“Kamil Cəlilovun vəfat xəbərini indi eşitdim. Allah rəhmət eləsin. Böyük sənətkar idi”.
Bu fikirləri Bizim Media-a özəl açıqlamasında Xalq artisti, Milli Konservatoriyanın professoru Möhlət Müslümov deyib.
MÖVZU İLƏ BAĞLI:
Xalq artisti Kamil Cəlilov vəfat etdi
Ustad tarzən Kamil Cəlilovun sənətini yüksək qiymətləndirərək, sənət dostunu yad edib:
“Kamillə əvvəllər çəkilişlərdə, xüsusilə radioda musiqi nömrələrinin lent yazısı zamanı tez-tez görüşərdik. Yadımdadır, uzun illər əvvəl Alim Qasımovla “Simayi-Şəms” muğamını lentə yazmışdıq. Günlərin birində Kamil Cəlilov mənə zəng etdi:
“Simayi-Şəms”də etdiyin bir neçə xırdalıqlar yaman xoşuma gəlib. İstəyirəm ki, sənin tarda etdiyin xırdalıqları mən də qoboyda edim. Dedim ki, “Kamil müəllim, siz böyük sənətkarsınız. Siz bu sənətdə olanda hələ bizlər yox idik. Buyurun”. Rəhmətlik, mənim sənətimə böyük hörmətlə yanaşırdı. Təbii ki, hörmətimiz qarşılıqlı idi. Əvvəllər tez-tez zəngləşirdik. Son zamanlar xəstə idi.
Evdən çıxmırdı və telefon zənglərinə də çox cavab verə bilmirdi” deyən Möhlət Müslümov Kamil Cəlilova Allahdan rəhmət diləyib.
Qeyd edək ki, Prezidentin Fəxri Təqaüdçüsü, Xalq Artisti, “Şərəf” və “Şöhrət” ordenli qoboy ifaçısı Kamil Cəlilov fevralın 22-də 84 yaşında vəfat edib.
Bizim.Media