharibəsindəki qələbə ilə bağlı proqramlara çağırdılar. Qələbə günündə Tovuza həm aktrisa, həm də şəhid qızı kimi dəvət aldım. Orada şəhid ailələrinin və qazilərin qarşısında çıxış etdim”.  

Serial çəkilişlərinə ara verən aktrisa, rejissorlara redaksiyamız vasitəsi ilə müraciət ünvanlayıb:

“Sonuncu dəfə mən bir seriala dəvət almışdım. Amma o zaman ikinci dəfə ana olmağa hazırlaşırdım. Serial çəkilişləri çox zaman alır və ağırdır. Bu ağır yükün isə altına o halda girə bilməzdim. Ona görə də həmin serialdan imtina etdim. İndi sizin redaksiyanız vasitəsi ilə də rejissorlara müraciət edirəm ki, mənə uyğun serial olsa, nəzərə alıb, dəvət etsinlər. Janrlarda isə fərq qoymuram. Amma komediyanı da elə oynamaq lazımdır ki, şitini çıxartmayasan”.  

Son zamanlar peşəkar aktyorlar blogerlərin bu sənətə əl qoymasına etiraz edirlər. Onlar qarşı tərəfi qeyri-peşəkarlıqda ittiham edib, eyni ekran işində rol almaqdan imtina edirlər. Bu məsələyə isə Əməkdar artist belə reaksiya verib: 

“Əgər o dediyiniz blogerlərin aktyorluq etməsi tamaşaçıda ikrah hiss yaratmırsa, buna normal baxıram. Qocaman aktyorlar blogerlərin serial və ya filmlərdə rol almasından narahatlıq hissi keçirirlər. Onlar deyirlər ki, biz artıq neçə illərdir ki, teatrda çalışırıq. Özümüzə görə, az-çox adımız-sanımız var. Biz gedirik çəkilişə, bizim rolumuzu ifa etmək zamanı isə filan vaxtdadır. Blogerlər 2-3 cümlə sözü arxa-arxaya deyə bilmirlər. Belə olan təqdirdə isə həmin səhnəni çəkmək üçün vaxt gedir. Onlara uyuşanda isə bizim də zamanımız çox gedir, ruhdan salır və özümüzə qarşı olan hörmətimizi azaldır. Yaxşı olar ki, blogerlər öz üzərlərində çalışsın”.  

Həmkarları çəkildikləri serial və filmlərdən qonorarın az olmasından şikayətlənsələr də, M.Aslanqızının bu qalmaqallı məsələyə münasibəti belə olub:

“Son işim isə rejissor Vaqif Mustafayevin ərsəyə gətirdiyi “Gedirəm insanları xilas etməyə” adlı film olub. Ulu öndərə həsr olunmuş bir əsərdi. Orada mən Heydər Əliyevin anasını canlandırmışam. Mənə təklif olunan qonorar çox yaxşı idi və yetərincə qanə edib”.

Müsahibənin sonunda isə aktrisa açıqlaması ilə təəccübləndirib:  

“Mən yeganə aktrisayam ki, “İnstagram”ım yoxdur. Bir tək “Facebook”da hesabım var. Orada 5-6 aydır ki, daxil olmuram. Heç bir seriala baxmıram. Çünki buna zamanım yoxdur”.  

Rəşad Əliyev, Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO